BURADA REKLAMINIZ OLA
BİLƏR

"Təxribatçıların Qarabağda çox istifadə olunan yollarda mina basdırması ehtimalı da var"

"Keçmiş Ağdərə adlanan rayonun ərazisi bu gün Kəlbəcər və Tərtər rayonlarına aiddir və oralarda hələ də Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri qalmaqdadır. Həmin təxribatçılar çox istifadə olunan işlək yollarda mina basdıra bilərlər".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bu gün Kəlbəcər rayonunda ikisi jurnalist olmaqla, üç nəfərin xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olması barədə danışarkən deyib.

 

 

Deputat bildirib ki, Kəlbəcər rayonunu yaxın ərazilərdə erməni quldurlarının hələ də mövcud olması faktdır: "Hadisənin qurbanı olmuş şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Allah ailələrinə səbr versin. Görüntülərə əsasən, belə qənaətə gəlmək olur ki, hadisə baş vermiş ərazi işlək yoldur. Oralar dağlıq ərazilər olduğu üçün minaların əvvəldən basdırılmış olması ehtimalı yüksəkdir. Nəzərə almaq lazımdır ki, mina basdırılmış yoldan öncə insanlar, maşınlar keçsə də, düşməyə bilərlər. Amma bir ehtimal da var. Belə ki, keçmiş Ağdərə adlanan rayonun ərazisi bu gün Kəlbəcər və Tərtər rayonlarına aiddir və oralarda hələ də Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri qalmaqdadır. Həmin təxribatçılar bu gün də çox istifadə olunan işlək yollarda mina basdıra bilərlər. Çünki təəssüflər olsun ki, "Artsax"ın ordu adlandırdığı özünəməxsus quldur dəstəsi hələ də qalmaqdadır. Bunun nəticəsidir ki, işğaldan azad etdiyimiz Kəlbəcər rayonuna yaxın ərazilərdə hələ də diversant qruplar fəaliyyət göstərir. Bu reallıqdan qaçmaq olmaz. Yəni hər iki ehtimal var: köhnə basdırılmış mina olması ehtimalı ilə yanaşı yeni basdırılması da inkar edilmir".


E.Məmmədov qeyd edib ki, Azərbaycan öz ərazilərindən erməni quldur dəstələrini birdəfəlik çıxarmaq üçün daha ciddi tədbirlər görməlidir: "Kim olursa olsun, əgər ölkəmizin ərazisində qeyri-qanuni silahlı qruplaşmalar varsa, hər biri cinayətkardırlar. Belə qruplaşmalar mövcud olduğu vəziyyətdə işğaldan azad etdiyimiz ərazilərdə vaxtaşırı olaraq bu cür təxribatlarla rastlaşa bilərik".


Nəzrin Cavid

Tarix: 4 İyun 2021, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin