BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat işsizdir: "Cavab gözləyirəm"

Milli Məclisin sabiq deputatı Sona Əliyeva müsahibə verib.

 

– Sona xanım, ilk dəfədir ki, sizindən sabiq deputat kimi müsahibə alırıq. Soruşmaq olar, necəsiniz?

 

– Yaxşıyam. Hər şey qaydasındadır.

 

– Hazırda nə işlə məşğul olursunuz?

 

– Milli Məclisdən sonra heç bir fəaliyyətlə məşğul deyiləm. Seçkilərdən dərhal sonra pandemiya dövrü başladı, əvvəllər çox ciddi ajiotaj var idi, yəni hər mənada dövlət və özəl sektorlarda gah  qapanma, gah açılma və s. yaşadıq. Pandemiya dövrünə adaptasiya olub özümüzə gəlirdik ki, ondan sonra Zəfər müharibəsi xəbərləri ilə məşğul olduq. Gözləmə müddəti və ya istirahət müddətimi deyək, bu arada hər hansı fəaliyyətlə məşğul deyiləm.

 

– Təhsillə bağlı Milli Məclisdə çıxışlarınız və təkliflərinizlə tez-tez gündəmə gəlirdiniz. Bəs, Milli Məclisdən sonra bu sahəyə qayıtmağı düşünmədiniz?

 

– Əslində bununla bağlı düşüncələrim var, müraciət etmişəm. Düşünürəm ki, müsbət qarşılanacaq. Təhsil sahəsində fəaliyyətimi davam etdirmək istəyirəm. Təhsil sahəsinin hər hansı bir istiqamətində işləyə bilərəm.

 

– İş üçün hara müraciət etmisiniz?

 

– Bir yerdən cavab gözləyirəm. Ümid edirəm, yaxşı olacaq.

 

– İndi parlamentdə olsanız, təhsil sahəsində hansı məsələni qaldırmaq istərdiniz?

 

– Təhsil elə bir sahədir ki, burda hər zaman boşluqlar, yeni problemlər, həll yolları var. Bu da cəmiyyətin inkişafı və dəyişməsi ilə əlaqədərdir. Biz son yüz ildə cəmiyyətin keçdiyi yola baxsaq, İnsanlıq böyük bir dəyişiklikdən keçib və bu böyük dəyişikliklər  də cəmiyyətin özünü dəyişdirir. Bununla da cəmiyyətin təhsilə olan münasibəti dəyişir, yeni fərqli münasibətlər formalaşır. Bu elə bir sistemdir ki, davamlı dəyişiklik hər zaman olmalıdır. Amma çalışmaq lazımdır  ki, bu dəyişikliklər müsbətə doğru olsun.

 

Təkliflər də yerinə və zamanına görə dəyişə bilir. İndi pandemiya dönəmidi, yeni tələblər və gündəm formalaşıb. Bu dönəmdə təhsillə bağlı hamımızda  çox suallar yarandı. Əslində, bu dövr bizim nə qədər fövqəladə hadisələrə hazırlıqsız olduğumuzu göstərdi. Bizdə də düşünürəm ki, həddindən artıq boşluqlar və problemlər var. Yalnız təkcə təhsil sistemini yox, həm də cəmiyyətin özünü də birmənalı olaraq hardasa günahlandırmaq lazımdır. Təhsil elə bir sistemdir ki, cəmiyyətlə qarşılıqlı fəaliyyətdə olan, cəmiyyətlə səsləşən bir sahədir. Hər şeyi təhsil sisteminin, təhsil idarəetməsinin  üstünə də atmaq olmaz.

 

– Təhsilə qoyulan investisiyalardan razısızmı?

 

– Birincisi, hər şey imkana baxır. Azərbaycanda deyərdim ki, vəziyyət tamam fərqlidir. Qoyulan investitsiyaların qarşılığını lazımınca görmürük, düşüncəsindəyəm.  Məsələn, mənim iki övladım Türkiyədə təhsil alır. Mən onların illik  təhsil haqqı üçün səkkiz min lirəyə yaxın pul ödəyirəm. Biz Azərbaycandakı tibb təhsili ilə Türkiyədəki təhsilin qiymətini və keyfiyyətini müqayisə etsək, görərik ki, Türkiyədə təhsil bizdəkindən daha ucuzdur. Bir neşə il əvvəl  Ege Universitetində   qonaq olmuşdum. Təkcə bir şöbənin dünyada istifadə olunan on yeddi patenti  var idi. Türkiyədə Universitetlər sadəcə ali təhsil vermir, onlar həm də ciddi elmi-tədqiqat mərkəzləri kimi fəaliyyət göstərir, kəşflərini və patentlərini bütün dünyaya sata bilir.  Mənim övladlarım Türkiyədə  orta reytinqli  universitetdə oxuyur. Mən məsələn, hesablayıram ki, rayondan gələn bir tələbənin xərcindən daha az pulu Türkiyədə övladım üçün xərcləyirəm. Orda verilən təhsillə, bizim təhsil arasında etiraf edək ki, çox fərq var.

 

– Sizdəmi o valideynlərdənsiniz ki, övladlarınızın xaricdə oxuyub, qayıdaraq vətənə fayda verməsini istəyərsiniz? Yoxsa, elə orada qalmalarının tərəfdarısınız?

 

– Mən ümumiyyətlə övladlarıma çox fərqli yanaşıram. Əlbəttə, mən istəyərəm ki, gəlsinlər vətənə, burda yaşasınlar, bura xeyir versinlər. Amma hər bir halda övladlarıma həm də bir şəxsiyyət kimi yanaşıram. İxtisas seçimi də onların öz seçimi olub, onların harda təhsil alması və ya yaşayacağı yenə də onların öz seçimidir. Övladarımın seçimlərinə bacardığım qədər qarışmamağa çalışıram. Çünki  bu həyat onların həyatıdır. Mən onlara təyzi göstərmək  istəmirəm. Yenidən qayıtmaq istəsələr, qayıdacaqlar.

 

– Xanım deputat olmaq həm siyasətə, həm ailəyə vaxt ayırmaq baxımından ikiqat məsuliyyətdir. Əvvəl yəqin ki, övladlarınıza az vaxt ayırırdınız, indi vəziyyət necədir?

 

– İndi övladlarımla həddindən artıq çox zaman keçirirəm. Övladlarım kiçik yaşlarından mənim işləməyimə  öyrənib, çünki mən həmişə aktiv çalışmışam. Belə deyək, karyeram və ailəmi bir arada tutmağı öyrənmişəm. Pandemiya dövründə hər bir ailədə olduğu kimi biz birlikdə olmağa çalışırıq. Pandemiya bir növ fürsətdir, dəyrləndirmək lazımdır. Amma hər bir halda mənim üçün hər zaman ailəm karyeramın önündə olub.  Mən karyeramın nəbzinin hər zaman vurması üçün daima bu haqda fikirləşirəm.

 

– Darıxırsınızmı, Milli Məclis üçün?

 

– Yox, darıxmıram.

 

– Bəs bu qədər gərgin iş rejimindən sonra bir ildən çox heç bir fəaliyyətlə məşğul olmamaq sizə necə təsir bağışladı?

 

– Mən, ümumiyyətlə, həyatı olduğu kimi qəbul edən biriyəm. Bitən, bitib. Bundan ötrü darıxmağın nə mənası var ki? Gələcəyə inamla baxmaq lazımdır. Gələcəyə doğru düşünmək lazımdır, keçmişi düşünməyin mənası yoxdur.

 

– Parlamentdən sonra iş üçün harasa müraciət etmədiniz?

 

– Dediyim kimi, bu yaxınlarda bir yerə müraciət etmişəm, artıq cavab gözləyirəm. Amma açıqlamaq istəmirəm ki, hansı sahədə çalışmaq istəyirəm. Düşünürəm ki, müsbət cavab alacağam, “ Əməkdar müəlliməm”. Zamanında “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. Bir proqramın və bir qanunun həmmüəllifiyəm və parlament dövründə aldığım medalları, təltifləri bilirsiniz. Bunlar mənim ciddi əmək fəaliyyətimdir və düşünürəm ki, təhsil sistemində çalışan heç bir adamda bu qədər nailiyyət bir arada yoxdur. Ona görə, yəqin ki, işlə təmin olunaram.

 

– Bəs, sizə iş təklif edənlər oldu?

 

– Xeyr. Heç kim!

 

– Maraqlıdır, təhsil sahəsində, icra hakimiyyəti sektorunda fəaliyyəti olun, ən sonunda ictimai çəkisi olan deputat idiniz. Diqqətdən kənarda qalmağınızın səbəbini nədə görürsünüz?

 

– Səbəb axtarmıram əslində. Çünki mən parlament dövründə olanda heç bir əlavə fəaliyyətim yox idi. Məsələn, ikili vəzifəsi olan, başqa vəzifə tutan deputatlar var ki, həm parlamentdə, həm başqa iş yerində işləyirdilər. Mən sadəcə parlament fəaliyyəti ilə məşğul idim.

 

– Şəmkirə gedib-gəlisinizmi?

 

– Bəli, gedirəm. Dostluq elədiyimiz insanlar var. Vaxtilə seçicim olan əhali ilə əlaqələrim qalıb. Yenə də, tez-tez görüşüb söhbətləşirik. Mənim insanlarla dostluğum Siyasi fəaliyyətimə söykənməyib. Kimləsə dostluq edirəmsə, bu axıra qədər olur.

 

– Şəmkirin icra başçısı həbs edildi. Siz həm də parlamentdə seçilməzdən öncə Alimpaşa Məmmədovun müavini idiniz. Deputat olduunuzda sizə icra başçısından şikayət edən olmuşdumu?

 

– Mənə ciddi bir narazılıq olmayıb. Hər RİH qəbulunda olan şeylərdən bizdə də olurdu. Gec qəbul edilənlər, yaxud şikayətinə yetərində diqqət edilmədiyini düşünənlər və s. Amma bu, normaldır. Cəmiyyətin fərqli zümrələri var, hər kəsi razı salmaq olmur. Mən işlədiyim dönəmdə ciddi çikayətlər olmayıb. Belə bir iddiam yoxdur.

 

– Müxalifətin belə bir ittihamı oldu: qanunsuzluqla tutulan icra başçısının deputatları da istefa verməlidir. Sizcə, qanunsuzluqda deputatların payı olur?

 

– Mən indi rəsmi şəxs deyiləm. Heç bir yerdə işləmirəm. Sadə, sıradan vətəndaşam. Amma gəlin, cəmiyyət üçün müəyyən məsələləri aydın bir şəkildə təqdim edək. Parlament seçkili orqandır. Parlamentə seçilmiş bir adam xalqın səsini toplayıb, ora gedir. Parlament üzvünün səlahiyyətləri nə qədərdir? Seçicinin hər hansı bir şikayətini aidiyyəti quruma çatdırmaqdan o tərəfə deyil. Amma bürokatik sistemdə hər kəs öz məsuliyyətini dərk etməlidir. Ona görə, biz nə zaman ki öz məsuliyyətimizi yerinə yetirsək, ideal cəmiyyətdən danışa bilərik. Deputatın da, icra başçısının da öz səlahiyyəti, məsuliyyəti var.

 

– Sona xanım, sabiq deputat kimi yenə də seçicilərin problemini həll etmək üçün rəsmi orqanlara müraciət edə bilirsinizmi?

 

– Xeyr, mənə müraciət edənləri sadəcə yönləndirirəm, çünki rəsmi şəxs olmadan heç bir səlahiyyətə malik deyiləm. Parlament zamanı da bütün müraciətlərimi qeyri-rəsmi formada yox, hamısını rəsmi məktub və müraciət formasında etmişəm. Parlamentdən sonrakı dövrdə müraciət edənlərə hara getmək lazım olduğunu başa salmışam, amma rəsmi formada, öz adımdan kiməsə müraciət göndərməmişəm.

 

– Düşünürdünüz ki, qurumlar sabiq deputat olduğunuz üçün qəbul etməzlər?

 

– Ümumiyyətlə, həmişə çalışmışam ki, fəaliyyətimi qanunvericiliyə görə, sərhəd çərçivəsində həyata keçirim. Mənim də özümə görə sərhədlərim var. Ona görə də heç bir quruma müraciət göndərməmişəm. O demək deyil ki, müraciətimə baxmazdılar, yəqin ki, baxardılar, amma cəhdim olmayıb

 

– Yenidən deputat seçilmək istərdinizmi?

 

– Biz partiya üzvü olduğumuz üçün bu, Yeni Azərbaycan Partiyasının təqdimatından asılıdır. Şəxsi istəklər burda rol oynamır. Parlamentdə işləmək mənim üçün çox çətin idi. Daha başqa sahələr asandır, nəinki parlament. Ora çox çətin yerdir, bəlkə cəmiyyət bunu birmənalı qarşılamır. Mən düşünürəm ki, parlamentdə işləmək, nüfuz qazanmaq, balansı qorumaq, mediayla işləmək çox çətin bir məsələdir. Bunlar asan məsələlər deyil. Cəmiyyətə maraqlı suallar var ki, danışmağa ehtiyat edirsən. Ümumiyyətlə, mən işlədiyim dövrdə heç bir zaman məni çağırıb, deməyiblər ki, bunu danışmamalısan, ya da əksinə. Deputatlar üçün belə bir qadağa yox idi. Parlament müxtəliflik yeridir. 18 yaşına çatmış hər kəs seçilə bilirsə, müxtəliflik, rəngarənglik olmalıdır. Orda elə adamlar təmsil olunur ki, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardır və xalqın istəklərini çatdırırlar.

 

– Deputatlar indi daha çox maddi təminatdan şikayət edirlər. Siz də deputat olanda Şəmkirə gedib-gəlirdiniz, tez-tez seçicilərinizlə görüşürdünüz. Sizdə də belə bir problem var idi?

 

– Mənim dövrümdə demək olar,  nazarzılıq edən yox idi. O  zamanlar mən də sadəcə maaşa işləyən insan idim. Amma belə bir narazılığım olmayıb. Müəyyən mənada deputatlara haqq vermək olar, məsələn, seçicilərlə görüş olduqda, biri deyir, evə getməyə pulum yoxdur, biri deyir, çörək almağa imkanım yoxdur – bir çoxu pul istəyir. Məcbursan, çıxarıb pul verəsən. Ya da hansısa ailəni ziyarət edirsənsə, əliboş getməyin yaxşı çıxmır. Bəzi imkanlı deputatlar var, onlara aid deyil təbii ki. Amma sadəcə maaşa işləyən deputatların maddi problem olur.

 

– Şəmkir maddi cəhətdən imkanlı rayon kimi tanınır. Elə imkanlı insanlar varmı ki, deputat hər hansı ümumi bir məsələni qaldırdıqda, problemin həlli üçün ona yardım etmək istəsin?

 

– Xeyr, şəxsən mənə belə təklif  olmayıb. Eləyən insan onsuz da, özü edir. Öz imicindən pay vermək istəmir. Bizim rayonda çox yaxşı xeyriyyəçilər cəmiyyəti var. Gənclər təşkil edib. Onlar kifayət qədər çox ailəyə yardım ediblər, indi də edirlər. Məsələn, mən deputat olsaydım, gedib onlara nə deyə bilərəm və ya yanlarında niyə durmalıyam ki?

 

– Təklif edirlər ki, deputatın fondu olmalıdır, bu məsələyə siz dəstək verərdiniz?

 

– Mən də tərəfdarıyam. Amma o fonda ianə edən olacaqmı – bu böyük sualdır.

 

– V Çağırış parlament yarımçıq dayandırıldı. Növbədənkənar seçkiyə gedildi. Bəs, sizin parlamentdə yarımçıq qalan işləriniz, deputat olaraq təklif etdiyiniz, amma reallaşdıra bilmədiyinin məsələ oldumu?

 

– Parlament dövründə çox məsələni müzakirəyə çıxarmışıq. Həyata keçəni də olub, keçməyəni də. Parlamentdə verilən böyük təkliflərin çoxu maliyyə əsaslıdır. Buna da bəzən maliyyə ayrılmır. Elədiyim təkliflər də elə parlamentdə qalıb, heç sonradan arxasınca da getməmişəm. Çünki nə adla gedə bilərəm?

 

Amma bir məsələni həll etməyə vaxtımız çatmadı. Türk İş adamları Dərnəyi (TİKA) Şəmkirin Ələsgərli kəndində məktəb tikməli idi və biz onunla Təhsil Nazirliyinin də qərarını almışdıq. İndi orda layihə, arxitektura məsələsi həll edilməmiş qalıb. Onunla bağlı mənə müraciət olmuşdu, amma mən artıq rəsmi adam deyildim. Çox istərdim ki, bu məsələ həll olunsun. Həmin kənd dağ kəndidir. Şəhərdən çox uzaqda və hündürlükdədir. Orda məktəbin olması vacibdir.

 

– Deputat olan dövrdə ailənizlə bağlı problemləriniz gündəmə gəlmişdi, bu problemlərin sonradan həll olunması mümkün oldumu?

 

– Biz o problemləri elə parlament dövründə həll etmişdik. Məsələ miras məsələsi idi, bütün dünyada olduğu kimi, Azərbaycanda da belə şeylərin olması labüddür. Mən mirasdan imtina etdim və məsələ bitdi.

 

– Parlament seçkilərində hakim partiyanın namizədləri ancaq partiyanın etimad göstərdiyi şəxslər olur. Yeni Azərbaycan Partiyasında Partiyada son zamanlarda sanki hər hansı qalmaqalla gündəmə gələn şəxslər anında vəzifədən uzaqlaşdırılır və ya ən azından səlahiyyətləri əlindən alınır. Siz düşünürsüz ki, sizə yenidən etimad göstərilməməsinin səbəbi də bu ailə qalmaqalı ola bilər?

 

– Mən onu deyə bilmərəm. Partiya yenidən  namizəd olmağım üçün etimad göstərməyib, amma hər hansı bir səbəb də göstərməyib.

 

– Partiyada üzvlüyünüz davam edir. Deputat fəaliyyətinizdən sonra sizi partiyada hər hansı işlə təmin etmək üçün təklif oldu?

 

– Xeyr. Nə təklif edildi, nə də mən müraciət etdim.

 

– Sabiq deputat kimi bu qədər unudulmağınız nə ilə əlaqədar ola bilər?

 

– Bilmirəm.

 

– Bəs keçmiş deputatlarla münasibətləriniz necədir?

 

– Yaxşıdır, dostluq etdiklərimiz var. Onlarla əlaqələrimiz hələ də davam edir.

 

– Susqun deputatlar, mediaya qapalı olanlar hər çağırışda olur. Sizcə niyə əlçatmaz olmaq yolunu tuturlar?

 

– Milli Məclisdə elə üzvlər var ki, seçici ilə aktiv işləyir, amma media ilə işləmir. Media ilə işləmək də çətin məsələdir. Balansı qorumaq çox çətindir. Medianın dilinə düşmək məsələsi də var. Bəzən anlaşılmazlıq və ya səhv anlaşılma olur. Mən normal qarşılayıram, bəzi adamlar media ilə aktiv işləmək istəmir, amma dairəsində kifayət qədər aktiv işləyir. Deputat istənilən formada işləməyi bacarmalıdır. Piar məsələsini də unutmaq olmaz. Deputatın piarı mediadan keçir.

 

– Mediadan əlavə, deputatlar son zamanlar sosial şəbəkələrdə də tənqid edilirlər. Hətta onları təhqir edən, söyənlər də olur. Sizcə, səbəb nədir?

 

– Sosial şəbəkələr virtual məkandır. Harada ki insan şüuru ilə ordadır, amma cismən orda deyil. Bunun üçün orada özünü daha azad hiss edir. Mən həmişə belə düşünmüşən ki, insan özünü cismən hiss etmədiyi yerdə daha rahat olur. Aqressiya və emosiya kifayət qədər qabarıqdır. İnsanlar orada hər hansı bir məsələnin deyilməsi üçün məsuliyyət daşımırlar. Bu da insanlara bir növ cəsarət verir. Həmçinin insanlar öz adları ilə qoşulmurlar, fake hesablar çoxdur. Kim nə istəyir deyir, kimisə təhqir edir. Azad zonadır.

 

– Bir şəxs deputatdırsa, 5 il Milli Məclisdə təmsil olunursa, hər bir halda ictimai çəkisi olur, tanınır və s. Amma bəziləri sabiqlik dönəmində göz önündə olmurlar. Hətta yoxa çıxırlar…

 

– Yox, mən deməzdim, sabiq deputatların hamısı Milli Məclis fəaliyyəti bitdikdə, yoxa çıxırlar. Birmənalı olaraq, vəzifədə olan, Milli Məclisdə təmsil olunan insanlardan kimə maraq varsa, onları hər zaman gündəmə gətirməyə çalışırlar. Kim hansı sahədə çalışıbsa, qayıdır və o sahədə öz işini görür.

 

– VI Çağırış deputatların fəaliyyətini necə qiymətləndirirsiniz?

 

– Desəm ki, çoxusunu izləmirəm… Yenə deyirəm, parlament müxtəliflik yeridir, orada aktivlər də olacaq, nisbətən zəif çalışan insanlar da. Həmişəki  parlament necə idisə, indi də elədir. Ümumi fəaliyyətində hər hansı bir dəyişiklik görmürəm.

 

– Kitab oxumağı sevirsiniz. Bəs, yazmağı necə, düşünürsünüz?

 

– Mənim yaxşı qələmim var, amma təəssüf ki, bir o qədər də tənbələm. Öz həyatım haqqında yazmağı düşünürəm və bunun bestseller olacağını da hesab edirəm. Amma niyə isə hələ yazmaq istəmirəm. Görünür, o məqam hələ də yetişməyib.

 

– Məqamın yetişməsi üçün nə lazımdır?

 

– Yazmaq ümumiyyətlə, fərqlidir. Daxilən o anın yetişməsi vacibdir ki, yazasan.

 

– Qadına qarşı haqsızlıqlar son vaxtlar gündəmdədir. Qadın təşkilatı yaratmağı heç düşünürsüzmü?

 

– Qadın təşkilatı yaratmağı düşündüyüm anlar olub, amma mən o adam deyiləm. Ona görə ki, mən özümə qarşı olan haqsızlıqlara susmuşamsa, başqalarının haqlarını da müdafiə etməyə cəsarətim çatmaz.

 

Ümumiyyətlə, mən düşünürəm ki, Azərbaycan qadını həyatının çox böyük bir hissəsini susur. Onun ən böyük qiyamı, üsyanı elə susmasıdır.

 

Modern.az

Tarix: 11 May 2021, 09:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin