BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heydər Əliyevin Azərbaycan xalqı üçün qoyduğu ən böyük miras Prezident İlham Əliyevdir”

Bu gün ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il ötür. Dünyanın dahi liderlərindən hesab edilən Ulu öndərimiz Azərbaycan xalqının taleyində silinməz izlər buraxıb. Tarixin gedişinə təsir göstərmək gücünə sahib olan bir siyasətçi kimi yad edilən Heydər Əliyevin xatirəsi hər zaman Azərbaycan xalqının qəlbindədir.

 

 

Heydər Əliyevin vəsiyyəti yerinə yetirilib, Azərbaycanın qəhrəman ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərimiz azad edilib. Azərbaycanın lideri ata vəsiyyətini yerinə yetirməklə xalqın gözündə daha da ucaldı. 

 

Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasəti barədə Milli Məclisin deputatları Pravda.az-a danışıblar. Deputatlar Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin banisi olması və onun yenilməz şəxsiyyəti barədə söz açıblar.

 

Milli Məclisin deputatı Eldar Quliyevin sözlərinə görə, Ulu öndərin özündən sonra Azərbaycan xalqı üçün qoyduğu ən böyük miras cənab İlham Əliyevdir:

 

 

"Ümumiyyətlə, hər bir xalqı dünyaya tanıdan bir lideri olur ki, bizim ümumilli liderimiz də Heydər Əliyevdir. Bildiyimiz kimi, Azərbaycanın istər Sovet, istərsə də müstəqillik dövründəki bütün nailiyyətləri onun adı ilə bağlıdır. Bu dahi şəxs hər zaman xalqına bağlı insan olub. Xatırlayıram ki, Heydər Əliyev 1993-cü ildə seçkilər ərəfəsində bir kəlam səsləndirmişdi, demişdi ki, mən son damla qanımı da xalqıma verməyə hazıram. Doğrudan da, elə oldu və həyat göstərdi ki, o, həqiqətən də son nəfəsinə kimi Azərbaycanın müstəqilliyinin qorunmasında maraqlı idi. Bunun nəticəsidir ki, Azərbaycan xalqı bu gün də onun xatirəsini yad edir. Hakimiyyətə gəlib keçən insanlar çox olur, amma hər kəsin xatirəsi uşağından böyüyünə qədər bütün xalqın xatirində əziz qalmır. Diqqət edin, həmin dövrlərdə uşaqlara heç kim öyrətmirdi ki, "Heydər baba" deyib yanına qaçın. Hətta bağça uşaqları belə Heydər babanı yaxşı tanıyırdılar. Hesab edirəm ki, Ulu öndərin özündən sonra Azərbaycan xalqı üçün qoyduğu ən böyük miras cənab İlham Əliyevdir. Xalqımız da hər dəfə şahidi olur ki, Heydər Əliyevin vəsiyyət etdiyi şəxs hər zaman Azərbaycanın gələcəyini təmin edir. Ulu öndərin xalqa verdiyi töhfələr, sevgi, məhəbbət budur. Fikrimcə, bizdən sonra gələn nəsillər də əsrlər boyu Ulu öndəri yad edəcək".

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının çox dəyərli nümayəndəsidir.

 

 

Müsahibin sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının zamanında bir çox problemlərinin həllinə, xalqın özünə inamının qaytarılmasına, müstəqillik dövründə uğurlu dövlət quruculuğunun həyata keçirilməsinə səbəb olub: "Baxmayaraq ki, Heydər Əliyev ərazi və əhalicə kiçik bir bölgədə fəaliyyət göstərirdi, amma haqlı olaraq dünya tarixinin ən parlaq şəxsiyyətlərindən biri sayılır. Hesab edirəm ki, ulu öndər hər birimizin xatirəsində necəsə yadda qalıb: kiminsə söhbətlərindən, kiminsə müşahidələrindən və s. Mən isə xoşbəxt insanlardanam ki, Prezident Administrasiyasında Heydər Əliyevin qəbulunda olmuşam. Ulu öndərin güclü yaddaşı, məsələnin mahiyyətinə anındaca varması, həmsöhbətinə diqqətlə qulaq asması və onu sıxılmağa qoymaması diqqəti cəlb edən məqamlardandır. Heydər Əliyev qarşıya qoyduğu məqsədlər barəsində kifayət qədər məlumatlı idi və onun vətənpərvərliyi, Azərbaycan xalqı üçün çalışqanlığı, hesab edirəm ki, hər bir azərbaycanlının qəlbinə yol açan məsələlərdəndir".

 

Deputat Elman Məmmədov da ulu öndərin həyata keçirdiyi uğurlu siyasət barədə danışıb, eyni zamanda onunla görüşlərindən bəhs edib.

 

 

E.Məmmədov vurğulayıb ki, Azərbaycan dövlətçiliyi məhz Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində qorunub saxlanılıb: "1993-cü ildə dövlətçiliyimiz yox olmaq təhlükəsi ilə üz-üzə idi, müstəqilliyimizi itirirdik, vətəndaş müharibəsi başlamışdı. Yalnız ulu öndərin siyasəti nəticəsində bütün bunların qarşısı alındı, dövlətçilik qorunub saxlanıldı, daha sonra dövlət və ordu quruculuğuna başlanıldı. Biz həm daxili, həm də xarici siyasətdə çox düzgün seçilmiş siyasi yol nəticəsində bu gün davamlı uğurlar əldə edirik. İndi də davam etdirilən bu düzgün siyasətin bünövrəsi məhz Heydər Əliyev tərəfindən qoyulub. 

 

Xatirələrimə gəlincə isə, qeyd edim ki, mən Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm. İlk dəfə 1991-ci ilin sentyabr ayının 30-da Heydər Əliyev Ali Məclisin sədri olan zamanlarda məni Naxçıvanda qəbul edib. Həm görüş zamanı mənə çıxış üçün şərait yaradıb, Dağlıq Qarabağdakı ictimai-siyasi vəziyyət barədə məlumat vermişəm, həm də onun məsləhətlərini dinləmişəm. O, böyük siyasətçi, böyük dövlətçi və müdrik insan idi. Daha sonra Heydər Əliyev hakimiyyətdə olduğu dönəmlərdə də bizim görüşlərimiz baş tutub. Onun bir sözü var idi: nə qədər ki Azərbaycan xalqı və Azərbaycan dövləti var, mən də o qədər yaşayacağam. Bilirik ki, xalqımız və dövlətimizlə bərabər Ulu öndər də hər zaman xatirələrdə əbədi qalacaq".

 

Nəzrin Cavid

Tarix: 10 May 2021, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin