BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əhmədzadənin kadrı Şirvanda at oynadır?” - İdarə rəisindən korrupsiya iddiasına CAVAB

Dövlət büdcəsindən müvafiq işlər görülməsi üçün hər il milyonlarla vəsait ayrılmasına baxmayaraq, digər bölgələrimiz kimi, Şirvan şəhərində də, Sovet vaxtında çəkilən torpaq kanalları yararsız vəziyyətə qalıb.


Pravda.az xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən mənbə bildirib. Məlumatda bildirilir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə bu sahədən milyonlar yığaraq oliqarx məmura çevrilib. Elə bunun nəticəsidir ki, Şirvan, Sabirabada, Saatlı, Salyan, Hacıqabul və digər Aran rayonlarında meliorasiya sahəsində vəziyyət daha acınacaqlıdır. Kəndlilər sovet dövründən qalan yararsız torpaq kanalları ilə öz əkin sahələrini suvarmağa məcbur qalıblar. Mənbənin iddiasına  görə, bu sahəyə uzun müddət rəhbərlik etmiş Əhməd Əhmədzadə və onun hələ də vəzifədə qalan adamları dövlətdən ayrılan pulları mənimsəməklə özlərinə villalar, bahalı maşınlar, restoranlar, ticarət obyektləri alırlar. Belə məmurlardan biri də Əhməd Əhmədzadənin sevimli kadrlarından hesab olunan Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd İgidalı oğlu Hüseynovdur. İddiaya görə, Sovet dövründən qalan kanalların təmiri və yenidən qurulması indiyədək Məmməd Hüseynovun yadına belə düşməyib. Əvəzində isə o da sələfi Rafət İbrahimov kimi dövlətin vəsaitini dədə malı kimi geninə-boluna xərcləyir. Məlumatlara görə, Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyində olan istehsal avadanlıqları, yəni əsas vəsaitlər çıxarılaraq satılıb. Buna misal olaraq taxta məhsulları istehsal edən dəzgahları göstərmək olar. Həmin dəzgahlar “icarə” adı ilə özünə yaxın şəxslərin sexlərinə verilib. Bir neçə il əvvəl isə zavodun istehsala yararlı və vacib lazım olan avadanlıqları sökülərək, “Forma-2” firmasına satılıb. Həmçinin, bir neçə il əvvəl zavodun ikinci ehtiyyatı olan 40 kv-lıq güc transformatoru saz halda təmir adı ilə zavoddan çıxarılaraq satılıb. İddiaya görə, zavodun tabeliyində olan avtomobillərin heç birinə ezamiyyət vərəqəsi verilmir. Verilmədiyi halda onlara zavod rəhbərliyi hər ay istədiyi qədər yanacaq silir. Zavodun heç bir məhsulunun düzgün norma xərci yoxdur, heç bir təmir üçün gələn məhsula “qüsur aktı” yazılmır ki, qiymətləndirilsin. Bu da korrupsiyaya böyük yol açır və nəticədə həm zavod, həm də işçiləri bundan ziyan çəkirlər.


Sözügedən problemlərlə bağlı Konkret.az-a açıqlama verən Şirvan şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd Hüseynov iddiaların əsassız olduğunu deyib. O bildirib ki, rəhbərlik etdiyi sahə meliorasiya sahəsində zavoddur: “Meliorasiya idarələrinin nasos və elektrik avadanlıqlarının ehtiyyat hissələrini hazırlamaqla məşğuluq. Şirvanda ümumiyyətlə əkin sahələri yoxdur. Əkin sahələri Saatlı, sabirabad, Salyan və digər bölgələrdədir. Kanallarla suvarma sistemləri , mexaniki suvarma və meliorasiya idarələri məşğul olur”.


Məmməd Hüseynov rəhbərlik etdiyi zavodda istehsal avadanlıqlarının satılması ilə bağlı iddialara belə cavab verib: “2016-cı ildən həmin quruma rəhbərlik edirəm. Mən işlədiyim dövrdə bu cür hallar baş verməyib. Əvvəl nə olubsa bu haqda məlumatım yoxdur. Zavoddakı dəzgahların hamısı 1980-ci illərin avadanlıqlarıdır. Əksəriyyəti istismar müddətini başa vursa da, hələ istismar olunur. Bizim müəssisə təsərrüfat hesablıdır, yəni büdcə təşkilatı deyil. Şirvan şəhərində Meliorasiya və Su Təsərrüfatı ASC-nin iki idarəsi var. Bunlardan biri Şirvan Kanalının İstismarı İdarəsi, digəri isə bizim zavoddur. Biz suvarma idarələrinin nasos ehtiyyat hissələrini, elektrik mühərriklərinin təmirini, üzən nasos stansiyalarının tikintisini, servis xidmətini həyata keçiririk. Biz sifarişləri yerinə yetirərək özümüzü maliyyə ilə təmin edirik.


Zavodun taleyində olan avtomobillərə heç bir ezamiyyə vərəqlərinin verilməməsinə və yanacağın silinməsi iddiasına isə Məmməd Hüseynov belə cavab verib: “4 aydır ki, işlər tenderə gedib və mexanizmlər zavoddadır. Bizdə bir kamaz, bir də kran var. Doğrudur 4 aydır iş yoxdur deyə, ezamiyyə vərəqi vermirik. Yanacaq isə nə almamışıq, nə də ki silməmişik. İstədiyiniz vaxt çəkiliş apara və aydınlaşdıra bilərsiniz”.


Məlumat üçün bildirək ki, Məmməd Hüseynov həm də “Azəriqaz”ın sədr müavini Cahid Hüseynovun dayısıdır.

Tarix: 10 May 2021, 14:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin