BURADA REKLAMINIZ OLA
BİLƏR

“ATƏT-in Minsk Qrupu heç vaxt tərəfsiz olmayıb”

"Həmsədrlərin yenidən belə canfəşanlıq etməsi, onların Azərbaycan-Ermənistan sərhədinə gəlişi yalnız regiondakı dayanıqlı sülhə mane ola bilər. Çünki biz ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti boyu şahidi olduq ki, onlar vasitəçi kimi heç zaman tərəfsiz olmayıblar".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

 

Deputat bildirib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyil: “Həmsədr ölkələr fəaliyyətləri müddətində, Prezident İlham Əliyevin dediyi kimi, yalnız baş qatmaqla, müxtəlif bəhanələrlə yubatmaqla, gündəmə bizim ziyanımıza olan təkliflər gətirməklə Azərbaycan torpaqlarını əbədi olaraq erməni işğalında saxlamağa çalışırdılar. ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu təxminən 27 ildən çoxdur ki, fəaliyyət göstərir. Onlar hər zaman istəyirdilər ki, bu ərazilər erməniləşsin və Azərbaycan da tam ümidsizliyə qapılaraq Minsk Qrupu ilə razılaşsın. Sanki, həmsədrlər Azərbaycanın iradəsini yoxlayırdılar. Bizim əsəblərimizi tarıma çəksələr də, heç nəyə nail ola bilmədilər. Çünki Ulu öndər Heydər Əliyev hələ hakimiyyətə gəldiyi ilk gün demişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur! Cənab Prezident İlham Əliyev də 2003-cü ildə hakimiyyətə gəldiyi ilk gündən etibarən torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində çox gərgin iş aparmağa başladı. Dövlətimizi, ordumuzu gücləndirdi və bütün beynəlxalq tribunalardan Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırdı. Həmsədrləri başa salmağa çalışdı ki, siz özünüzü yormayın, biz onsuz da torpaqlarımızı düşmən işğalından azad edəcəyik".

 

E.Məmmədov qeyd edib ki, ümumiyyətlə, həmsədrlərin qısa tarixinə nəzər salsaq, görərik ki, bu dövlətlərin hər biri həmişə ermənipərəst mövqeləri ilə seçiliblər: "Hələ münaqişə başlamamışdan öncə xüsusilə Fransa və Amerika Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı məsələləri qabardırdılar. Vətən müharibəsi dövründə də biz bu 3 dövlətin mövqeyinin şahidi olduq. Açığı, Rusiyanın mövqeyini pisləmirəm, çünki ən azından neytral münasibət sərgilədi. Qeyd etdi ki, müharibə Azərbaycanın torpaqlarında gedir. Amma digər həmsədr dövlət olan Fransa müharibə dövründə, demək olar ki, bütün çirkinliklərə və murdarlıqlara əl atdı. Onlar cürbəcür sərsəm bəyanatlar verir, Azərbaycana qarşı təzyiq göstərirdilər. İndi sual yaranır ki, bunlar niyə Azərbaycan-Ermənistan sərhədinə gəlirlər?! Xeyirdimi?! Təklif edirlər ki, sərhəddə həmsədr dövlətlərin hərbi qüvvələri dayansın. Niyə?! Axı mənim ordum da, gücüm də var və mən öz sərhədlərimi qorumaq iqtidarındayam. Belə idisə, elə həmin beynəlxalq qüvvələr vaxtında işğala son qoymaq üçün gələrdilər. İndi mənim sərhədimdə onların heç bir işi ola bilməz!"

 

Nəzrin Cavid

Tarix: 31 May 2021, 18:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin