BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “Hərbi Qənimətlər Parkı müharibəni təbliğ etmir, dəhşətləri göstərir”

 

Bu gün dünya böyük təlatümlər, o cümlədən dini qarşıdurmalar içərisindədir. Atom və müasir silahların günü-gündən artması, təhlükəsizliklə bağlı müqavilələrin gücdən düşməsi, ekologiyanın günü-gündən pisləşməsi, koronavirus kimi pandemiyaların yer kürəsini ağuşuna aldığı bir vaxtda bu tendensiya çox təhlükəlidir və dünyanın sonunu gətirə bilər. Bunun qarşısını almağın ancaq bir yolu var - bərabərliyin hər yerdə təmin olunması və ikili standartlara yol verilməməsi. Keçən əsrin 90-cı illərindən insan hüquq və azadlıqlarının qorunması sahəsində aktiv iştirak etdiyimdən, dünyada gedən prosesləri diqqətlə izlədiyimdən əminliklə deyirəm ki, bu gün baş verən fəlakətlərin əksəriyyəti ikili standartlarla bağlıdır. Azərbaycan-Ermənistan münaqişəsini onun əvvəlindən diqqətlə izləyirəm və araşdırıram. BMT-dən tutmuş bütün beynəlxalq təşkilatların ərazilərimizin silah gücünə işğal olunmasını etiraf etmələrinə baxmayaraq dünya gücləri bu haqsızlığın aradan qaldırılması üçün heç nə etmədilər. Bu yolda məhz həmin dünya gücləri torpaqlarımızın azad edilməsinə yardım etmələri adı altında təbii sərvətlərimizdən də istədikləri kimi istifadə etdilər. Əvəzində işğalçıları, öz ölkələrində Parlamentlərini gülləboran etmiş Ermənistanın kriminal hakimiyyəti, erməni diasporasının təzyiqi ilə daim insan hüquq və azadlıqlarının pozulması bəhanəsilə Azərbaycan hakimiyyətini uzun illər güzəştlərə getməyə məcbur etdilər.

Nəhayət 2020-ci il 30 illik işğalçılıqdan, haqsızlıqdan bezib öz torpaqlarımızı hərbi yolla azad etdikdən sonra, dağıdıcı müharibə bizim torpaqlarımızda getməsinə, müharibə dövrü maksimum insan həyatını qorumağa çalışmağımıza baxmayaraq, müharibə zonasına heç bir aidiyyatı olmayan şəhər və kəndlərimizin dinc əhalisini ballistik raketlərlə borbardman edən işğalçı-terrorçu Ermənistan dövləti əvəzinə Azərbaycan dövlətinə qarşı səlib yürüşünə başlayıb onu sanksiyalarla hədələyirlər. İkili standartlarının nə qədər ədalətsiz olduğunu göstərmək üçün bir neçə faktı diqqətinizə çatdırmaqla nəticə çıxarmanızı xahiş edirəm:

1. 44 günlük müharibə dövrü və müharibədən sonra bütün hərbi əsirləri, döyüşlərdə həyatlarını itirmişlərin cəsədlərini geri qaytardıq. Halbuki, qarşı tərəfdə bizim əsrlər onlarla dəfə az idi. Bundan başqa, ancaq Şuşa şəhərində yerləşən həbsxanada 30 il ərzində bizim minlərlə əsirlərimizi saxlayıb, onları qul kimi istismar edib işgəncələrə məruz qoyublar. Bu gün Ermənistan Azərbaycanda hərbi əsirlərin olduğunu iddia edir. Rəsmi atəşkəs imzalandıqdan 16 gün sonra, 26 noyabr 2020-ci ildə dünyanın tanıdığı Azərbaycan ərazisində Azərbaycan hərbi qüvvələrinin üzərinə hücum təşkil edən Ermənistan vətəndaşlarından ibarət 62 nəfərlik terrorçu-diversiya qrupunu necə hərbi əsir saymaq olar? Axı həmin hücum nəticəsində Azərbaycanın 4 hərbiçisi və 1 mülki şəxsi qətlə yetirilib. Bu səbəbdən onlar terrorçu kimi Azərbaycan qanunları qarşısında cavab verməlidir və verəcəklər. Onları hərbi əsir adlandırmağa heç bir hüquqi əsas yoxdur.

2. Birinci Qarabağ müharibəsi dövrü Ermənistanın işğalı nəticəsində Azərbaycanın itkin düşmüş və girov götürülmüş şəxslərinin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 851 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Bu günə qədər həmin itkin düşmüş və girov götürülmüş vətəndaşlarımız barədə heç bir məlumat yoxdur. Buna görə Ermənistandan hesabat tələb edən beynəlxalq təşkilat olubmu?!

3. Ermənistan işğal etdiyi əraziləri atəşkəs imzalandıqdan sonra tərk etməmişdən öncə bütövlükdə minalayıb, partlayıcı tələlər quraşdırıb və bu günə qədər mina xəritələrini verməkdən imtina edir. Münaqişə bitəndən Azərbaycanın 20 vətəndaşı mina partlayışında həlak olub, 85-i yaralanıb. Bu, hərbi cinayət deyil, nədir?!

4. Nə birinci Qarabağ müharibəsi dövrü, nə də İkinci Qarabağ müharibəsi dövrü öz ərazi bütövlüyünü qoruyan Azərbaycan hərbi birləşmələri mülki vətəndaşlara qarşı cinayətlər törətməyib. Ermənistanın işğalçı qüvvələri isə Xocalı, Gəncə, Bərdə və yüzlərlə digər mülki vətəndaşlarımıza yönəlmiş hərbi cinayətlər, soyqırımlar törədib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. Ancaq 44 günlük müharibə dövrü erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilmiş, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Azərbaycanın rayon və şəhərlərinin ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılmış, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, çoxmənzilli yaşayış binaları, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılmışdır. İşğaldan azad edilmiş torpaqlardan hər gün videolar paylaşılır. Hansı erməni tarixi torpaqlarından danışmaq olar ki, Ermənistan oranı tamamilə xarabalığa çevirib?! Videoları izlədikcə sanki atom bombası atılmış Hiroşima və Naqasaki şəhərlərini görürsən. Ermənistan Azərbaycanın tarixi torpaqlarını ancaq istismar edib, şəhərlərimizi vandallığın qurbanına çevirib, bizim qəbiristanlıqlarımızı dağıdıb qəbir daşlarından özlərinə pilləkanlar düzəldiblər. Ortada minlərlə video-fotofaktlar var. Sadalanan ağır cinayətlərə görə isə heç kim məsuliyyət daşımayıb.

5. 44 günlük müharibə dövrü hərbi əməliyyatlar zamanı bütün dünya, xüsusilə qərb dövlətləri Azərbaycanın Şuşa şəhərində yerləşən kilsənin zədələnməsindən ciddi narahatlıq keçirdilər. Hesab edirəm ki, doğru reaksiyadır. Ancaq yenə səmimi reaksiya deyil. Çünki Ermənistan işğal etdiyi ərazilərimizdə 67 məscidin 65-ini tamamilə dağıdıb, İslam dinini təhqir etmək üçün məscid dağıntılarında donuz saxlayıblar. Görəsən Azərbaycan 1 kilsəni dağıtsaydı qərb dövlətləri, #UNESCO buna necə münasibət sərgiləyərdi?! Yaxud kilsələrdə heyvan saxlasaydı?! Bu Xristian İslam dini arasında ayrıseçkilik deyilmi?! Əminəm ki, bu sualın cavabını gözəl bilirsiniz.

6. Bu günlərdə açılışı edilən Hərbi Qənimətlər Parkı müharibəni təbliğ etmir, əksinə burada əsas məqsəd müharibə dəhşətlərini göstərməkdir. Hər iki Xalq anlamalıdır ki, sonsuz müharibələr, qisas hissi bizi ancaq geri aparır. Ermənistan tərəfi isə bunu bilərəkdən azərbaycanlıların ermənilərə olan nifrəti kimi qələmə verməyə çalışır və bununla da həmişəki kimi milli münaqişəni dərinləşdirir.

7. Bu Park ermənilərə qarşı yönəlməyib, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, onun əhalisini etnik təmizləməyə məruz qoyan, milli zəmində soyqırımlar törədən, şəhərlərimizi, mədəni irsimizi tamamilə məhv edən rəhbərləri Köçəryan-Sarkisyanın hər addımında “ermənilərlə azərbaycanlılarla birgə yaşaya bilməzlər” fikirlərini tirajlayan işğalçı-terrorçu hərbi qruplaşmalara qarşı yönəlib.

 

Bu siyahını uzatmaq da olar. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsi, 30 illik işğal, 2020-ci il 44 günlük torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız Vətən müharibəsi dövrü Ermənistanın minlərlə insanlıq əleyhinə törətdiyi cinayətlərinə, vandallıq əməllərinə göz yuman və son günlər Bakıda açılan Hərbi Qənimətlər Parkı ətrafında isterik reaksiya göstərən bəzi beynəlxalq təşkilatlar ilk olaraq yuxarıda qeyd edilən məsələlərə münasibət bildirsələr daha doğru və səmimi sayılar. Əks halda bu cür ikili standartlar, türkofob, islamafob reaksiyalar regionda sülhün deyil, əksinə yeni müharibələrin alovlanmasına gətirib çıxaracaq.

 

Aslan İsmayılov

 

Hüquqşünas

Tarix: 15 Aprel 2021, 21:05   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin