BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Şuşa Bəyannaməsi hüquqi akt olaraq 2010-cu il müqaviləsinin məntiqi davamıdır”

“Şuşa Bəyannaməsi hüquqi akt olaraq “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il 16 avqust Müqaviləsinin yeni reallığın tələblərinə əsasən formalaşmış məntiqi davamıdır, lakin, məzmunca münasibətlərin daha da dərinləşməsinə  xidmət edir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, son günlər “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il 16 avqust Müqaviləsi yenidən gündəmə gətirilir və “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə müqayisə edilir.

 

B.Məhərrəmovun sözlərinə görə, hər iki hüquqi sənəd Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir və biri digərinə zidd məzmunda deyil: “Bu mənada belə bir müqayisənin aparılması özü qüsurludur. 2010-cu il müqaviləsindən sonra Şuşa Bəyannaməsinin imzalanması zərurətinə gəlincə, yəni heç şübhəsiz ki, bəli, Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni hərbi-siyasi reallıq, habelə, Türkiyənin qlobal gücə çevrilməsi fonunda, belə bir sənədin imzalanmasına zərurət var idi. Məlumdur ki, “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il 16 avqust Müqaviləsi Tərəflərin hər hansı birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına təhdid edildiyi və ya təhlükə altında olduğu qənaəti yaranarsa, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparılmasını müəyyən edirlər. Yaxud, Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, BMT Nizamnaməsini rəhbər tutub, hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə Tərəflər qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəlirlər. Gördüyünüz kimi, bu müqavilədə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsinə əsaslanır. Bu maddənin məzmunu müttəfiqlik münasibətləri olmadan belə, hər hansı dövlət, yaxud, bütövlükdə region üçün təhdid yaranarsa fərdi və kollektiv özünümüdafiə hüququnu ehtiva edir. Yəni 51-i maddəyə əsasən kömək edən və kömək edilən tərəfi ümumi təhlükə birləşdirir və tərəflərin birgə fəaliyyəti  təhlükə sovuşana qədərdir. Müttəfiqlik münasibəti isə fərqli mərhələdir və müttəfiqlər öncə tərəfdaşlığı strateji səviyyəyə yüksəltməlidir. Bu baxımdan strateji tərəfdaşlıq mərhələsini ifadə edən 2010-cu il müqaviləsinin imzalanması müttəfiqliyə gedən yolun şanlı səhifəsidir”.

 

Parlamentin üzvü vurğulayıb ki, Şuşa Bəyannaməsi isə münasibətlərin ən ali səviyyəsi olan tam müttəfiqlik münasibətini ehtiva edir, tərəfin birinə təhlükə yaradan amil avtomatik olaraq digər müttəfiq üçün də təhlükə mənbəyi hesab olunur: “Yəni müttəfiqlik müqaviləsi o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı formada təhdid olunarsa, bu Türkiyənin ərazi bütövlüyünə qəsd demək olacaq. Bu mənada, aydın görünür ki, Şuşa Bəyannaməsi hüquqi akt olaraq “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il 16 avqust Müqaviləsinin yeni reallığın tələblərinə əsasən formalaşmış məntiqi davamıdır, lakin, məzmunca münasibətlərin daha da dərinləşməsinə  xidmət edir”.

 

Nəzrin Cavid

Tarix: 17 İyun 2021, 14:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin