BURADA REKLAMINIZ OLA
BİLƏR

Banklardan dollar alanlar vergi ödəyicisi kimi qeydiyyata alınır? - AÇIQLAMA

Son zamanlar vətəndaşlar tərəfindən dollara tələb artsa da, bank filiallarından dollar almaq çətinləşib. Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına valyuta mübadiləsi əməliyyatları zamanı müştərilərə xarici valyuta satışını (xüsusilə dollar və avro) limitli olaraq həyata keçirmələri barədə təlimat göndərib. Buna görə də vətəndaşlardan dollar alışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunur, bildirilir ki, bu, tətbiq olunan illik limitlə əlaqədardır. Vətəndaşlar şəxsi məlumatların qeyd edildiyi üçün vergi ödəyicisi kimi qeydiyyata alınacaqlarından narahatdırlar. Digər narazılıq ondan ibarətdir ki, bankların əksəriyyəti xarici valyuta satışı müddətini qısaldaraq günorta saat 13:00-a qədər həyata keçirir. 

 

Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyir ki, Azərbaycan qanunvericiliyində belə bir məhdudiyyət yoxdur.

 

 

O bildirib ki, vətəndaşın il ərzində müəyyən limitlə xarici valyuta alışı edə biləcəyi barədə hər hansı bir məhdudiyyət heç yerdə qeyd olunmayıb.

 

“Vətəndaşlar bu səbəbdən vergi ödəyicisi kimi qeydə alına bilməzlər. Vətəndaşın banka müraciət edərək müəyyən miqdarda dollar alması o demək deyil ki, vergisini ödəmədiyi gəlirini indi xarici valyutaya dəyişir. Ola bilməz ki, vətəndaş illər ərzində aldığı, vergisini ödədiyi maaşı toplayıb, indi isə dollara çevirir?! Bəzən belə hallarda vergi orqanları tərəfindən vətəndaşlardan vergi tələb edilməsi qanunsuzdur və eyni zamanda bu, Azərbaycan iqtisadi mühitinə olduqca pis təsir göstərir. Belə çıxır ki, Azərbaycanda hansısa əmlaka mülkiyyət hüququ, xarici valyuta alışı məhdudlaşdırılır. Belə hal həm qanunvericilik, həm də iqtisadi mühitin qənaətbəxş olmaması baxımından mənfi qiymətləndirilir.  Digər tərəfdən də, nəzərə alsaq ki, Mərkəzi Bank  milli valyutanın məzənnəsində heç bir problem olmadığını və lazım olan qədər dollar satışını həyata keçirə bildiyini elan edir, belə olan halda insanlar arasında haqlı olaraq panika yaranır, dərhal sual olunur ki, bəs niyə belə məhdudiyyətlər tətbiq edilir?”, - hüquqşünas qeyd edir.  

 

“Sağlam iqtisadi məntiqə görə, kommersiya banklarının daxili qaydalar tərtib edərək xarici valyuta satışını limitli formada həyata keçirmələri üçün heç bir əsas yoxdur”.

 

Ə.Həsənovun sözlərinə görə, banklar öz daxili qaydalarına əsasən, xarici valyutanın satışını limitli olaraq həyata keçirə bilərlər. O bildirir ki, ümumiyyətlə, bankların xarici valyuta satmaq öhdəliyi yoxdur: “Qanunvericilik deyir ki, bankların xarici valyuta mübadiləsi həyata keçirmək hüquqları var. Banklar da təlabat olduğu üçün hazırda dollar, avro, rubl və s. kimi xarici valyuta satışını reallaşdırırlar, çünki hər bank qazanc əldə etmək istəyir. Sağlam məntiqə əsasən, banklar öz daxili qaydalarını bu cür tənzimləməzlər. Yəni əgər xarici valyuta mübadiləsi banka qazanc gətirirsə, niyə bunu vətəndaşa limitli formada təklif etməlidir ki? Tutaq ki, 2-3 bank özü üçün belə qayda müəyyən etsin, bəs digərləri? Necə olur ki, bütün banklar eyni vaxtda dolları limitli olaraq satırlar?! Belə çıxır ki, bu, doğrudan da, Mərkəzi Bankın təlimatıdır. Məlumatlara əsasən, inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən bankların əsas gəliri kredit deyil, məhz xarici valyuta mübadiləsi və pul köçürmələri hesabına formalaşır.  Çünki bank vətəndaşa kredit verdikdə faizi ilə bərabər valyutanı geri alsa da, anında qazana bilmir. Bunun üçün müəyyən qədər vaxt lazımdır. Valyuta mübadiləsi və pul köçürmələrində isə prosedur belə deyil, təhlükəsizdir və vətəndaşın pulu qaytarıb-qaytarmayacağı riski yoxdur”. 

 

Ə.Həsənov həmçinin bankların tətbiq etdiyi digər bir məhdudiyyət barədə də danışıb: “Üstəlik, bankların hazırda qeyri-rəsmi bir məhdudiyyəti də nahardan, təxminən 13:00-dan sonra dollar satışı etməməsidir. Səbəbini soruşanda isə sadəcə gülümsəyirlər... Mövcud vəziyyət ortada qeyri-rəsmi göstərişlərin olduğunu deməyə əsas verir”.

 

Nəzrin Cavid

Tarix: 20 Mart 2021, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin