BURADA REKLAMINIZ OLA
BİLƏR

Elxan Məmmədov: "Erməni şərhçi ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik edib"

“Məsələ barədə məlumatımız var. Vəziyyətə aydınlıq gətirmək üçün ilk növbədə onu qeyd etməliyəm ki, AVRO-2020 UEFA-nın bayrağı altında vahid sistem şəklində təşkil olunur”.

 

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

 

Assosiasiya rəsmisi "Matç TV" telekanalının şərhçisi, jurnalist Nobel Arustamyanın UEFA tərəfindən qitə birinciliyinə akkreditasiya almamasına münasibət bildirib. O, Arustamyanın dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər etdiyini vurğulayıb.

 

Məmmədov erməni jurnalistin qanunlarımızı pozduğunu sözlərinə əlavə edib: “Bu, eyni zamanda UEFA-nın akkreditasiya qeydiyyatı sisteminə də aiddir. Yəni akkreditasiya üçün müraciət etmiş hər hansı şəxslə bağlı AVRO-2020-nin oyunlarının keçiriləcəyi 11 şəhərin hər birinin Təşkilat Komitəsi tərəfindən təsdiq cavabı gəldikdən sonra qeydiyyat təsdiqlənir və müraciət edən şəxs akkreditasiyadan keçmiş hesab olunur. Konkret bu situasiyada adı qeyd olunan media nümayəndəsi hər hansı problemə üzləşibsə, ona tövsiyə edərdik ki, bununla əlaqədar UEFA-ya müraciət etsin. Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub”.

 

Qeyd edək ki, AVRO-2020 11 iyun – 11 iyul tarixlərində qitənin 11 şəhərində keçiriləcək. A qrupunun oyunları çərçivəsində iyunun 12-də Uels – İsveçrə, 16-da Türkiyə - Uels, 20-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda baş tutacaq. İyulun 3-də isə paytaxtımızda 1/4 final mərhələsinin görüşü oynanılacaq.

Tarix: 8 İyun 2021, 23:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin