BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident məcburi köçkünlərin nə zaman geri qaytarılacağından danışdı

Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Pravda.az xəbər verir ki, Prezident qeyd edib ki, müharibə bitəndən sonra 20 mülki şəxs minaya düşərək həyatını itirib: “Bu, başqa bir müharibə cinayətidir. Axı müharibə bitib, niyə bizə mina xəritələrini vermirsiniz? Beləliklə, biz o əraziləri minalardan təmizləyə bilərdik. Mina təmizləməsi çox uzun prosesdir, çox vaxt alır, çünki bizim təlimləri təşkil etmək, həmçinin, ləvazimatları almaq üçün kifayət qədər ixtisaslaşmış kadrımız yoxdur”.


Prezident ikinci vacib məsələ kimi dəymiş zərərin qiymətləndirilməsinin qeyd edib: “Çünki biz Ermənistanı törətdikləri bütün bu dağıntılara görə beynəlxalq hüquq qurumlarında məhkəməyə verməyi planlaşdırırıq. Buna görə də bütün bu xarabalıqları və dağıntıları sənədləşdiririk, hər tikili üçün xüsusi pasport yaradırıq ki, tarixdə olduğu kimi qalsın. Və əlbəttə, infrastrukturun qurulması prosesi. Çünki biz insanları düzün ortasında qoya bilmərik. Orada yaxşı yaşayış standartları olmalıdır və biz artıq layihələrə başlamışıq.

Mən artıq müxtəlif tərəfdaşlarla söhbətlərimdə bizi şəhər planlaması, kənd planlaması ilə bağlı ideyalarla təmin edə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam. Bu şirkətləri bizimlə işləmək üçün dəvət etmək istəyirik, çünki bizim inşaat bacarıqlarımız bu əraziləri yenidən qurmaq üçün yetərli deyil”.

Prezident qeyd edib ki, bu səbəbdən məcburi köçkünlərin hamısının nə vaxt qaytarılacağını demək çətindir, lakin onlar mərhələlərlə geri qaytarılacaq: “Böyük ehtimalla qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn, Ağdam, Füzuli, Cəbrayılda xətlər, elektrik, su çəkmək daha asandır və yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda biz Laçında hava limanı inşa etməyi düşünürük, çünki Laçına getmək asan deyil. Həmçinin Kəlbəcərə də yol çəkilir. Mövcud yollar hazırda Rusiya sülhməramlılarının nəzarətindədir, biz bu yollardan istifadə edirik, lakin bəzən nə vaxt və necə bəlli olmur. Bizim çoxlu tunellər tikməyə ehtiyacımız var. Beləliklə, dəqiq vaxt demək mənə çətindir, amma bu iş mərhələlərlə aparılacaq. Ümid edirəm, gələn ildən başlayaraq ilk məcburi köçkünlər artıq öz torpaqlarına qaytarılacaq”.

Tarix: 13 Aprel 2021, 18:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin