BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Balayev: “Özümü Londonu idarə etmək üçün namizəd kimi görürəm”

 

Mayın 6-da keçirilmiş seçkilərin nəticəsində Leyboristlər partiyasının namizədi Sadıq Xan ikinci dəfə London şəhərinin meri seçildi. Seçkilərin ən diqqət çəkən məqamı isə azərbaycanlı Kamran Balayevin mer postu uğrunda mübarizə üçün nominasiya qazanması oldu. 1981-ci ildə Bakıda anadan olan K. Balayev Kembric Universitetinin və Oxfordun məzunudur. O, ABŞ-nın Sülh Fondunun idarəetmə şurasının üzvüdür. O, dünyanın müxtəlif universitetlərində mühazirələr deyir, hüquq doktorudur.

 

Kamran Balayevin müsahibəsi:

 

- Seçkilər arxada qaldı. Nəticələr haqda fikrinizi almaq istərdim. Yığdığınız səslər sizi qane edir?

 

- Seçkilər bizim partiya üçün çox uğurlu oldu.Biz 23 450 səs qazandıq. Bu, bizim üçün çox böyük bir nəticədir, çünki bizim partiyanın tarixində bu qədər səs olmayıb. Bizim üçün bu rekord göstəricidir.Seçkiyə girəndə bizim hədəfimizbeş min səsi keçmək idi. Biz gözlədiyimizdən da yaxşı nəticə əldə etdik.Seçkilərdən sonra partiyaların reytinqləri ya qalxır, ya da düşür. Bizim reytinqimiz seçkilərdən sonra çox qalxdı. Partiya sıralarına qoşulmaq, üzv olmaq üçün onlarla insan müraciət edir.

 

- Namizədliyinizi irəli sürdüyünüz “Renew” partiyası yeni bir partiyadır. Seçkilərə girəndə qarşınıza hansı məqsədləri qoymuşdunuz?

 

- Partiya 2017-ci ildə qurulub. Orta miqyaslı bir partiyadır, ancaq böyüməkdədir. Biz bunu intellektualların bir araya gəldiyi partiya adlandırırıq. Seçkilərdə bizim Leyboristlər partiyası ilə yarışmaq kimi bir planımız yox idi. Biz bilirdik ki, qalib gələ bilməyəcəyik. Ancaq seçkilər təkcə qələbə demək deyil. Bizim məqsədimiz “E-London” ideyasını təbliğ etmək idi və biz buna da nail olduq.Bu ideyaLondonun dünyanın texnoloji paytaxtı olmasını hədəfləyir. Bununla da biz buşəhərə iş yerləri, investisiya və vergi gəlirləri gətirərək ən yenilikçi texnoloji müəssisələrin və sahibkarların bir qismini Londona cəlb etməyi qarşıya məqsəd qoymuşuq.Seçkiyə girməklə sən partiyanı və partiyanın məqsədini təbliğ edirsən. Bizim məqsədimiz da bu idi.

 

Arada Azərbaycandan məndən soruşurdular ki, leyboristləri udacaqsınız? İngiltərədə bu qeyri-mümkündür. Bizim maksimum edə biləcəyimiz, tək bizim də yox, Yaşıl partiya kimi digər kiçik partiyaların da edə biləcəyi şey koalisiyadır. Burada leyboristləri, ya da mühafizəkarları məğlub etmək mümkün deyil. Onların partiyasının milyonlarla üzvü var.

 

- Siz özünüz hüquqşünassınız. Necə oldu ki, siyasətə qoşulmağa, London meri olmaq uğrunda yarışmaq qərarına gəldiniz? Bundan sonrakı siyasi hədəfləriniz nələrdir?

 

- Siyasət sözü, siyasətçi sözü Qərb mədəniyyətində neqativ məna kəsb etməkdədir. Mən özümü siyasətçi kimi görmürəm. Mən özümü Londonun meneceri olmaq, Londonu idarə etmək üçün namizəd kimi görürəm. Buna Londonun CEO-su olmaq istəyən biri kimi də demək olar. Mən siyasətçi olmaq istəmirəm.İndi mənə müxtəlif təkliflər gəlir. Bunlar haqqında fikirləşirəm,hazırda isə ailəmlə vaxt keçirirəm.

 

London meri olmaq üçün mübarizəyə qoşulmağa gəlincə isə, əslində bu təklif mənə partiya tərəfindən gəldi. Bu təkcə mənim qərarım deyildi.Bilirsiniz, bu seçkilərdə təkcə mer vəzifəsi üçün yox, həm də yerli şuralarda seçkilər keçirilirdi. Ondan sonra namizəd olmaq üçün nominasiya qazandım, partiya şurası tərəfindən nominasiya təsdiqləndi, daha sonra da nominasiyanı müdafiə etdim.Bu partiyanın mənə göstərdiyi böyük bir etimad idi.

 

- London meri uğrunda mübarizə aparan ilk azərbaycanlısınız. Seçkilərdə Londonda yaşayan həmyerlilərinizdən hər hansı bir dəstək gördünüz?

 

- London azərbaycanlıları mənim ailəm kimidir. Heç şübhəsiz, burda yaşayanlar mənə dəstək oldular. Dəstək istəməsəm də onlar mənə öz dəstəklərini göstərirdilər.

 

- Sizcə, Londonun hazırkı əsas problemləri nələrdir?

 

- Londonun müxtəlif problemləri var. Onu nəzərə almalıyıq ki, burada 10 milyona yaxın insan yaşayır. 6 milyondan çox seçici var. Əgər biz burada işləməyə gələn adamları nəzər alsaq, bu rəqəm 15 milyona çatar. Problemlər çoxdur, ancaq əsas üç problemi qeyd edə bilərəm.

 

Birincisi, cinayətkarlıq səviyyəsinin olduqca çox olmasıdır. Xüsusilə də bıçaqlanma hadisələrinə çox rast gəlinir. Bu, həll edilməlidir. Bizim hazırkı merin idarəçilik qabiliyyəti çox zəifdir. Ona görə, o, buna tab gətirə bilmir. İkinci problem çirklənmədir. Üçüncü isə kiçik bizneslərin yaşadığı çətinliklərdir, onlar çox əziyyət çəkir. Mən tələbə olanda, illər öncə bu belə deyildi.Bütün bu problemlər artıq nəzarətdən çıxıb və mer bununla mübarizə aparacaq qədər cəsur olmalıdır.

 

- Azərbaycanda işləməyi düşünürsünüz?

 

- Azərbaycan mənim Vətənimdir. Mən Azərbaycanı çox sevirəm. Azərbaycanın mədəniyyətini, irsini, tarixini həmişə sevmişəm, həmişə xaricdə təbliğ etmişəm və edəcəyəm də.Azərbaycanda yaşamaq və hansısa bir işlə məşğul olmağa gəlincə isə, istər biznes, istər başqa sahədə olsun mən hazırda Britaniyada yaşayıram. Ona görə, Azərbaycanda hansısa bir iş görmək çətin olar.

 

İndiki dövrdə hər şey rəqəmsaldır. Biz artıq işləri uzaqdan görə bilərik. Biz “E-London”la da elə buna nail olmaq istəyirik. Bütün dünyadakı insanların virtual olaraq Londonda olmağını, işləməyini istəyirik. Pandemiyadan sonra da bunu daha çox görürük. İndiki şəraitdə sənin hansı coğrafi məkanda olmağın çox da əhəmiyyət kəsb etmir.

 

APA

Tarix: 11 May 2021, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin