BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Lüksemburqun Avropa Ədalət Məhkəməsinə ev sahibliyi etməyə mənəvi haqqı yoxdur"

"Bu gün dünyada və xüsusən Avropada bəşəri dəyərlərdən danışan hər kəs Lüksemburqa yerini göstərməlidir. Hesab edirəm ki, hər şeydən öncə tərəfsizliyini itirmiş, qərəz siyasəti yürüdən bir dövlət olaraq Lüksemburqun Avropa Ədalət Məhkəməsinə ev sahibliyi etməyə mənəvi haqqı yoxdur".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı qərəzli mövqe nümayiş etdirən dövlətlər neoimperialist maraqlara malikdirlər: "Azərbaycan Vətən müharibəsindən sonra bölgə ilə bərabər dünyada da yeni bir reallıq yaratdı, VI nəsil müharibə aparan və qalib gələn ilk dövlət kimi adını ən iri hərbi-siyasi güclərin sırasına yaza bildi. Üstəlik, Azərbaycan Prezidenti cənab İlham Əliyev xoş niyyət nümayiş etdirərək, irəliləyib kapitulyasiyanı düşmənin paytaxtında rəsmiləşdirmədi, yalnız öz beynəlxlaq hüquqla tanınan ərazisini işğaldan azad etməklə kifayətlənib təcavüzkar və məğlub Ermənistanı əməkdaşlığa dəvət etdi. Bölgədə yeni əməkdaşlıq platforması üçün zəmin formalaşdı, kommunikasiya xətlərinin açılması ilə erməni xalqı nəhayət ki, dalandan qurtulmaq şansı qazandı. İşğal faktına son qoyaraq BMT qətnamələrinin icra olunması, bölgədə sülh və sabitlik üçün zəmin yaradılması beynəlxlalq hüququn ümumtanınmış prinsiplərinin məqsədləri ilə tam mənada üst-üstə düşməsi  beynəlxalq hüququn təntənəsi olsa da, nədənsə bəzi qərb “demokratları” təəccüb və təəssüf doğuran mövqe nümayiş etdirməyə başladılar. Heç şübhəsiz ki, bu həmin dövlətlərin neoimperialist maraqları ilə bağlı idi. Zəif dövlət və alət olmaq üçün ən uyğun ideologiya və təfəkkürə malik toplum olan Ermənistan və ermənilərdən fərqli olaraq güc mərkəzinə çevrilmiş Azərbaycanı kənardan idarə etmək, təbii ki, mümkün deyil. Üstəlik, Azərbaycan Ermənistanı məğlub etməklə həm də Cənubi Qafqazda Soros ideologiyasının ilk rəsmi iqtidarına da son qoymaqla bölgədə neoimperializmin uzunmüddətli planlarını alt-üst edib".

 

B.Məhərrəmov qeyd edib ki, belə olan halda Soros çətiri altında olan dövlətlərin, o cümlədən  peyk dövləti olan Lüksemburq kimi “cırtdan”ların fəallaşması məqsədləri tam aydındır: "Təsəvvür edin, biz Şuşada "İskəndər" raketinin partlayışını atəşfəşanlıq toplarının sədası ilə əvəzlədik, hərbi şəhərciyə və terror yuvasına çevrilmiş Şuşanın əvvəlki mədəni mərkəz statusunu bərpa etdik, monoetnik tərkib ideologiyasının əvəzində "Xarıbülbül" musiqi festivalında çox millətli bir toplumun mədəni-bədii dəyərlərini ortaya qoyduq, hər qarışı minalanmış sahələri ağıllı kənd, qəsəbə və şəhərlərə çevirməkdəyik. Üstəlik, bu ərazilər beynəlxalq hüquqla bizim torpaqlardır. Bu reallığa qarşı çıxmaq, işğalı, təcavüzü dəstəkləmək deməkdir. Əlbəttə, Azərbaycanın Quba rayonundan da kiçik olan Lüksemburqun bəyanat və siyasi manevrləri bizim üçün təhdid deyil, ümumiyyətlə bizi narahat da etmir. Lakin, Avropanın mərkəzində belə düşüncədə bir monarxiyanın mövcudluğundan təəccüblənir, bu düşüncə tərzinin qoca qitəni yenidən uçruma aparması perspektivindən isə təəssüflənirik".

 

Deputatın fikrincə, Lüksemburq anlamalıdır ki,  Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsinin bu şəhərdə yerləşməsi bu dövlətə hamını mühakimə etmək səlahiyyəti tanımır: "Tarix boyu növbə ilə qonşusundakı dövlətlərin, demək olar ki, hamısının tərkibində yaşamış, milli dəyər anlayışını itirmiş Lüksemburq üçün ola bilsin ki, işğal faktı qəbulediləndir, lakin, bu cırtdan dövlət proseslərə öz prizmasından yox, bəşəri dəyərlər açısından baxmalı, təcavüz faktını pisləməli, ərazisində vətəndaşlarını və vətəndaş cəmiyyəti institutlarını təcavüzkar aktlardan qorumalıdır. Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyət Mərkəzinin vandalizm aktına məruz qalması, vandalların hökumət tərəfindən himayə olunması, şəhərdə tez-tez terror şüarlarının səslənməsi, hətta Çempionlar Liqasının oyunu zamanı erməni terrorçuların emblemlərinin dronla nümayiş olunması, Vətən müharibəsi zamanı və sonrakı dövrdə erməni terrorçulara hökumətin açıq dəstəyi, ümumilikdə anti-türk əhvalına hər cür münbit şəraitin yaradılması göstərir ki,  artıq bu ölkəyə "dur" deməyin zamanı çatıb. Bu gün dünyada və xüsusən Avropada bəşəri dəyərlərdən danışan hər kəs bu dövlətə yerini göstərməlidir. Hesab edirəm ki, hər şeydən öncə tərəfsizliyini itirmiş, qərəz siyasəti yürüdən bir dövlət olaraq Lüksemburqun Avropa Ədalət Məhkəməsinə ev sahibliyi etməyə mənəvi haqqı yoxdur. Bu mənada Avropa İttifaqına üzv olan, xüsusən, Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənədlər imzalamış dövlətlərlə iş aparılmalı və ittifaqın ən yüksək ədliyyə hakimiyyətini təcavüzə dəstək verən Lüksemburqdan daha tərəfsiz və qərəzsiz bir məkana köçürülməsinə nail olunmalıdır. Həmçinin, Cənubi Qafqazda başa çatmış bir münaqişəni yenidən alovlandırmağa cəhd etdiyi, həmçinin, terror və təcavüzə açıq dəstək verdiyi üçün Lüksemburq beynəlxlalq sanksiyalara, ən azından qınağa məruz qalmalıdır".

 

Nəzrin Cavid

Tarix: 16 May 2021, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin