BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdama səfər edən partiya sədrləri: İçimizdə dəhşətli nisgilin olmasına baxmayaraq qürur hissi keçiririk

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri işğaldan azad edilən Ağdam şəhərində olublar. Partiya sədrlərini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edib.

 

Partiyaların rəhbərləri təəssüratlarını bölüşüblər.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə Pravda.az-a bildirib ki, yurdu yağmalanmış bir ölkənin vətəndaşı olmaq çox ağır hissdir:

 

 

“Dağıdılmış, xaraba edilmiş yerlərə gəlmişik… Şükürlər olsun ki, torpağımıza qayıtmışıq. Dağıdılmış yurdu bərpa etmək mümkündür, amma əlimizdə olmayandan sonra heç nə edə bilməzdik. Eynən geridə qalan 27 il boyunca olduğu kimi… İndi torpaqlarımız özümüzdədir və inanıram ki, bərpa işləri sürətli şəkildə aparılacaq, şəhər və kəndlərimiz abadlaşdırılacaq. İçimizdə dəhşətli nisgilin olmasına baxmayaraq, həm də qürur hissi keçiririk. Nəhayət, biz uzun illərdən sonra heç kimin gözləmədiyi bir vaxtda bu yerlərə gəlib çıxdıq. buraxdığımız səhvlərin yurdumuzu xarabalığa çevirdiyini indi öz gözlərimizlə gördük”.

 

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib ki, işğalçı Ermənistanın əraziləri darmadağın etdiyini, viran qoyduğu görmək üzücüdür:

 

 

“Doğma elimizin xarabalığı belə, bizə olduqca əziz və şirin görünür.  Ümumiyyətlə, əzəli torpaqlarımıza gəlməyimiz, vətənimizi işğaldan azad görməyimiz qürurvericidir. Səfər çərçivəsində ölkədəki bütün siyasi partiyalar vəziyyətlə tanış oldu və hesab edirəm ki, bizim üçün yaradılan bu şərait yüksək qiymətləndirilməlidir. Belə demək mümkünsə, zəfəri bərabər daddığımız kimi düşmənin viran qoyduğu məmləkətimizi görmək də müharibə dövründə dövlətinin, xalqının yanında olan bütün siyasi partiyaların bir nömrəli işi olmalıdır. Fikrimcə, dövlətimizin qarşısında həll etməli olduğu çox mühüm məsələlər durur ki, onlardan elə birincisi xarabalığa çevrilmiş, düşmən malı kimi rəftar edilmiş evlərin, məktəblərin, məscidlərin və ümumən bütün şəhərlərimizin sürətlə bərpası məsələsidir. Bundan qətiyyən şübhə etmirik, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinin sürətlə başa çatdırılacağından əminik”.

 

Ağ Partiyasının sədri Tural Abbaslı qeyd edib ki, Ağdam səfəri barədə danışmaq əslində rahat deyil, təəssüratlar, hisslər qarışıqdır:

 

 

“Həm həyəcan və sevinc, həm kədər, həm də qəzəb hissi var. İnsan özünü ona görə qəzəbli hiss edir ki, uzun illər torpaqlarımız erməni faşistlərinin əlində qala-qala, biz aciz halda gözləməyə məcbuq qalmışıq. Səfər zamanı bir şeyi özüm üçün yenidən dəqiqləşdirdim ki, ermənilər heç zaman Azərbaycanla normal qonşuluq siyasəti yürütmək niyyətində olmayıblar. Qurduqları istehkamlar, səngərləri gördükdə belə aydın olur ki, bizim torpaqlarımızı heç vaxt özümüzə qaytarmağı fikirləşməyiblər. Təkcə insan deyil, ermənilər bütün kəndlərin, şəhərlərin, daşların, divarların qətliamını törədiblər, bizdən ala bilmədiklərini sanki daşdan, divardan alıblar. Bu, bizə dərs olmalı, 100 illərlə bizi ayıq saxlamalıdır ki, biz kimlərlə qonşu olduğumuzu daim bilək və unutmayaq. Yox, əgər unutsaq, biz bu faciələri bir də yaşaya bilərik”.

 

Nəzrin Cavid

Tarix: 17 Mart 2021, 17:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin