BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantin rejimi sərtləşdiriləcəkmi?

Azərbaycanda koronavirusa yoluxanların sayı artıq gündəlik üç minə yaxınlaşır. Ölüm sayları da artmaqda davam edir. Yaxın günlərdə isə sərt karantin rejiminin tətbiq olunacağı bildirilir.

 

Ölkə gündəmində də bununla bağlı müzakirələr iki istiqamətdə aparılır. Həkimlərin əksəriyyəti xəstələrin sayının artmasından ehtiyatlanır, qapanmaların, sərt karantin rejiminin tətbiqini məqbul sayır, iqtisadçılar, sosioloqlar, müxtəlif əhali qrupları isə sərt karantinin ölkə iqtisadiyyatına ziyan vuracağını bildirir. Vəziyyət o qədər qəlizləşib ki, sanki çıxılmaz bir labirint kimi görünür. Bəs nə etməli?

 

Deputat Zahid Oruc mövzu ilə bağlı danışıb: “Statistika öz-özlüyündə bir siqnaldır, bu, o anlama gəlir ki, bir müddət sonra yenidən xəstəxanaların yüklənməsi, avtomatik olaraq həkimlərin fədakar zəhmətinin ön cəbhəyə çıxması, sosial həyatın özündə də gərginliyin artması, şübhəsiz ki, dövlət strukturlarını, Operativ Qərargahı bu məsələlərlə bağlı daha dərindən düşünməyə vadar edəcək. Bu biri tərəfdən biz onun fərqindəyik ki, bir ildən çoxdur qlobal sistemdə pandemiyanı yaşayan ölkələr iqtisadi imkanlarının adambaşına düşən illik gəlirdən, onun coğrafi yerləşməsindən, əhalinin mental dəyərlərindən asılı olmayaraq bu təhlükəni sona qədər sıfırlamaq, dəf etmək, həyatından çıxarmaq imkanını göstərməyib. Yəni müxtəlif alqoritmlərlə, standartlarla yanaşmaları biz görürük. Ancaq ona da şahidik ki, İtaliya, Almaniya, Fransa kimi həmişə siyasi-iqtisadi lakomativ olan, həmçinin güclü səhiyyə sistemi ilə fərqlənən, böyük həkim ordusuna sahib ölkələrdə belə vəziyyət ürəkaçan deyil. Komitə sədri kimi İtaliyaya rəsmi səfər planlaşdırılırdı, əvvəlcə Milanda qırmızı zolaq elan olundu, ardınca Romada da pandemiya ilə bağlı gərgin vəziyyət yarandı. Bu səfər də sonrakı dövr üçün gerçəkləşə bilmədi. İndi hamını bir sual düşündürür ki, yenidən sərtləşmənin iqtisadi-sosial  qiyməti necə olacaq.

 

Söhbət yalnız maddi itkilərdən getmir, məhdudlaşdırma tədbirləri çərçivəsində əhalinin həyatına yaranan risklər virusdan az zərbələr vurmur. Dövlət bunun fərqindədir. Hakimiyyət bunu necə istəyə bilər ki, adi taksi sürücüsündən, bərbərdən tutmuş hansısa ictimai iaşə müəssisəsində günəmuzd qaydada işləyən şəxsə kimi, özəl və  biznes sektorunda çalışanlara kimi hər kəs nə qədər ziyan çəkmiş olur. Mənim parlament üzvü kimi qərarları qabaqlayaraq nə isə söyləməyim doğru olmaz. Burda daha konfedensial məlumatlara sahib olmaq lazımdır. Lakin fikrimcə, ümumi ölkə miqyasında  karantinin elan edilməsi arzulanmır".

 

Deputat qeyd edib ki, sərt karantinin tətbiqi daha ciddi fəsadlar doğura bilir: “Cənab Prezidentin çıxışlarının birində də insanlardakı psixoloji gərginlik faktorlarına yer verilldiyini görmüşük. Avtomatik olaraq bu anlama gəlirik ki, ailə mühitlərində, qonşuluqda, ictimai həyatda sosial büdcə, ailə gəlirlərinin azalması önəmli məsələlərdi. Amma bunun üzərinə digər psixoloji amillər də gələndə, avtomatik olaraq dövlət-vətəndaş, məmur-vətəndaş, vətəndaş-vətəndaş münasibətlərində ciddi fəsadlara səbəb olur. 2021-ci ilin əvvəllərində BMT-nin hesabatı yayılmışdı, müvəkkilin hesabatı zamanı pandemiyanın bütün sahələrə zərbələr vurduğunu qeyd etdim. Azərbaycan üçün hansı plan seçilsin? Qonşu ölkələrin bəzilərində daha geniş açılımlara gedilib. İranda isə müxtəlif vilayətlərdə son dərəcə sərt qərarlar verilməkdədir. Ona görə dövlətlər, idarəetmə sistemləri çox böyük basqı, ictimai təzyiq və sınaq qarşısındadır. İqtidarlar üçün asan deyil. Ancaq burda konsensus (ümumi) qərarlar olmalıdır. Yəni Operativ Qərargaha bütün məlumatlar daxil olmalıdır və bunun əsasında addımlar atılmalıdır. Yoxsa bir parametri əldə əsas götürüb, digərlərini gözardı etmək yanlış nəticələrə səbəb ola bilər.

 

Mediada olan informasiyalar da geniş şəkildə dəyərləndirilməlidir. Operativ Qərargah bütün əks informasiyaları ələ almalıdır. Özlərinin dediyi alqoritmlərə bunun əsasında qiymət verilməlidirlər. Tədqiqat əsaslı məsələ olmalıdır. Belə bir versiyaları da peşəkar rəylərindən eşitməkdəyəm ki, ötən ilin yanvarından qabaq bir sıra ölkələrdə, o cümlədən ayrı-ayrı bölgələrimizdə virus simptomları lokal ocaqlar səviyyəsində olub. Birinci dalğa deyilən məsələni bir qədər əvvəldən götürməliyik. Bütün ssenariləri də ona uyğun hesablamalıyıq. Bu gün alacağımız qərar nə qədər adekvatdır, əhali buna necə tab gətirəcək? Buna görə də mən məsələlərə bu cür qiymət verməyin tərəfindəyəm, ictimai maraqlar, ictimai mənafe, insanlarımız".

 

Bu arada ölkədə vaksinasiya işləri daha da sürətləndirilib.  Ötən gündən jurnalistlərin vaksinasiyasına başlanılıb. Mətbuat Şurasının binasında həyata keçirilən vaksinasiyada Şura sədri Əflatun Amaşov deyib ki, redaksiyalardan daxil olan müraciət və siyahılara əsasən, media nümayəndələrinə mərhələli şəkildə peyvənd vurulacaq: “İndiyədək 200 jurnalist könüllü olaraq, vaksinasiyadan keçmək üçün müraciət edib”.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış da  “Yeni Müsavat”a bildirib ki, TƏBİB-ə dövlət orqanlarından və özəl qurumlardan koronavirus əleyhinə peyvənd olunmaq üçün səyyar briqadaların təşkili üçün müraciətlər daxil olur: “Bu gün (dünən -red.) də Mətbuat Şurasının binasında 50-yə yaxın jurnalistin vaksinasiyası səyyar şəkildə həyata keçirilir. İndiyədək səyyar briqadalar vasitəsilə 1000-ə yaxın vətəndaş vaksinasiya prosesində iştirak edib”.

 

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı isə  “AstraZeneca” COVID-19 peyvəndinin tromboembolik fəsad törətməsi məsələsinə aydınlıq gətirib: “Avropa və Birləşmiş Krallıqda ”AstraZeneca" COVID-19 peyvəndi vurduran şəxslərdə az miqdarda nadir görülən tromboembolik fəsadlara (aşağı trombositlər olan qan laxtaları) cavab olaraq, ÜST-nin Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsi (GAVCS), Avropa Dərman Agentliyi (EMA) və Birləşmiş Krallığın tənzimləyici qurumu (MHRA) qeydə alınan halların bu peyvənd ilə əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün mövcud bütün məlumatları nəzərdən keçirir. 7 aprel 2021-ci ildə sözügedən qurumlar müvafiq bəyanatlar veriblər. Onlar “AstraZeneca” peyvəndinin faydalarının çox nadir qeydə alınan potensial risklərini üstələdiyi qənaətinə gəliblər. ÜST ölkələrə milyonlarla insanın həyatını xilas edən və ağır xəstəliyin qarşısını alan “AstraZeneca” peyvəndi ilə vaksinasiya olunmağa davam etməyi tövsiyə edir. Bu günə qədər 190 milyon dozadan çox “AstraZeneca” peyvəndi tətbiq edilib. Trombositopeniya ilə 182 tromboembolik hadisə məruzə edilib. Qeyd edilən hallarla hər hansı bir əlaqə varsa, bu hadisə çox nadirdir və risk olduqca azdır. Bir sıra ölümcül hallar da bildirilib. Lakin müqayisə üçün qeyd edək ki, 7 aprel 2021-ci il tarixinə olan məlumata əsasən dünyada 2.86 milyon insan COVID-19-dan dünyasını dəyişib və infeksiya artmaqda davam edir. ÜST potensial olaraq peyvəndin səbəb olduğu və əlavə araşdırma tələb edən hadisələr barədə məlumatları aşkar etmək və riskləri idarə etmək üçün yerli qurumlar və peyvənd istehsalçıları ilə sıx əməkdaşlıq edir. Təhlükəsizlik bizim əsas prioritetimizdir. ÜST tövsiyələri hazırlamaq və peyvəndlərin təhlükəsiz və effektiv istifadəsini optimallaşdırmaq üçün elmi araşdırmalara əsaslanan məlumatlardan istifadə edir. Peyvəndlərin istifadəsi ilə bağlı tövsiyələrimizdə hər hansı bir dəyişiklik olarsa, şəffaf və operativ şəkildə ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik".

Tarix: 10 Aprel 2021, 08:23   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin