BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident açıq şəkildə vurğuladı ki, bölgədəki prosesləri idarə etmək üçün...”

"Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində status məsələsinə toxunaraq qeyd etdi ki, bu barədə danışmağın heç bir əhəmiyyəti yoxdur. Çünki status süni şəkildə separatizmin təzahürü kimi ortaya çıxmışdı və nəticədə, biz onu aradan qaldıraraq tarixin zibilliyinə göndərdik".

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

 

Politoloq bildirib ki, Prezident İlham Əliyev müsahibəsi zamanı Azərbaycan xarici siyasətinin, demək olar ki, bütün əsas istiqamətlərini şərh edib: "Bildirdi ki, son zamanlar bəzi ölkələr ATƏT-in Minsk Qrupunu yenidən işə qoşmaq və bu məqsədlə, sanki 2020-ci ilin 10 noyabr bəyanatının sadəcə atəşkəs haqqında bir razılaşma olduğunu təqdim etməyə çalışırlar. Halbuki hər kəs bilir ki, əgər bu, atəşkəslə bağlı olsaydı, birmaddəli razılaşma olardı. Bu bəyanatda isə, bildiyimiz kimi, yolların açılması, dövlətlərarası müxtəlif əlaqələrin qurulması və s. məsələlər öz əksini tapıb. Fransa və Kanadanın Azərbaycan məsələlərinə burun soxmasına da münasibət bildirən Prezident İlham Əliyev onları ciddi tənqid etdi. Xüsusilə qeyd etdi ki, Kanada Azərbaycandan nə qədər uzaq olmasına baxmayaraq dünyanın o biri başından ölkəmizin daxili işlərinə qarışır, öz problemlərini həll etmək əvəzinə bizə ağıl öyrətməyə çalışır. Fransa da eynilə Kanada kimi... Onsuz da əvvəlcədən ermənipərəst mövqe tutan bu dövlət Makronun dövründən etibarən bu mövqenin ən yüksək zirvəsindədir. Birinci vitse-prezident Mehriban Əliyeva Fransa ilə münasibətləri nə qədər yaxşılaşdırmağa çalışsa da, onlar bu səylərdən düzgün nəticə çıxarmır, əksinə Ermənistanı açıq  müdafiə etməyə başlayırlar".

 

Qabil Hüseynli Prezidentin Ermənistana etdiyi xəbərdarlıq mesajına da toxunub: “Cənab İlham Əliyev bildirdi ki, əgər Ermənistan yenə də qisasçılıq istiqamətində addımlar atmaq istəsə, onun köməyinə heç kim gələ bilməyəcək və biz onları yenidən darmadağın edəcəyik. Prezident açıq şəkildə vurğuladı ki, bölgədəki prosesləri idarə etmək üçün, sözsüz ki, bəzi ikitərəfli və ya dörttərəfli danışıqlar prosesinə ehtiyac var, amma məsələnin Azərbaycan tərəfindən xeyli irəlilədiyini nəzərə alaraq, problemin həlli üçün başqa kimlərisə əlavə etməyə lüzum yoxdur".

 

Nəzrin Cavid

Tarix: 11 May 2021, 12:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin