BURADA REKLAMINIZ OLA
BİLƏR

Araqda olan metil spirti onurğa beynini iflic edir - XƏBƏRDARLIQ

“Spirtlərin tərkibində metil var və yaxşı təmizlənməyəndə zəhərli təsiri üzə çıxır. Metil spirti texniki spirtdir və içilməsi məsləhət deyil. Metil spirti birbaşa onurğa beynini iflic edir. Çox güclü təsirə malikdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu professor Hasil Fətəliyev deyib.

 

O bildirib ki, hər spirtin tərkibində digər spirtlər də var: “Spirtdə filtrasiya prosesi aparılır, spirt zərərli maddələrdən təmizlənir. Kustar üsulla spirt hazırlanarkən təmizlənmə lazımi qaydada aparılmır. Nəticədə belə spirtləri qəbul edənlərin orqanizmlərində fəsadlar əmələ gəlir, insanlar kor olur, dünyalarını dəyişirlər. Qida Təhlükəsizliyi Agentliyinin bu gün çox müasir tələblərə cavab verən lobaratoriyaları var. Əvvəllər belə idi ki, məsələn un istehsalçısı olan dəyirmanın hansı növbəsinin satışda olan unu istehsal etdiyini qutunun üzərindən öyrənmək olurdu. Bunu niyə edirdilər? Çünki bu insan qidasıdır, insan bu qidan qəbul edəndən sonra başına bir iş gəlsə, buna kimin cavabdehlik daşıdığını konkretləşdirmək mümkün olurdu. Unun içində şüşə parçası olubsa və bu insan bədəninə düşüb zərər yetiribsə, məsələni araşdıranlar unun hansı müəssisəsdə, hansı növbənin qablaşdırdığını öyrənir, müvafiq tədbirlər görürdülər”.   

 

Hasil Fətəliyev deyir ki, saxta qida məhsulları, saxta içki istehsalçıları ilə yanaşı belə məhsulların satışını həyata keçirən şəxslər də məsuliyyət daşıyırlar: “Biri saxta içki hazırlayır və həmin saxta içkini ucuz qiymətə satışa çıxarana ötürür. Burada iki tərəf var. İstehsalçı və satışı boynuna götürən şəxs. İstehsalçı bilir ki, saxta içkini satan var. İçkinin faktiki qiyməti 10 manatdırsa, bu adamlar 5 manata təklif edirlər. İctimai iaşə ilə məşğul olanlar saxta malı seçməyi bacarırlar. Bu gün toylarda elə içkilər olur ki, ağıza vurmaq mümkün deyil. Bunu həmin içkini süfrəyə verən şadlıq evi bilmir? Bilirlər, sadəcə ucuzluğuna görə götürüb süfrəyə çıxarırlar. Arağı istənilən məhsuldan almaq mümkündür. Hətta tullantı çirkab sulardan da texniki spirt almaq mümkündür. Əslində isə ən yararlı spirt buğdadan alınanıdır. Bununla belə həmin spirt də təmizlənməli, müəyyən inqredientlər - süd, kalium permaqanat vurulur, kömürdən keçirilir. Kustar üsulla hazırlanan spirtləri isə sadəcə təmizləmirlər. Viski, konyak ən çox saxtalaşdırılmaya gedən məhsuldur. Spirtə rəng vurub satışa çıxarırlar. Konyak şərabın qatı məhsuludur. Konyak şərabın qaynadılaraq qatılaşdırılmasından alınır. 7 il palıd çəlləkdə saxlanılandan sonra konyakı satışa çıxarmalıdırlar. 1 şüşə şərabdan 100 qram konyak alınırsa, satışda konyakın qiyməti də 3-5 manat ola bilməz. Konyaka rəng vurulması qadağandır. Bunlar isə texniki spirtə rəng vurub verirlər satışa. Əlbəttə ki, belə içkilər ölümə səbəb olacaq. Qida Təhlükəsizliyi Agentliyini cənab prezident ona görə yaradıb ki, belə işlərin qarşısı alınsın. Düzdür, məşğul olurlar, müasir lobaratoriyaları da var. İntəhası işlər elə qurulmalıdır ki, elə mexanizmlər işlənməlidir ki, saxta mallar, vətəndaşların sağlamlığına zərər vuran, fəsadlar verən qidalar piştaxtalara qədər gedib çıxa bilməsin”.

 

Hasil Fətəliyev saxta, palma tərkibli yağların ziyanları barədə də fikirlərini bölüşüb: “Xarici ölkələrdə məhsulların üzərində ekoloji təmiz məhsulla digərləri ayrı-ayrı piştaxtalarda satılır: İstehlakçı özü seçim edir. İstəsə, ekoloji təmiz məhsulu və ya digərini alır. İstehlakçıya məhsul haqda doğru, dürüst məlumat verilməlidir. Bu istehsalçının və satanın vəzifəsi, borcudur. Palma yağı heyvan mənşəli yağlardan fərqli şəkildə orqanizm tərəfindən mənimsənilir. Palma yağı ziyanlı xüsusiyyətlərə malikdir, kərə yağı deyil və orqanizmə düşəndən sonra parçalanmır, damarlara çökür. Damarların elastikliyi zəifləyir, keçiriciliyi azalır. Son nəticədə ürək damar, şiş xəstəlikləri yaranır. Belə yağların orqanizm üçün fəsadları çox böyükdür. Belə yağları digərləri ilə qatırlarsa, bu mütləq qəbul edilmiş standartlar çərçivəsində olmalı, qablaşdırma üzərində bu haqda istehlakçıya onun oxuya biləcəyi şriftlərlə məlumat çatdırılmalıdır”.

 

Hasil Fətəliyev saxta məhsullar istehsal edənlərlə mübarizənin gücləndirilməsinin vacib olduğunu da deyib.Musavat.com

Tarix: 18 Yanvar 2020, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin