BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin bütün uğurlarında əsas yol xəritəsi xalqa arxalanması hesab olunmalıdır”

“Prezident İlham Əliyevin bütün uğurlarında əsas yol xəritəsi dövlət başçısının xalqla kommunikasiyanın düzgün qurulması və yalnız xalqa arxalanması hesab olunmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

 

Deputatın sözlərinə görə, baxmayaraq ki, 3 il qısa müddətdir, lakin, görülən işlərin həcmi bu müddətin nəinki Azərbaycan, ümumilikdə bölgənin taleyində böyük dəyişikliklər üçün İlham Əliyevə kifayət etdiyini göstərir: “Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 2018-ci ilə qədərki dövründə kifayət qədər ciddi işlər görülüb, qlobal layihələr reallaşdırılmaqla ölkənin iqtisadi müstəqilliyinə, resursların düzgün şaxələndirilməsi nəticəsində maliyyə sabitliyinə, ordu quruculuğu və müdafiə sənayesi sahəsində inqilabi dəyişikliklərə nail olunub, ciddi hərbi siyasi tərəfdaşlıqlar yaradılıb, habelə, əsas ümummilli problemimiz olan Qarabağ münaqişəsi üzrə ədalətli hüquqi bazanın formalaşdırılması istiqamətində həlledici regional və beynəlxalq hüquqi aktlar qəbul edilib.  Hazırkı 3 illik perioddan danışanda isə, təbii ki, ilk ağla gələn Vətən Müharibəsindəki şanlı qələbəmiz olur. Heç şübhəsiz ki, bu qələbənin özülündə dayanan ən vacib amil İlham Əliyev şəxsiyyətidir. Məhz cənab Əliyevin sayəsində ölkədə xalq-dövlət-ordu birliyinə nail olundu və bu milli birlik də qələbəmizin rəhnini təşkil etdi. Bu qələbə ilə cənab Əliyev Cənubi Qafqazda sülh və stabilliyin, ümumilikdə bölgədə yeni əməkdaşlıq platformalarının, türk dünyasını, o cümlədən Şərqlə Qərbi birləşdirən kommunikasiya xətlərinin memarına çevrildi”.

 

Deputat həmçinin vurğulayıb ki, son 3 il həmçinin, struktur islahatları və korrupsiya ilə mübarizədə həlledici bir dönəmin başlanğıcı oldu: “Dövlət aparatına illərdir kök salmış və ayrı-ayrı yerli və mərkəzi icra hakimiyyəti orqanlarını korrupsiya yuvasına çevirmiş şəxslərə qarşı radikal tədbirlər görüldü və belə şəxslərin bir çoxu məsuliyyətə cəlb edildi. Həmçinin dövlət təşkilatlarının faydalı iş əmsalını artırmaq üçün struktur və menecment islahatlarına start verildi və proses bu gün də davam edir. Bundan başqa, vətəndaş cəmiyyətinin qurulması, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları ilə işin və əməkdaşlığın səmərəli təşkili istiqamətində real addımlar yeni siyasi mühitin formalaşmasına səbəb oldu. Heç şübhəsiz, Vətən Müharibəsində siyasi partiyaların vahid mövqedən çıxış etməsinin kökündə dayanan amillərdən ən vacibi məhz Prezident Əliyevin bu siyasi konfiqurasiyası oldu”.

 

Bəhruz Məhərrəmov bildirib ki, əgər ötən 3 il üzrə təhlil aparırıqsa, COVİD-19-la mübarizə məsələsi də diqqətdən kənar qalmamalıdır.

 

Deputat əminliklə deyir ki, cənab İlham Əliyevin pandemiya şəraitində fəaliyyəti də ən az Vətən Müharibəsindəki qətiyyəti qədər tarixə qızıl hərflərlə yazılacaq: “Dövlət başçısı COVİD-19-la mübarizədə beynəlxalq səyləri məhz Azərbaycanın liderliyi ilə Türk Şurasında, daha sonra Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində birləşdirə bildi. Pandemiyanın ilk dalğası ərzində Azərbaycan beynəlxalq sosial öhdəlik nümunəsi yaradaraq 30-dan çox dövlət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı üçün donora çevrildi. Cənab İlham Əliyev bu istiqamətdə ədalətli liderlik missiyasını davam edərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərlə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsinin qəbuluna nail olmaqla sözün əsl mənasında tarix yazdı”. 

 

Qeyd: Cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 3 il ötür. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkiləri zamanı qələbə qazanan İlham Əliyev növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başlayıb.

 

Nəzrin Cavid

Tarix: 12 Aprel 2021, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin