BURADA REKLAMINIZ OLA
BİLƏR

"ATƏT-in Minsk Qrupu köhnə gündəmi yeni reallığa gətirməklə regionda vəziyyəti mürəkkəbləşdirə bilər"

"Açığı, biz ATƏT-in Minsk Qrupundan qeyri-adi heçnə gözləmirik. Hesab edirəm ki, Minsk Qrupu yeni reallıqları nəzərə alaraq, artıq yeni təklifləri gündəmə gətirməlidir. Əks halda, yəni köhnə gündəmi yeni reallığa gətirməklə regionda vəziyyəti yalnız və yalnız mürəkkəbləşdirə bilər".


Bunu Pravda.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.


Politoloq bildirib ki, ATƏT-in Minsk Qrupu, sadəcə, sülhün möhkəmləndirilməsi ilə məşğul olmalıdır: "Onların əsas məqsədi bu olmalıdır. Yaranmış vəziyyətdə hər hansısa təxribatlar və yaxud da təhlükəli ssenarilərin qarşısını Minsk Qrupu tərəfindən alınmalıdır. Hazırkı ssenarini isə, ümumiyyətlə, təhlükəli hesab etmək olar, çünki bu vəziyyət tərəfləri yenidən müharibə ilə üz-üzə qoya bilər. Status məsələsi, ümumən digər qıcıqlandırıcı məsələlərin müzakirəsi, əlbəttə ki, regionda yalnız qarşıdurmaya və mürəkkəbliliyin artmasına gətirib çıxarar. Bu, yolverilməzdir və Minsk Qrupunun fəaliyyətinə ziddir".


İlqar Vəlizadə həmçinin qeyd edib ki, ATƏT-in Minsk Qrupu "papağını" qarşısına qoyub düşünməlidir.


Politoloqun fikrincə, onlar anlamalıdırlar ki, regiondakı sülh ayın 10-da imzalanmış üçtərəfli bəyanat ilə təsdiqlənib.


"Sülhü möhkəm və davamlı etməyə çalışmalıdırlar. Bunun üçün, əlbəttə ki, müxtəlif yollar var: Əvvəlcə azərbaycanlıların və ermənilərin regionda sülh şəraitində birgə yaşamasını təmin etməli, belə məqsədlə xidmət göstərməlidirlər. Digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səy göstərməlidirlər. Biz artıq dəfələrlə demişik ki, bizim əsas məqsədimiz ondan ibarətdir ki, regionda bir daha müharibə olmasın. Müharibənin olmaması üçün isə müharibəyə səbəblər olmamalıdır. Əlbəttə ki, Ermənistanın revanşist fikirləri və yaxud da Azərbaycan torpaqlarinda ərazi iddiaları bu müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər. Ona görə də, Minsk Qrupu bu ssenarilərin qarşını almaq istiqamətində işləməlidir. Əgər Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasını istəyirlərsə, təkliflər irəli sürməlidirlər. Yeri gəlmişkən, ATƏT-in əsas prinsiplərindən biri də elə dövlətlərin sərhəd toxunulmazlığıdır. Beləliklə, ATƏT bunun təmin olunması üçün səy göstərməlidir",- deyərək İlqar Vəlizadə fikrini tamamlayıb.


Nəzrin Cavid

Tarix: 14 Aprel 2021, 18:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin