BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistandan altılıq formatda iştirak etmək istəyib-istəmədiyini soruşan da yoxdur”

“Rusiya şirkətləri illər uzunu Ermənistana milyonlarla investisiya yatırıblar və onlar öz məhsullarını xarici bazara, ən azından Rusiyaya asan yollarla çıxarmaqda maraqlıdırlar. Ona görə də Ermənistan dolayı yollarla olsa da, altılıq platformada iştirak etməyə məcburdur”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

 

Politoloq Ermənistanın altılıq formatda iştirakının detallarını açıqlayıb.

 

O bildirib ki, faktiki olaraq layihələri üzərində iş aparılan nəqliyyat dəhlizlərinin açılması Ermənistanda fəaliyyət göstərən ən azından Rusiya şirkətlərinin bu dəhlizlərdən yararlana biləcəkləri anlamına gəlir: “Bu isə az deyil… Çünki Rusiya şirkətləri illər uzunu Ermənistana milyonlarla investisiya yatırıblar və onlar öz məhsullarını xarici bazara, ən azından Rusiyaya asan yollarla çıxarmaqda maraqlıdırlar. Ona görə də Ermənistan dolayı yollarla bu altılıq platformada iştirak etməyə məcburdur. Ümumiyyətlə isə, Ermənistandan altılıq formatda iştirak etmək istəyib-istəmədiyini soruşan da yoxdur. Çünki indi regionda reallaşan nəqliyyat dəhlizləri layihələri, xüsusilə də Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı Ermənistan məşğul olmayacaq. Layihə ilə Cənubi Qafqaz Dəmiryol İdarəsi məşğul olur ki, o da “Rusiya Dərmir Yolları” ASC-yə aid olan bir müəssisədir. Müəssisə Ermənistanda 30 illik konfessiya əsasında fəaliyyət göstərir. Ona görə də, sözügedən layihələrin əsas icraçısı Ermənistan deyil, Rusiyadır”.

 

İ.Vəlizadə vurğulayıb ki, Ermənistan platforma çərçivəsində həyata keçiriləcək layihələrə rəsmi şəkildə qoşulmaqdan imtina edə bilər.

 

“Amma belə olan halda Ermənistan özünü regional əməkdaşlıqdan yenə təcrid etmiş olar. Onsuz da bu 30 il ərzində onlar siyasi gediş nəticəsində özlərini blokadaya salıblar. Yaranmış yeni vəziyyətdə də artıq məcburi şəkildə deyil, öz istəkləri ilə özlərini yenidən blokadaya məruz buraxmaları absurddur. Fikrimcə, qonşu ölkələr və yaxud da tərəfdaşları erməniləri bu mövzuda başa salacaqlar. Müharibə artıq başa çatıb və Ermənistanın qarşısında yeni imkanlar açılıb. Öz istəyi ilə özünü belə imkanlardan təcrid etmək ağılsızlıqdır. Beləliklə, hesab edirəm ki, Ermənistan nə vaxtsa altılıq formata qoşulmamaq fikrindən daşınacaq”, - politoloq əlavə edib.

 

Nəzrin Cavid

Tarix: 23 Mart 2021, 13:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin