BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN-dəki seçkilər qalmaqal yaratdı: "200 nəfər birdən ortaya çıxdı"

Azərbaycanda İctimai Şuraların yaradılması problemsiz ötüşmür. Bir nəfərin bir neçə qurumda təmsil olunması narazılıq yaradır. Bu sektorda məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı təkliflər səslənir.

Pravda.az xəbər verir ki, məsələ ilə bağlı danışan vətəndaş cəmiyyətinin tanınmış simalarından olan Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu hesab edir ki, bir şəxsin bir neçə qurumda təmsil olunması düzgün qərar deyil:

“İctimai Şuralara seçilən insanların obyektiv seçilməməsi məsələsini biz qaldırmışıq. Bir nəfər tək canı ilə neçə nəfərin işini görə bilər? Bir nəfər beş qurumda necə işləyə bilər? Həmin adamın işi nə dərəcədə effektiv olar? Bir şəxs həm işləyir, həm QHT-sı var, hər qurumda özünü nə qədər göstərə bilər?”

QHT sədrinin sözlərinə görə bu məsələdə mütləq kvota tətbiq edilməlidir:

“Bizim şəxsən tanıdığımız adam var ki, dörd yerdə ictimai nəzarət şurasının üzvüdür. Bu qədər işi necə çatdırır? Kvota mütləq olmalıdır. Bir şəxs heç iki yerdə belə işləməməlidir. Əgər normal işləmək işləyirsənsə, yalnız bir təşkilatda olmalısan. Həm də  üzvlər seçildiyi nazirlikdən qrant alırlar. Qrant alan insan nazirliyi obyektiv müşahidə edə bilərmi? Onlar artıq nazirlikdən asılı olur. Mən buna qarşıyam”.

Hüquq müdafiəçisi ötən gün Daxili İşlər Nazirliyinin yanında İctimai Şuraya keçiirlən seçkilərdən də danışıb. Qeyd edib ki, ötən gün baş tutan seçkilər deyildiyi kimi heç də şəffaf olmayıb: "Məsələn, bizə deyilmişdi ki, yalnız bir nümayəndəniz səsverməəd iştirak edə bilər. Amma seçki zamanı 200 nəfər birdən ortaya çıxdı. Onların kimin adından, niyə gəldikləri heç bilinmədi. Onlar necə qeydiyyatdan keçdilər? Biz bunların heç birini bilmirik. Gələn 200 nəfər bizim fəaliyyətimizlə tanış deyildi. Onlar hardan gəlib səs verdilər? Kim idilər anlamadıq. Bəzi dostlarımız deyir ki, seçkilər çox şəffaf keçdi. Necə şəffaf keçdi?! Elə bil marafon idi, birdən-birə 200 nəfər gəldi. Biz bu gün öz namizədliyimizi geri götürəcəyik. Mən bu məsələni belə saxıamayacağam. Görək ictimai nəzarət komitələri nə işlə məşğuldurlar?"


Yenisabah.az

Tarix: 4 İyun 2021, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin