BURADA REKLAMINIZ OLA
BİLƏR

"Cavaxetiyada ermənilərə xüsusi imtiyaz yaradıb, azərbaycanlılara qarşı olan qanunsuzluqların qarşısının alınmaması dözülməz haldır"

"Gürcüstanda yaşayan həmyerlilərim maksimum soyuqqanlı olmalıdırlar, çünki hal-hazırda baş verənləri başqa istiqamətə yönəldib Azərbaycanın əleyhinə istifadə etmək istəyən çox qüvvələr var".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, bəzilərinin dedikləri kimi, Dmanisidə baş verənlər sadə bir məişət zəminində olan münaqişə deyil və hadisələri belə dəyərləndirmək, laqeyd olmaq çox ziyanlıdır: "Bu gün baş verənlərin əsası 1990-cı illərin əvvəlindən qoyulub. O vaxtlar dağ rayonlarında yaşayan svanları yerli türk kökənli soydaşlarımızı zorla köçürmək üçün iqtisadi problemlər adı ilə onlar yaşayan bölgələrə yerləşdirdilər. Həmin bölgələrə yerləşən svanlar ilk günlərdən yerli əhaliyə qarşı zorakılıq, quldurluq etməkdən çəkinmədilər, çünki bütün cinayətlərin elə hakimiyyət rəsmiləri tərəfindən ört-basdır ediləcəyinə əmin idilər. Sonralar Azərbaycan hakimiyyətinin təzyiqi ilə tədricən bu proses aradan qaldırıldı və Saakaşvili hakimiyyəti dövründə tam olmasa da yerli əhalinin hüquqları qorunmağa başladı. Həmin dövrlərdə o regionlara olan ayrı-seçkilik qismən də olsa aradan qaldırıldı. Bir çoxlarından fərqli olaraq dediklərim söz yığını deyil. Həmin illər Kvemo-Kartli (soydaşlarımızın yaşadıqları bölgə belə adlanır) ilə Gürcüstanın başqa bölgələri, xüsusən Cavaxetiya arasında olan fərqi, ayrıseçkiliyi konkret faktlarla “Tolerans” İctimai Birliyi adından BMT-nin Jeneva, Avropa Şurasının Strasburq ofislərinə mənim tərəfimdən göndərilmişdir və uzun illər Gürcüstan hakimiyyətindən həmyerlilərimizə qarşı olan ayrıseçkiliyin aradan qaldırılması barədə hesabatlar tələb edilmişdir.

B.İvanişvilinin başçılıq etdiyi partiya hakimiyyətə gələndən həmin proseslər yenidən baş qaldırmağa başladı və son vaxtlar artıq dözülməz hala çatdı. Yerli sakinlərə qarşı svanların qanunsuz hərəkətləri Gürcüstan hakimiyyəti tərəfindən bilərəkdən görməməzliyə qoyuldu. Özü də bu tək Dmanisidə yox, svanların yerləşdirildikləri bütün ərazilərdə baş verməyə başladı. Bu gün Dmanisidə baş verənlərə görə birbaşa indiki Gürcüstan hakimiyyəti məsuliyyət daşıyır və bu hamımız tərəfindən, xüsusən Azərbaycan hakimiyyəti tərəfindən yuvarlaq yox, qəti şəkildə bildirilməlidir. Bir daha bildirəm ki, bizim gürcü xalqı ilə problemimiz yoxdur. Problem bu günkü Gürcüstan hakimiyyəti ilədir. Gürcü xalqı çox yaxşı bilir ki, azərbaycanlılar rus işğalına qarşı döyüşüb vətənləri Gürcüstanı müdafiə edəndə Ermənistan hakimiyyəti Gürcüstana qarşı döyüşən rus hərbi təyyarələrini qəbul edib yanacaqla təchiz edib Gürcüstanı bombalamağa göndərirdi. Əminəm ki, gürcü xalqı ermənilərin Baqramyan batalyonu vasitəsilə Abxaziyanın işğal edilməsində döyüşdüklərini də unutmayıb. Gürcüstan hakimiyyəti bilməlidir ki, onların müstəqilliyinə təhlükə olan hər zaman Azərbaycan hakimiyyəti və xalqı Gürcüstanın yanında olub və olacaq. Belə olan halda Cavaxetiyada ermənilərə xüsusi imtiyaz yaradıb, azərbaycanlılara qarşı olan qanunsuzluqların qarşısının alınmaması dözülməz haldır. Bu uzun müddət belə davam edə bilməz. Biz ermənilər kimi xüsusi imtiyaz tələb etmirik, sadəcə qanun qarşısında hamının bərabər olmasını istəyirik!"

Tarix: 17 May 2021, 23:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin