BURADA REKLAMINIZ OLA
BİLƏR

"Biz Ağdamda Qarabağ şikəstəsini zəfər mahnısı kimi səsləndirdik" - Mənsum İbrahimov

"Bir il əvvəl Ağdamın bərpasında iştirak edə biləcəyimizi ağlımıza belə gətirmirdik. Arzumuz sadəcə bircə dəfə də olsa, yenidən bu torpaqlarda olmaq idi. Şükürlər olsun ki, əlamətdar gündə - 28 Mayda Ağdamın mərkəzində şəhərin bərpasının təməl daşının qoyulması mərasiminin şahidi olduq. Biz zəfər çalmış xalqın nümayəndələri kimi orda iştirak etdik".

 

Bu sözləri Azərbaycanın Xalq artisti Mənsum İbrahimov Prezident İlham Əliyevin Ağdama səfəri və şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirakı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

 

O, şəhərin baş planının möhtəşəm hazırlandığını bildirib:

 

"Ağdamın bərpası ilə bağlı layihə çox möhtəşəmdir, hətta bizim düşündüyümüzdən də möhtəşəm. Şəhər düşünülmüş, smart tipli, "Ağıllı şəhər" layihəsi çərçivəsində qurulacaq və əvvəlkindən iki dəfə böyük əraziyə sahib olacaq. Artıq şəhər 100 minlik əhali üçün nəzərdə tutulub və müasir texnologiyalarla idarə olunacaq. Şəhərdə meşə zolağı, parklar, süni göl, Sənaye Parkı salınacaq. Ağdam hamımızın arzu etdiyimizdən daha gözəl şəhərə çevriləcək. Bura artıq turizm bölgəsi olacaq. Yaşayış məntəqələri, otellər tikiləcək, hətta xətsiz tramvay belə fəaliyyət göstərəcək. Şəhərdə Qarabağ Universitetinin yaradılması ilə bağlı da qərar verildi. Ağdam Qarabağın döyünən ürəyidir. Bu şəhər öz əzəmətini qaytaracaq və Qarabağın mərkəzi olacaq".

 

Xanəndə qeyd edib ki, Ağdamla bağlı belə tarixi anların canlı şahidi olmaq böyük xoşbəxtlikdir:

 

"Sevinirəm ki, bu tarixi anlarda iştirak edə bildim. Ağdamın bərpasının təməlqoyma mərasimində iştirak etmək mənim üçün tarixi an idi. Ağdamdan möhtəşəm təəssüratlarla qayıtdım. Bir neçə il sonra hazır, müasir şəhərə gedə biləcəyik. Şəhidlərin ruhu qarşısında baş əyirəm, qazilərə təşəkkür edirəm, onların sayəsində biz bu torpaqlarda ola, bərpasına şahidlik edə bilirik.

Mərasimdə Nəzakət Teymurova, Təyyar Bayramovla birlikdə Qarabağ şikəstəsini oxuduq. Bu, çox gözəl an idi. Musiqisiz, plansız, o andakı sevinclə şikəstəni oxuduq. Qarabağ şikəstəsini hər zaman nisgillə, həsrətlə oxuyurduq, dünən isə biz onu sevinclə oxuduq. Biz Ağdamda Qarabağ şikəstəsini zəfər mahnısı kimi səsləndirdik. Mən Ağdamın, Qarabağın bir zərrəsiyəm. Doğulduğum torpağa, yuvama qayıtmışam, özümü tapmışam. Sevinirəm ki, artıq bu şəhəri tikməyə başlayırıq, özümüzə qayıdırıq. Bütün xalqımızı bir daha təbrik edirəm".

 

Demokrat.az

Tarix: 29 May 2021, 20:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin