BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya heç vaxt böyük dövlət ola bilməyəcək”

“Dünya tarixi öz aralarında rəqbət aparan imperiyaların davranış örnəkləri ilə doludur, bu rəqabət nəticəsində elm, texnika, təhsil inkişaf edirdi, dünya ticarəti genişlənirdi, amma təbii ki, xalqların istismarı da güclənirdi. Hər bir imperiyanın öz hekayəsi, öz dayaqları, ideoloji əsasları olurdu. Qədim zamanlara ekskurs etmədən 20-ci əsrdən üzü bəri baş verən hadisələrə nəzər salsaq, analiz etsək, məncə, bir çox məsələlərə aydınlıq gətirmək olar. Bəşəriyyət tarixinin ən faciəvi, həm də ən əhəmiyyətli hadisələrindən biri Rusiyada bolşevik inqilabı oldu, sonra SSRİ yarandı. Qəddar totalitarizmlə müşayət edilən SSRİ-nin yaranma tarixi 2-ci Dünya Savaşına qədər sistemin oturuşması ilə yanaşı, SSRİ-yə dünyada müvəqqəti fenomen kimi baxılması ilə yadda qaldı. Qərb gözləyirdi ki, SSRİ bugün-sabah dağılacaq, amma o dövrdə SSRİ-nin hekayəsi də paralel olaraq yaranmağa və yayılmağa başladı. Cəlbedici şüarlar olan “bərabərlik”, “kollektiv idarəetmə”, “sosial ədalət”, “ictimai mülkiyyət”, “pulsuz təhsil və səhiyyə”, “hamıya səsvermə hüququ” və s. geniş yayılmağa başladı. SSRİ yeni insan tipi yaratmağa strat verdi, amma 1939-cu ilə qədər Qərb bütün bunları ciddiyə almırdı, bu quruluşun tezliklə dağılacağına əmin idi. SSRİ-ni ciddiyə alıb ilk böyük müqavilə bağlayan ölkə nasist Almaniyası oldu, Ribbentrop-Molotov paktı Avropanı bölüşdürmək üçün ilk cəhd oldu, müqavilə 23 avqust 1939-cu ildə imzalandı. Sonra 2-ci Dünya müharibəsi başladı, insan resursları və sərt idarəetmə sayəsində SSRİ müharibənin əsas benifisiarı, qalibi oldu və Şərqi Avropanı tam işğal etdi. Məhz 2-ci dünya savaşından sonra Qərb məsələnin ciddiliyini anladı, 1946-cı ildə Winston Churchill “soyuq müharibənin” elanı kimi görünən tarixi çıxışını etdi. Bundan sonra “kollektiv Qərb” və SSRİ dünyanın hər yerində rəqabət aparmağa, öz cəlbediciliyini yüksəltməyə, yeni hekayələr yaratmağa başladı. SSRİ-nin totalitarizm olmasına baxmayaraq xaricə təsirləri, xaricdən baxanda cəlbediciliyi yüksək idi və ən böyük “silahı” yenə cəlbedici şüarlar oldu. “Dəmir pərdə” və informasiyanın o zamankı yayılma sürətini nəzərə alsaq, Qərbdə bu hekayəyə inananlar çox idi. Hətta ABŞ-da 1950-ci illərdə “Makkartizm” adlı bir cərəyan da yarandı, “kommunist ovu” başladı, repressiyalar vasitəsi ilə “sol hekayələrə” qarşı mübarizəyə start verildi. Amma nə baş verdi?! Qərb SSRİ-dən gələn dalğa və hekayələri cilovlamaq üçün daha sosial, daha insanı, daha rəqbətli, daha ədalətli sistemlər qurmağa məcbur qaldı. Dünyada imperiyaların dağılması da məhz bu hekayələr hesabına baş verdi, xalqlar formal da olsa, özgürlük qazandı (Afrikada, Asiyada, Latin Amerikasında, Hindistanda). Bununla da iş bitmədi, Avropada və ABŞ-da tələbə hərəkatları geniş vüsət aldı, bir tərəfdən də SSRİ öz hekayəsini “satmağa” davam etdi, nəticədə Avropa daha ədalətli sistemə qovuşdu, ABŞ-da qaradərililərdən tutmuş işçi-əməkçi hüquqlarına qədər çox böyük pozitiv dəyişikliklər oldu. Yəni SSRİ öz içində xalqlar həbsxanası yaratsa da, xaricə daha pozitiv və cəlbedici hekayələr “ixrac” edirdi. Nəticədə iki fərqli dünyanın rəqabəti Qərbdə daha cəlbedici sistemlərin yaranmasına səbəb oldu. SSRİ dağıldı, zatən süni quruluş idi, dağılmağa məhkum idi, amma SSRİ-i dağıdan amillərdən biri əks proses oldu, indi Qərbdə daha ədalətli və rifahı yüksək olan cəmiyyətlərin bərqərar olması üzə çıxdıqca, SSRi-nin hekayəsi darmadağın oldu, ideoloji bankrota çevrildi. Bu hadisədən 30 il keçir, bu illər ərzində çox hadisələr baş verdi, amma ən təhlükəli məsələ odur ki, bu gün nə Rusiya, nə Çin, hətta Avropa Birliyi də ortalığa insanlıq, bəşəriyyət adına cəlbedici hekayələr qoya bilmirlər, tam tərsi, daha çox içə qapanmaqla, daha çox sərtləşməklə dünya düzəninə çox pis təsir edirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

 

N.Cəfərli qeyd edib ki, rəqabətin və cəlbediciliyin olmamağı Qərbi daha da avtoritarlaşdırır, ədalət və özgürlükləri azaltmaq yolunda addımlar atmağa səbəb olur: “Çünki nə qədər bu məsələlərdə geri getsələr də, Rusiya və Çin kimi ölkələrdən hələ də irəlidədirlər. Təhlükə isə odur ki, Rusiya və Çin qapandıqca, avtoritarlaşdıqca, daxili siyasətlərini sərtləşdirdikcə, Qərb daha da avtoritarlaşacaq. Faciə budur və dünyanın yeni cəlbedici hekayələrə acil ehtiyacı var, yoxsa cəmi 5-10 ilə Qərbdə hüquqlar daha da azalacaq, nəticədə Rusiya və Çinin özündə və orbitində olan dövlətlərdə daha pis rejimlər oturuşacaq. Çin, ümumiyyətlə, yeni sistemə, daxili istehlak hesabına böyümə modelinə keçir, bu isə daha çox qapanmaya səbəb olacaq, yəni, cəmi 40 il əvvəl Çində əhalinin 90%-ə yaxını günə 2 dollar civarında pul qazanırdısa, bu gün orta sinfə aid edilənlərin sayı 500 mln. nəfərə yaxınlaşır. Daha sadə dildə desək, məsələn, Çində hər gün 800 mln. ədəd yumurta istehlak olunur, deməli, bunun üçün azı 4-5 mlrd. toyuq lazımdı ki, tələbatı ödəsin. Cəmi 40 il əvvəl isə gündə bu qədər yumurta istehlak etməyə çinlilərin pulu yox idi, yəni, ixracatda hegamon ölkə olmağa nail olan Çin, həm də daxili istehlakı artırıb deyə, daha aqressiv bir siyasət yürüdəcək, daxildə daha sərt rejim yaradacaq. Rusiya isə heç vaxt böyük dövlət ola bilməyəcək, çünki hələ də Birinci Pyoturdan qalan instinktlə yaşayırlar, hələ də elə bilirlər ki, böyük dövlət ərazi ilə ölçülür. Cəlbedici hekayə, innovativ iqtisadiyyat qura bilmədilər, ona görə də Qərblə rəqabətə davam gətirmək üçün daxildə populist-militarist-şovinist hekayəni gücləndirməklə məşğuldular. Əsas tezis budur ki, dünyada yeni, cəlbedici güc mərkəzləri olmasa Təkqütblü dünya daha da avrotiratlaşacaq, buna yeni texnologiyaların dövlətlərə verdiyi gücü də əlavə edin – vəziyyət lap qəlizləşəcək. Bu məsələ ilə mübarizə üçün şablon “liberalizm” yetərli deyil, dünyada liberalizm “ölür”, çünki bu sahədə də yeni hekayələr yoxdur. Buna imkan vermək olmaz, “liberalizm” yaşamalı, yeni hekayələr qurmağı öyrənməlidir ki, Dünya avtoritarlaşmasın, bu isə ənənəvi və cəlbedici olmayan mövzularla mümkün deyil”.

Tarix: 18 Aprel 2021, 20:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin