BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiyada xəritə olsaydı, sülhməramlılar minaya düşməzdi"

"Rusiya sülhməramlıları da minalardan əziyyət çəkdiyinə görə, görünür, onlarda da xəritə ilə bağlı tam məlumat yoxdur. İstənilən halda Ermənistandan minalanmış ərazilərin xəritəsini almaq üçün onları məcbur etmək borcumuzdur".


Bunu Pravda.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

 

 

Politoloq bildirib ki, minalanmış ərazilərin xəritəsi məsələsi ilə bağlı daha aktiv olmalı və məsələnin həlli istiqamətində Rusiya ilə birgə addımlar atmalıdır: "Ermənistan Rusiyanın müttəfiqi olduğu üçün onlar sülhməramlılarının Qarabağda minaya düşməsindən dərs çıxarmalıdırlar. Çünki belə halların təkrarlanacağı istisna edilmir. Gördüyünüz kimi, ermənilərin bizim ərazilərimizə basdırdığı minalar təkcə azərbaycanlılara deyil, həmçinin Rusiya sülhməramlılarına da mənfi təsir edən amildir. Ermənistan isə hər zaman olduğu kimi özbaşınalıqla məşğuldur. Bütün reallıqları inkar edir, heç bir qayda-qanunla hesablaşmır və nəticədə onların, hətta öz müttəfiqləri də minaya düşürlər. Hesab edirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə Rusiya ilə birgə işlər aparsa, belə demək mümkünsə, hücumedici addımlar atsa, Ermənistan minalanmış ərazilərin xəritəsini verməyə məcbur olacaq. Odur ki, biz daha aktiv olmalı və Rusiyanı məsələyə cəlb etməliyik. Ermənistana təzyiq göstərmədən onlar heç vaxt xəritəni bizə təqdim etməzlər. Ümumiyyətlə, Ermənistan elə bir ölkədir ki, əgər biz onlara təzyiq göstərməsək, sağlam addım atmayacaqlar".


F.Sadıxov güman edir ki, Rusiyanın hansısa hərbi dairələrində minalanmış ərazilərin xəritəsi ola bilər: "Lakin reallıq budur ki, işğal olunmuş Azərbaycan torpaqlarında artıq uzun illərdir ki, erməni hərbi dəstələri fəaliyyət göstərirdi. Orada belə mənfur işlərlə məşğul olub Azərbaycana qarşı yanlış addımlar atılırdı. Beləliklə, ikinci bir tərəfdən, əgər Rusiyada xəritə olsaydı, sülhməramlılar minaya düşməzdi. Özləri də bu minalardan əziyyət çəkdiyinə görə, görünür ki, Rusiyada da xəritə ilə bağlı tam məlumat yoxdur".


Qeyd: Aprelin 25-də Rusiyanın iki sülhməramlısı onları daşıyan "Ural" markalı avtomobilin minaya düşməsi nəticəsində yaralanıblar. Bu, Rusiya hərbçilərinin ermənilərin basdırdığı minaya düşərək xəsarət almaları ilə bağlı ilk hadisə deyil. Aprelin 26-da isə Ağcabədi rayon sakinləri Şahin Verdiyev, qardaşı Aydın və Firdovsi Quliyev nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşüblər. Partlayış nəticəsində Ş.Verdiyev hadisə yerində ölüb, digər iki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.

Nəzrin Cavid

Tarix: 27 Aprel 2021, 11:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin