BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Media Koordinasiya Komitəsinin yaradılması ilə türk dünyası haqqında həqiqətlər dünyaya daha çevik və doğru çatdıralacaq”

Xəbər verdiyimiz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nəzdində Media Koordinasiya Komitəsinin yaradılması nəzərdə tutulub. Komitənin yaradılmasında məqsəd Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığı daha da institutlaşdırmaq və sistemləşdirilməkdir.

 

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, bunun sayəsində hər bir media qurumu Türk Şurasında təmsil olunan digər media orqanları ilə birbaşa əlaqə yaratmış olacaq.

 

Deputatın sözlərinə görə, Media Koordinasiya Komitəsinin yaradılması olduqca mühüm məsələdir: "Bu, həm koordinasiya baxımından əhəmiyyətlidir, həm də informasiya mübadiləsi üçün mühüm hesab edilir. Digər tərəfdən isə, bildiyimiz kimi, hər bir media qurumunun dünya mediasına çıxması üçün öz kanalları var və həmin mənbələrə istinad edirlər. Komitənin yaradılması ilə media nümayəndələri istər Azərbaycan, istərsə də türk dünyası dövlətləri haqqında həqiqətləri dünyaya daha çevik və doğru çatdıra biləcəklər. Bu mənada, yəni informasiyanın daha dəqiq çatdırılması baxımından da belə bir mərkəzin yaradılması əlverişli üsul adlandırıla bilər".

 

A.Nağıyev qeyd edib ki, bu gün belə bir layihənin reallaşması türk xalqlarının bir-birinə yaxınlaşmasından xəbər verir: "Ümid edirik ki, bu yaxınlaşma davam edəcək və gələcəkdə də bu istiqamətdə mühüm addımlar atılacaq. Komitədə hansı şərtlər altında təmsil olunmaq məsələsinə gəlincə isə, hesab edirəm ki, bu məsələ hər bir media qurumunun öz səviyyəsinə, gördüyü işlərə və istiqamətinə, türk dünyası və ümumən bütün dünyadakı çəkisinə uyğun olaraq tənzimlənəcək. Qeyd edim ki, bu istiqamətdə işlər gedir və bu birmənalı olaraq dünyaya çıxış deməkdir. Beləliklə, bütün media qurumları daha diqqətli olmalı və bu istiqamətdə ciddi addımlar atmalıdırlar".

Tarix: 12 Aprel 2021, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin