BURADA REKLAMINIZ OLA
BİLƏR

Xatirəyə çevrilən şəhər – Ağdam

Ağdam şəhər kimi yalnız xatirələrdə qalıb. Qəbiristanlıq, kitabxana, yaşayış binaları, teatr, abad küçələr, bazar yoxdur artıq... Buralarda neçə-neçə insanın xatirəsi dolaşır.

 

Açıklama yok.

 

Ağdamda heç vaxt olmamışdım. Ağdam deyəndə Aqil Abbas yadıma düşürdü. Çünki həmişə bizimlə nə danışırdısa, bir ucu Ağdama gedib çıxırdı – ağızdolusu danışırdı. Deyirdi, Allah mənə oranı bir də görməyi qismət eləsin, işğaldan azad edilsin, hamınızı yığıb aparacam, qonaqlıq verəcəm. 44 günlük Vətən Müharibəsi başa çatdıqdan sonra Ağdam da azad edildi. Onu görən hər kəs təbrik edirdi. Aqil Abbasın gözləri gülürdü. Onunla martın 13-də Ağdama səfər zamanı bir neçə dəfə söhbət etdik. Dedi, Ağdam abadlaşacaq, mən də evimi tikəcəm, hətta toyun da tarixini açıqladı. Gülüşdük. Biz torpağa bağlı adamlarıq...

 

***

 

Açıklama yok.

 

Səfərdə iştirak edən ağdamlı jurnalistlər evlərini axtarırdılar. Yoxdur, sadəcə, bünövrədir... Dəhşətli hissdir. Avtobus yolboyu hərəkət edir, ətraf dağılmış vəziyyətdə. Girişdə dağılmış evlərin şəkillərini çəkdim, düşündüm, vəziyyəti canlandırmaq üçün, yəqin ki, bura uyğundur. Sən demə, abad yer yox imiş, hər yer bu cürdür. Hansı tərəfdən baxırsansa, eynidir. Bomba da düşəndə şəhər belə dağılmaz. Bu şəhəri dağıtmayıblar, yeyiblər. Yeyiblər! Qəbirləri də qazıblar... Qazılan qəbirləri görəndə adamı dəhşət bürüyür... Canlı belə yoxdur, nə it, nə pişik, nə həşərat, nə quş var. Ağaclar da yorğun... Heç nə yoxdur. Hə, bir pişik vardı Cümə məscidinin yaxınlığında, vəssalam.

 

 ***

 

Açıklama yok.

 

Səngərdən ibarətdir Ağdam. Bu vəhşi ermənilər şəhəri yerin altına “köçürüblər”, səngərdən başqa heç nə yoxdur. Şəhər silsilə partlayışların baş verdiyi ərazini xatırladır. Təsəvvür edə bilmirsən ki, burada binalar, evlər, normal küçələr olub. Dağıtmaq asandır, ermənilər də elə bunu bacarıblar, biz onlardan abad şəhər də gözləmirdik. Çünki bilirlər ki, bu ərazilər onların deyil, ona görə də şəhəri siliblər. Bir neçə ay öncə, Kəlbəcərdən çıxarkən nələr etdiklərini hər kəs bilir, götürə bildiklərini apardılar, apara bilmədiklərini də yandırdılar, dağıtdılar. Bu, vandallıqdır. Vətən torpağı xarabalığa çevrilə bilməz. Oralar abadlaşacaq, həyat qayıdacaq. Amma, yəqin ki, şəhərin hansısa hissəsində dağıdılmış yerlər saxlanılacaq. Hamı bunu görməlidir. Cümə məscidini, Dram teatrını, Qarabağ xanlarının abidələr kompleksini, Ağdamın "Qarabağ" futbol klubunun "İmarət" stadionunu, I Şəhidlər xiyabanını,  Şahbulaq qalasını ziyarət etdik. Sadəcə, adları var. Ağdamda bircə dənə damı olan ev yoxdur, mülk yoxdur. Ağdam xatirəyə çevrilib.

 

***

 

Açıklama yok.

 

Prezidentin köməkçisi Hikmət Hacıyev vəziyyəti dəqiq ifadə etdi: “Bir tərəfdən, bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev tərəfindən xalqımıza qazandırılan qələbə hissidir. Digər tərəfdən bu xarabalıqları müşahidə edərkən insan istər-istəməz bir qədər məyus olur”. İnanıram ki, məyusluq hissi müvəqqətidir.

 

Açıklama yok.

 

İlkin Pirəli

 

Fotoları təqdim edirik
Tarix: 15 Mart 2021, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin