BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Hökumət anaların sosial mühafizəsi barədə çıxış yolu tapmalıdır”

“Bir çoxlarına uşaqpulu məsələsi haradasa populist tələb kimi anlaşıla bilər. Hökumət də milyard manatı aşan vəsaitdən söhbət getdiyinin fərqində olduğuna görə problemə olduqca ehtiyatla yanaşır”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa musavat.com-a müsahibəsində deyib.

 

F.Mustafa qeyd edib ki, ünvanlı müavinət formasında həqiqətən də əhəmiyyətli sayda uşaqlara vəsait ödənməsi bir faktdır: “Lakin ölkədə yetərli sayda uşaqlar var ki, onlar üçün bu müavinət əlçatan deyil. Aliment pulu ala bilməyən uşaqlardan tutmuş, boşanmalar və ya başqa səbəblərdən valideyn himayəsi olmayan uşaqlara qədər, xəstəliyə görə normal müalicə ala bilməyən uşaqların hamısını əhatə edəcək dəstək forması mütləq tapılmalıdır. Adını heç uşaqpulu da qoymasınlar. Adicə məktəbli uşaqların ictimai nəqliyyatdan pulsuz istifadə haqqının tanınması da bu cür yüngülləşdirici amillər sayıla bilər. Bu mövzuda Sahil Babayevin əsaslandırmasında müəyyən həqiqət payı olsa da, problem həll olunmamış qalırsa, o halda mövzuya nöqtə qoymaq doğru olmazdı. Biz müzakirələrdə həm də anaların sosial müdafiəsi probleminə diqqət yönəltdik. Beynəlxalq Əmək Təşkilatının 2018-ci ildə hazırladığı “Qlobal Sosial Müdafiə Hesabatı”nda göstərlir ki, Azərbaycanda əmək qabiliyyətli yaşda qadınların hər 7 nəfərindən biri və ya 14%-i analıq məzuniyyətilə bağlı sosial ödəniş ala bilir. Yerdə qalan 86% ya qeyri-formal məşğulluğa görə gizli işsiz olduğu üçün bu hüquqdan məhrumdur. Hesabata görə, bu göstərici MDB ölkələrindən Ukraynada 100%, Rusiyada 70%, Ermənistanda 61%, Qazaxıstanda 45%, Gürcüstan 24%-dir. İnkişaf etmiş ölkələr heç - onlarda istinasız olaraq 100%-dir. Hər halda, hökumət uşaq dünyaya gətirən anaların sosial mühafizəsi barədə çıxış yolu tapmalıdır. Bu, həm də onların kiçik övladlarının sağlam böyüməsi üçün vacibdir. Burda söhbət uşaq pulunun bərpasından getmir. Söhbət əmək qabiliyyətli yaşında işləməyən və işləmədiyi müddətdə ana olan qadınların sosial müdafiəsindən gedir”.

Tarix: 18 Noyabr 2019, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin