BURADA REKLAMINIZ OLA
BİLƏR

“Lavrov bölgəyə hansısa yeni “təkliflərlə” gəlibsə...”

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda danışıqlar apardığı saatlarda Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışması və onunla Qarabağı müzakirə etməsi təsadüfi deyil".

 

Pravda.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloq bildirib ki, Rusiya Türkiyənin Cənubi Qafqazdakı, Azərbaycandakı və Qarabağdakı maraqlarını qəbul edib:

 

"Görüşlə bağlı yayılan xəbərdə belə bir cümlə var: “Prezidentlər Ağdamda yerləşən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və münaqişə zonasında bütün hərbi fəaliyyətlər kontekstində Dağlıq Qarabağ nizamlanması probleminə toxunublar”.

 

Ümumiyyətlə Rusiya prezidentinin türkiyəli həmkarıyla tez-tez zəngləşməsinin və müzakirələrinin müsbət tərəfi odur ki, Kreml sahibi Türkiyənin Cənubi Qafqazdakı, Azərbaycandakı və Qarabağdakı maraqlarını qəbul edib. Rusiya Türkiyənin rəyini nəzərə almadan Qarabağda gizli fəaliyyətin onun üçün mənfi nəticələrini hesablamaq məcburiyyətindədir".

 

"Moskvanın Qarabağla bağlı nəsə “yeni təşəbbüsü” varsa, bunu yalnız Parislə deyil mütləq Ankara ilə də müzakirə etməlidir. Odur ki, əgər Lavrov bölgəyə hansısa yeni “təkliflərlə” gəlibsə bundan Azərbaycan və Ermənistanla yanaşı Türkiyənin də xəbəri olmalıdır. Moskvada bilirlər ki, Ankaranı zamanında məlumatlandırmasalar, bunu onsuz da Bakı edəcək", - deyə E.Şahinoğlu fikirini tamamlayıb.

Tarix: 5 May 2021, 19:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin