BURADA REKLAMINIZ OLA
BİLƏR

“Erməni müxalifəti ya qan tökməyə əl atacaq, ya da...” – SENSASİON AÇIQLAMA

Ermənistanda baş verənlərlə bağlı müxtəlif baxış bucaqlarını müşahidə edirik. Heç şübhəsiz ki, proseslər fors-major situasiyanın məhsulu deyil və  pərdə arxasında “suflyor”lar var. Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərlə geniş müsahibəmizdə İrəvanda baş verənlərdən, həmçinin digər vacib mövzulardan bəhs etdik:

 

- Sülhəddin bəy, Ermənistanda baş verənləri yığcam şəkildə necə təhlil edərdiniz?

 

- Ermənistanda baş verənlər gözlənilən idi. Birincisi, belə ağır məğlubiyyətə məruz istənilən ölkədə hökumətin istefasının tələb olunması təbiidir. Digər tərəfdən də, xalq tərəfindən seçilən hökumət başçısının işi düzgün təşkil etdiyi halda, öz hakimiyyətini necə qoruya biləcəyi də göz önündədir. Təbii ki, Paşinyana Rusiyanın münasibəti müharibədən öncə də  bəlli idi. Onun Qərbin, Sorosun dəstəyi ilə hakimiyyətə gəldiyi, Rusiyaya qarşı olduğu, Ermənistanı Qərbə yaxınlaşdırmaq istədiyi haqda fikirlər səsləndirilirdi. Bir sözlə, Moskvanın ona münasibəti mənfi idi. Müharibədə tutulan mövqeni də müəyyən mənada Paşinyanın cəzalandırılması kimi qiymətləndirənlər oldu. Bu qiymətləndirməni edənlər heç də haqsız deyil və burada təkcə Paşinyan deyil, onun tərəfdarları və həmçinin bütün Ermənistan cəzalandırıldı. İndi bu ölkə müharibədə uduzub... Özü də indi Ermənistanda hərbi vəziyyətdir və hərbi vəziyyətdə baş nazirin istefasının müzakirəsi ola bilməz. Əgər belə bir halda bir ölkənin silahlı qüvvələrinin baş qərargahı, bütün ordu birliklərinin rəhbərləri daxil olmaqla, baş nazirin istefasını tələb edirsə, bu, necə təsadüfi ola bilər? Özü də baş nazir qərargah rəisini işdən azad etmək istədiyi vaxtda...Təbii ki, burada heç bir təsadüfdən söhbət gedə bilməz. Rusiya “beşinci kolon”unu işə saldı, amma gördü ki, siyasi qanad xalqın dəstəyini qazana bilmədi və məcbur qalıb, “beşinci kolon”un hərbi qanadını işə saldı. Bununla da ordu içindəki geniş şəbəkəsini ifşa etmiş oldu. Əslində mən bu məsələyə Rusiya xüsusi xidmət orqanlarının zəifliyi kimi baxıram.

 

- Məgər Rusiya indiyədək Ermənistanı öyrənə bilməmişdimi, Qarabağ klanına, Manukyan başda olmaqla, digər revanşistlərə etimadın olmadığını görmürdümü?

 

- Bəli. Səhv etmirəmsə, “Gallup”un yerli təşkilatının sorğusuna görə, rəyi soruşulanların 38 %-i Paşinyanın vəzifəsini icra etməsini istəmişdi. Təbii ki, burada yerli faktorlar da var. Rusiyanın Paşinyana münasibəti bəllidir. Amma Qarabağ klanı, revanşist qüvvələrin hakimiyyətə gəlmək istəyi, Vazgen Manukyan başda olmaqla, Vanesyan, Köçəryan-Sərkisyan klanlarının təbii ki, öz maraqları da var. Onlar düşünürdülər ki, bu qədər ağır zərbədən sonra xalq onları dəstəkləyəcək. Bu, alınmayandan sonra düşündülər ki, ordunun birmənalı çıxışından sonra hakimiyyətdən qorxub-çəkinənlər də bunlara qoşulacaq və üstünlüyü, nəhayət, təmin edə biləcəklər, ən başlıcası da hakim elita daxilində, parlamentdə parçalanma olacaq.

 

- Ola bilərmi ki, revanşistlər, o cümlədən Köçəryan-Sərkisyan cütlüyü ordudakı kadrlarına istinadən belə cəsarətə gəliblər...

 

- Baş verənlər də göstərir ki, həqiqətən ordu daxilində gücləri böyükdür. Rusiya niyə bundan irəli gedə bilmir, onun səbəbləri ayrıdır. Amma mənə elə gəlir ki, onlar üçün də ilk təcrübədir. Ermənistanda demokratik yolla, inqilab yolu ilə hakimiyyətə gəlmiş bir şəxsin bu cür davranışını, xalqın ona dəstək verəcəyini, bəlkə də elitanın onun ətrafında sıx birləşəcəyini gözləmirdilər. Hətta Paşinyanın məsələsini qoymaq üçün müxalifət parlamentin sessiyasını çağırmağa cəhd etdi, hakimiyyətin “Mənim addımım” blokundan bir nəfər belə, o iclasa qatılmadı. Bu, onu göstərir ki, Paşinyan hələ kifayət qədər xalq dəstəyi var, hakim elitanın birliyini qoruyub-saxlaya bilib və vəziyyətə nəzarət edə bilir. Hələlik görünən budur ki, dövlət və hökumət qurumlarından onun nəzarətindən çıxan yalnız ordudur. Orduda da hələ müdafiə nazirinin mövqeyi bəlli deyil. Şoyqunun erməni həmkarına, Paşinyanın Putinə zəngindən sonra vəziyyət bir qədər də Paşinyanın xeyrinə dəyişdi. Katalikosun, dini idarənin müəyyən mənada ona dəstək verməsi baxımından. İndi sabitliyə, sakitliyə, təmkinli, soyuqqanlı davranmağa yönəlik bütün çağırışların hamısı əslində Paşinyana dəstəkdir, onun xeyrinə işləyir.

 

- Ancaq belə ehtimal da var ki, gərginlik, hakimiyyət dəyişikliyi prezident Putinə sərfəli deyil, çünki bu halda Qarabağda da vəziyyət nəzarətdən çıxa bilər, Moskvanın sülhməramlı imici zədələnə bilər. Bu yanaşmaları bölüşürsünüz?

 

- Burada məsələ çox mürəkkəbdir və heç bir şeyə birmənalı yanaşmaq olmaz. Birincisi, Rusiyanın ümumi yanaşmasına baxaq. Rusiya postsovet məkanında daha çox üç ölkədə güclüdür: Belarus, Ermənistan və Tacikistanda. Bunlar arasında Ermənistan xüsusilə seçilir, çünki Ermənistanda bütün strateji sahələrə -  sərhədlərdən tutmuş, hava məkanının qorunmasına qədər - Rusiya nəzarət edir, o cümlədən strateji iqtisadi sahəyə. Erməni ordusu Rusiyanın nəzarətindədir, erməni ordusu rus ordusunun uzantısı və əlavəsidir. Belə olan bir halda sual yaranır ki, necə olur Rusiya Ermənistanda istədiyinə nail ola bilmir? Burada iki başlıca faktor var: birinci, Paşinyanın inqilab yolu ilə, xalqın dəstəyi ilə hakimiyyətə gəlməyi və xalqın əhəmiyyətli hissəsinin hələ də ona dəstək verməyə davam etməsi. Həmçinin bu müharibədən sonra revanşistlərin hakimiyyətə gəlməsindən xalqın çəkinməsi. Ola bilsin erməni cəmiyyəti bunu dilə gətirmir, amma əslində insani baxımdan başadüşüləndir, sadə erməni xalqı anlayır ki, revanşistlər hakimiyyətə gələcəyi halda, üçüncü Qarabağ savaşı başlaya bilər və bu, Ermənistan üçün daha böyük fəlakətlə bitə bilər, xüsusən də övladları hərbi xidmət yaşında olanlar üçün. Yəqin siz də izləyirsiniz, erməni valideynlər öz övladlarının Qarabağa xidmətə göndərilməsinə qarşı sərt çıxış edirlər. Yəni  Rusiya bunu görür və məcbur qalıb ordu kartını açdı. Düşünür ki, bundan da irəli gedərsə, yəni açıq şəkildə hərbi hissələrin hansındasa orduya hərəkət etmək göstərişi verərsə, bütövlükdə Ermənistanı, erməni xalqını itirə bilər. Bu isə geridönməz nəticələr verə bilər.

 

Onsuz da Paşinyanın hakimiyyətə gəlişi ərəfəsində anti-Rusiya əhval-ruhiyyəsi var idi və o, qısa zamanda bu əhval-ruhiyyəni bərpa edə bilər. Buraya müharibənin gedişində Rusiyanın davranışları ilə bağlı bəzi gizli informasiyaları əlavə etsək, məncə, Paşinyan bunun üçün xüsusi çətinlik çəkməz. Yəni Rusiya bu faktoru nəzərə alır. Ermənistanda hələlik gizli formada olan anti-Rusiya əhval-ruhiyyəsini və bunun potensialının artma meylini, mümkünlüyünü, Paşinyana hələ də xalq dəstəyinin əhəmiyyətli dərəcədə olmasını nəzərə alır. Bundan da irəli gedəcək addımlar atmağı özü üçün, öz maraqları üçün təhlükəli hesab edir. İkincisi, burada xarici faktoru nəzərə almaq lazımdır. Diqqət etdinizsə, Belarusa oxşar bir vəziyyət yaranıb: yəni “nə siz qarışın, nə biz”. Görürsünüz ki, nə ABŞ, Avropa Birliyi kobud müdaxilə edir, nə də açıq şəkildə Rusiya. Yəni bu iki faktoru, xalq faktorunu və beynəlxalq faktoru, Paşinyanın arxasındakı Qərbin dəstəyi,  fransız, amerikalı erməni diasporunun dəstəyini nəzərə almaq lazımdır. Bu, iki faktor, xarici və daxili dəstək Rusiyanın əl-qolunu bağlayır, onun hərəkət azadlığını məhdudlaşdırır. Xüsusi yanaşmaya gələndə, bəli, burda nəinki Ermənistandakı vəziyyətlə bağlı, ümumiyyətlə, müharibənin gedişi, onun nəticələri, imzalanan anlaşma ilə bağlı Rusiyanın özündə ciddi narahat olan qüvvələr və dairələr var. Bu anlaşma nəticəsində maraqları böyük zərbə alan qüvvələr var. Müharibə eyni zamanda böyük qazanc mənbəyidir. Böyük dairələr çox əhəmiyyətli qazanclarını itiriblər, müharibənin gedişində istədikləri qazancı götürməyiblər. Düşünürlər ki, müharibənin gedişində bəziləri böyük qazanc əldə edib, bizə isə heç nə çatmayıb. Başqa bir tərəfdən, hər bir ölkədə böhran yarananda Rusiya daxilindəki bir neçə qrup var ki, xarici ölkələrə, xüsusən də onların “yaxın xaric” dediyi postsovet məkanına xüsusi təsir imkanı var, o dairələrin hərəsi öz adamını hakimiyyətə gətirməyə çalışır. Məsələn, Rusiya Xarici Kəşfiyyat Xidmətinin  bir xətti var, Federal Təhlükəsizlik Xidmətinin bir xətti var, ordu kəşfiyyatının, hərbi sənaye kompleksinin, Kremldəki ayrı-ayrı qruplaşmaların başqa xətti var. Yəni Rusiyada belə təsir qrupları çoxdur.

 

- Yəni ümumiləşdirəndə bölgədəki vəziyyəti yalnız Putin diktə etmir, eləmi?

 

- Tamamilə doğrudur. Yəni vəziyyətə sadə, birxətli, yalnız Kremldən gələn açıq tapşırıqlarla idarəolunan kimi baxmaq yanlış olardı. Bu, sadəlövh, bəsit yanaşma olardı.

 

- Nikol Paşinyanın payızda referendum keçirilməsi ilə bağlı anonsu Ermənistan üçün və hazırkı hökumətin taleyi baxımından nə vəd edir? Bu, onun hakimiyyətini xilas edəcəkmi?

 

- Rusiyanın yarımmüstəqil mətbuat orqanı olan “Kommersant”ın dərc etdiyi məqalənin ilk cümləsi beləydi ki, Paşinyan təşəbbüsü ələ aldı. Artıq Rusiyanın özündə belə qənaət yaranıb ki,  1 martdakı mitinq və yürüşdən sonra - həm də müxalifət eyni vaxtda mitinq keçirdi və müqayisə etmək çox asandır - artıq gözlə görünür ki, Nikol Paşinyanın küçə dəstəyi daha çoxdur və təşəbbüs ondadır. Bunu o, siyasi təşəbbüslə möhkəmləndirdi. Həm erkən parlament seçkiləri təklif edir, həm də konstitusiya islahatı. Məncə, Paşinyan həm də ictimai sahədə təşəbbüsü ələ aldı, deyə bilərik. Bundan həm Rusiya, həm də onun uzantıları, Vagen Manukyandan, Köçəryandan, Vanesyandan, Sərkisyandan tutmuş, Qasparyana qədər “5-ci kolon” çox çətin vəziyyətə düşdü. Bundan sonra iki yolları qalır: ya danışığa gedib, erkən seçkilərə getməyə məcburdurlar- bu halda uduzacaqları ehtimalı böyükdür. Ya da ki, bu xətti davam etdirib tədricən ya marginallaşacaqlar, ya daha sərt mövqedən çıxış edib, hərbi çevrilişə, qiyama qalxmalı, yaxud terrora getməli olacaqlar.

 

- Təcrübədən çıxış etsək, terror ermənilər üçün daha məqbul və rahat yoldur...

 

- Bəli. Ona görə deyirəm ki, ya danışığa getməlidirlər... Ancaq o halda uduzacaqlar, xüsusən də ictimai-siyasi təşəbbüs Paşinyana keçdiyi halda, böyük ehtimalla bundan çəkinəcəklər. Onu da deyim ki, bundan sonra xarici təzyiq, xüsusən də ABŞ və Qərbdən artacaq. Onlar Ermənistandakı uzantılarına təzyiq etməsi üçün Kremlə də təzyiq edəcəklər ki, danışıq masası arxasına otursunlar. Artıq Kremlin bundan sonra açıq hərəkət etməsi daha çətin olacaq və dolayı yollarla hərəkət etməyə üstünlük verəcək. O halda da nə qalır: ya bu xətti davam etdirib marginallaşacaqlar, ya da marginallaşma qorxusu qarşısında daha sərt addımlara, qiyam, çevriliş, terrora gedəcəklər. Yəni zorakı yollara, qan tökməyə əl atacaqlar.

 

- Sülhəddin bəy, ABŞ-ın yeni administrasiyasının Azərbaycan siyasətindən gözləntiniz nədir? Bu istiqamətdə hansı addımların atılmasında fayda var?

 

- Mənim təkliflərimdən biri budur ki, postmüharibə dövründə Azərbaycan müharibə dövründəki təcrübəsini də nəzərə almalıdır. Azərbaycan müharibədə çox uğurlu bir geopolitik konfiqurasiya qura bildi və ondan istifadə edə bildi. Postmüharibə dövrü fərqlidir. Amerika qlobal oyuna, arenaya qayıdır, Avropa Birliyi NATO ilə bir hərəkət edəcək və yaranmış vəziyyətdən, üstəlik, həm Rusiya, həm Türkiyə, həm də Azərbaycandan narazıdır. Bütün bunlar nəzərə alınmalıdır. ABŞ, Avropa Birliyi və NATO ilə münasibətlərə yenidən baxılmalıdır, bizim tərəfimizdən addımlar atlılmalıdr. ABŞ-la Gürcüstanın imzaladığı strateji tərəfdaşlıq Xartiyası haqqında danışığa başlamaq lazımdır. Avropa Birliyi ilə çoxdan müzakirə olunan tərəfdaşlıq sazişini, yeni sazişi imzalamaq lazımdır, NATO ilə də genişləndirilmiş və dərinləşdirilmiş tərəfdaşlıq planı təklif etmək və ermənilərin əlindən bu, üç böyük, güclü “kart”ı almaq lazımdır.

 

“Yeni Müsavat”

Tarix: 3 Mart 2021, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin