BURADA REKLAMINIZ OLA
BİLƏR

"ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır"

"ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır. Fikrimcə, Türkiyə qüdrətli bir dövlət kimi bütün bu ədalətsiz reaksiyaların qarşısında hər zaman olduğu kimi dik dayanacaq, inkişaf edəcək və düşmənin cavabını verəcək. Həmçinin Co Baydenin bu yaramaz siyasəti bir sıra ölkələri ABŞ-a müqavimət göstərmək üçün blok yaratmağa məcbur edir".

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elman Məmmədov ABŞ Prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ilə bağlı qalmaqallı açıqlaması barədə danışarkən deyib.

 

Deputat bildirib ki, Co Bayden böyük bir dövlətin Prezidenti kimi NATO blokunun ciddi müttəfiq dövləti ilə bağlı böyük tarixi səhvə yol verib: "Ermənilər necə ki bu illər ərzində saxtalıqla, xəyanətkarlıqla qondarma "erməni soyqırımı"nı təbliğ ediblərsə, Bayden də onlara inanıb dəstək verdiyi üçün elə ən az onlar qədər saxtakarlıq etdi. Təbii ki, Bayden gəldi-gedərdi, əbədi Prezident deyil, amma gərək Amerikada bu ermənipərəst adama sözügedən məsələ ilə bağlı imkan verməyəydilər. Belə çıxır ki, Prezident seçkiləri zamanı ABŞ-da yaşayan erməni diasporunun ona verdiyi dəstək əvəzində Bayden də bunu bir növ rüşvət kimi özlərinə qaytardı. Bu, əlbəttə ki, olduqca çirkin əməldir".

 

Elman Məmmədov əlavə edib ki, həmin dövrdə türklər yox, elə məhz ermənilər türklərə qarşı soyqırım törədiblər: "Digər tərəfdən isə, ABŞ-a qədər bir sıra dünya ölkələri qondarma "erməni soyqırımı"nı tanıyıblar. Guya Türkiyəyə nə edə biliblər ki? Türkiyəyə nə olub?! Bəlkə Türkiyə inkişafdan qalıb?! Prezident Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı bütün arxivləri açmağa hazır olduğunu uzun illərdir ki bəyan edir, eyni zamanda ermənilərin də öz arxivlərini açmalarını təklif edir. Türkiyə hər zaman güclənir, inkişafdadır, çünki haqlıdır".

 

Deputatın fikrincə, Baydenin açıqlaması, doğrudan da, dünyada ciddi qütbləşməyə səbəb ola bilər: "ABŞ Türkiyə ilə onsuz da pisləşməkdə olan münasibətləri bir az da pisləşdirdi. Çünki artıq uzun illərdir ki bu dövlət PKK terror qruplaşmalarını Türkiyə və qonşu ölkələrdə Türkiyənin ərazi bütövlüyünə təhdid məqsədilə yerləşdirib. Həmçinin ABŞ-ın İran, Rusiya və Çin kimi dünyanın böyük dövlətləri ilə də münasibətləri gərgindir. Beləliklə, Co Baydenin bu yanlış, yaramaz siyasəti bu ölkələri məcbur edəcək ki, onlar ABŞ-la mübarizə aparmaq üçün blok yaratsınlar. Bu mənada, müəyyən yaxınlaşmaların olacağı gözləniləndir".

 

Bəyanatın Qarabağ məsələsinə təsirinə gəlincə isə Elman Məmmədov bildirib ki, onsuz da uzun illərdir ki, Ermənistan kimi cırtdan bir dövlətdə ABŞ-ın təxminən 3000 nəfərə yaxın səfirlik adı altında əməkdaşı çalışırdı: "Onların əksəriyyəti də kəşfiyyatçı və hərbi təlimatçılar idi. Nə əldə etdilər?! Nəhayət, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bu məsələdə də onlar Türkiyədən çox Ermənistana zərbə vurdular. Çünki gözlənilirdi ki, Türkiyə Ermənistanla sərhədi aça bilər, Mehri dəhlizi açılar, ölkənin quru yolu vasitəsilə İran, Türkiyə, xüsusilə Rusiya ilə əlaqələri olar, nəticədə isə Ermənistan blokadadan çıxar. Hesab edirəm ki, bəyanat bu məsələlərə də əngəl oldu. Əlavə olaraq isə, əgər Bayden, doğrudan da, ədalətli mövqe tutur və “soyqırım”ı pisləyirsə, o zaman 29 il əvvələ ermənilərin Xocalıda törətdiyi soyqırımı tanısın. Bu soyqırımdan zərər çəkənlər və onun şahidləri hələ də yaşayırlar və sənədlər, arxivlər hamısı yerindədir, sübutlarımız var. Lakin 1915-ci ildə nə olub, nə olmayıbsa, bu tarixi məsələdir, siyasi məsələ deyil. ABŞ-ın Baydendən əvvəlki bir neçə prezidenti də Amerikada doğulsalar da, onların ulu babaları amerikalı olmayıb, hər biri vaxtilə Avropadan gediblər. Həmin dövrlərdə qırmızıdərili adlandırılan hindular yerli amerikalılara qarşı kütləvi soyqırımlar törədiblər. Qoy, Bayden elə soyqırım məsələsinə ordan baxsın, ulu babalarının törətdikləri soyqırımları araşdırsın, Yaponiyaya atılan atom bombalarının bir neçə saat içində 100 minlərlə insanı necə qırdığından danışsın...”

 

Nəzrin Cavid

Tarix: 26 Aprel 2021, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin