BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycanlıları toysuz qoymaq onlara qarşı soyqırımı törətmək deməkdir"

İt olmayan vilayətdə, pişiklər hürər.

 

Atalar məsəli

 

Operativ Qərargah muzeylərin açılacağını elan edəndə, camaatımız bu xəbəri şitini-şorunu çıxarana qədər məsxərəyə qoydu. Sırf ədalət naminə, çox nadir istisnaları kənara qoysaq, kim necə bacarırdısa muzeylərin açılacağı xəbəri ilə məzələnirdi. Qulaqlarını şəkləyərək şadlıq evlərinin fəaliyyətə başlamasını səbirsizliklə gözləyən bir camaat, muzeylərin açılması xəbərini məsxərəyə qoymalı idi və qoydu da. Camaatın heç olmasa beşcə faizi muzeylərin açılmasına sevinsəydi, bu xəbəri xoş qarşılasaydı, meymunluq edənləri əbəs yerə susdurmağa çalışsaydı… Bax, əsl təəccüblü, mat qalmalı mənzərə bu olardı. Azərbaycanlılara bu dəqiqə hava-su kimi nə lazımdır? Şadlıq evlərinin açılması. Onlar toysuz qala bilmirlər. Doğrudan, onlar üçün toysuz qalmaq çətindir, dözülməzdir. Ürəkləri partlayır. Onlar həyatlarının mənasını itiriblər. İstəyirlər getsinlər şadlıq evlərinə, bıçaqlaşsınlar, paltarlarını bir–birlərinə göstərsinlər, qan-tərə batana qədər oynasınlar, cütləşsinlər, artsınlar, törəsinlər.

 

Hər gün polis əməkdaşları hansısa rayonda gizli toy, gizli nişan mərasimi keçirən adamları aşkara çıxarır, cinayətkarları yaxalayıb aparır polis bölməsinə, cərimələr kəsir. Xeyiri yoxdur. Sabahı gün görürsən bir başqa rayonda yenə kimlərsə gizli toy, gizli nişan mərasimi keçirmək istəyib.

 

O gün bir video gördüm. Polis zirzəmidə toy keçirən adamları qəfil yaxalamışdı. Mərasim iştirakçıları zirzəmidən bir-bir gün işığına çıxdıqca, məşhur “Görüş yerini dəyişmək olmaz” filmindən cinayətkarların əlləri boyunlarının arxasında bir-bir zirzəmidən çıxıb, milislərə təslim olma səhnəsi yadıma düşdü. Zirzəmidə toy keçirmək… Bu nə zülmdür?

 

Sizi inandırım, qələbə eyforiyasının belə tez bitməsinin ən başlıca səbəblərindən biri şadlıq evlərinin qapılarının camaatın üzünə bağlı qalmasıdır. Camaat düşünür ki, ta gedib Qarabağı da aldıq, müharibədə qələbə çalmışıq, bəs o zaman şadlıq evləri niyə açılmır? Niyə bizə imkan vermirlər gedək rahat, doyunca çalaq-oynayaq? Bu nə müsibətdir belə, bizə qarşı edirlər?

 

Azərbaycanlıları toysuz qoymaq onlara qarşı soyqırımı törətmək deməkdir. Siz (heç bilmirəm siz deyərkən kimlərə müraciət edirəm) nə vaxtsa azərbaycanlıların məktəblərin, universitetlərin açılması tələbi ilə çıxış etdiyini görmüsünüzmü? Ümumiyyətlə, belə bir şeyi təsəvvürünüzə gətirə bilərsinizmi? Ki, bir dəstə azərbaycanlı hansısa dövlət qurumunun binası qarşısında aksiya keçirirlər, şüarlar qışqırırlar, plakatlar qaldırırlar və dövlətdən tələb edirlər ki, məktəblər, universitetlər açılmalıdır, bizim uşaqlarımız savad almalıdır. Azərbaycanlıların zirzəmidə gizli şəkildə dərs oxumasını təsəvvür edirsinizmi? On altı kitab yazmışam, belə mənzərələri təsəvvür etməkdə təxəyyülüm acizdir. Başa düşürəm, dərslər uzaqdan-uzağa keçirilir. Toylar isə uzaqdan-uzağa keçirilə bilməz. Toyda hər şey canlı olmalıdır. Mən toy, nişan mərasimlərinin azərbaycanlılar üçün nə qədər vacib mərasimlər olduğunu göstərmək üçün belə bir axmaq, heç kimə lazım olmayan paralel aparmalı oldum.

 

Gizli şəkildə keçirilən bu toy, nişan söhbətinə bir daha əsla qayıtmazdım. Əgər dünən dayandığım yerdə “Bəşir gəlir” mövzusu gəlib məni tapmasaydı. Dünən durduğum yerdə, heç bir günahım olmadığı halda “Bəşir gəlir” mövzusu gəlib mənim də yaxamdan yapışdı. Mövzu ilə maraqlanmağa məcbur oldum. Bilmək istədim nə deməkdir bu “Bəşir gəlir” söhbəti, nə baş verir, görəsən nə olub? Məlum oldu ki, beş-altı məxluqat paytaxtın Nizami küçəsində atılıb-düşüblər və onların videosuna yutubda bir həftədə bir milyondan artıq adam baxıb.

 

Peçat sözdən sonra qışqıranlar adlı yazıda qeyd etmişdim. Bütün dövrlərdə səviyyəsiz, zövqsüz adamların sayı səviyyəli, zövqlü adamların sayından qat-qat çox olub. Lakin hətta bunu nəzərə aldıqda belə hal-hazırda proporsiyanın ciddi surətdə pozulması açıq-aşkar göz qarşısındadır. Günəşi küləş başa düşməyə adət etmiş, qabırğası, dərisi standartlardan qat-qat qalın olanın birisi indi qayıdıb adama deyə bilər ki, tutalım, Cənubi Koreyada da bir səviyyəsiz atılıb-düşüb, onun da videosuna iyirmi milyon adam baxıb. İstisna olunmur belə halın baş verməsi. Amma məsələ ondadır ki, Cənubi Koreyada və Cənubi Koreya kimi ölkələrdə təhsil var, iqtisadiyyat var, elm var, kino var… Azərbaycanda isə səviyyəsizlik, zövqsüzlük meydan sulayır, cəhalət, nadanlıq at oynadır, savadsızlıq tüğyan edir, təhsil də rəsmən ölüb, aparıb dərin bir qəbirdə basdırmaq lazımdır.

 

Arada televizyaların müxtəlif mövzularda hazırladıqları reportajlara baxıram. Artıq insanlar fikirlərini sözlə ifadə etməkdə çətinlik çəkirlər. Fikirlərini sözlə ifadə etmək istədikdə müxtəlif heyvan səsləri çıxarırlar. O gün televizya kanallarından biri avtobuslardakı basabaslar mövzusunda reportaj hazırlamışdı. Jurnalist küçədə yaxınlaşdı bir vətəndaşımıza və belə bir sual verdi: Bir vətəndaş olaraq avtobuslardakı basabas haqqında nə deyə bilərsiniz? Vətəndaşımız nəsə demək istədi, amma deyə bilmədi, başladı keçi kimi mələməyə. Jurnalist ikinci vətəndaşımıza yaxınlaşıb, sualını təkrar etdi. İkinci vətəndaşımız da nəsə demək istədi, amma o da heç nə deyə bilmədi, başını mikrofona tərəf uzadıb inək kimi bir-iki ağız böyürdü. Üçüncü vətəndaşımız eşşək kimi anqırdı. Dördüncü vətəndaşımız isə elə bir səs çıxartdı ki, ümumiyyəylə o səsin hansı heyvana məxsus olduğunu heç cür müəyyənləşdirə bilmədim.

 

Xülaseyi-kəlam, debil, heç bir mənəvi dəyəri olmayan, Haqverdiyevi (məsələn) tanımayan, Haqverdiyevin adını belə eşitməyən bir kütlə yetişib. Bu qədər problemi olan bir ölkədə beş-altı səviyyəsizin atılıb düşməsinə bir həftədə bir milyondan artıq adamın baxması xalis faciədir. Faciənin buynuzu olmur. Faciənin başında ağac bitmir. Axırı yaxşı olmayacaq bunun. Zatən, onsuz da axırıdır. Sadəcə siyasi şüuru formalaşmamış xalqlar gözlə görünməyən, əllə tutulmayan faciələri dərk etmirlər. Siyasi şüuru formalaşmamış xalqlar yalnız və yalnız gözlə görünən, əllə tutulan faciələrlə üzləşdikdən sonra necə bir dərin uçuruma düşdüklərini dərk edirlər. Onda da artıq gec olur. Uçuruma düşüb çıxmaq hər xalqın işi deyil.

 

Seymur Baycan

 

(Azlogos.eu)

Tarix: 11 Aprel 2021, 14:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin