BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “Fulya Öztürkün əməyini aşağılamaq istəyənlər uğur qazanmayacaqlar”

Bu qədər paxıllığın səbəbi nədir?

 

Türk bacımız, 44 günlük Vətən Müharibəsinin hər dəqiqəsində ən azından yanımızda olmuş Fulya Öztürk haqqındakı yazıları oxuduqca özümün keçirdiklərim hisslər yadıma düşdü. Yadınızdadırsa, dəfələrlə yazmışdım ki, Azərbaycanda nifrət obyekti olmaq üçün öz peşəndə, həyatında uğurlu olmaq kifayətdir. Bu fikri dəfələrlə elə belə səsləndirmirdim. Hər addımda həm özümüz, həm də bütövlükdə Xalqımız üçün çox ziyanlı olan bu xislətdən, paxıllıqdan qurtulmalıyıq. Özümüzə ziyanlıdır ona görə ki, paxıllıq hissi xərçəngdən də pis xəstəlikdir (bu fikri də dəfələrlə səsləndirmişəm) və insanı içindən durmadan yeyir. Uşaqlıqdan mənə aşılanıb ki, başqalarının uğuruna sevinmək çox yaxşıdır. Elə olanda insan özü də uğur qazanır. Sonralar isə bunu həyatımda da gördüm. İnsan nə qədər paxıl, xəbisdirsə, o qədər də uğursuz olur. Əksinə nə qədər xoşniyyətlidirsə o qədər də çox uğur qazanır.

 

Əvvəllər elə bilirdim ki, bu ancaq hüquqşünaslar arasında yayılmış xəstəlikdir. Ona görə ki, Azərbaycana gəldiyim ilk günlərdən bunu görmüşəm. 1989-cu ildə Rusiyadan rayon məhkəməsinin sədri vəzifəsindən Bakıya Respublika Prokurorluğuna sıravi bir şöbə prokuroru vəzifəsinə gəldim və mənə mayor rütbəsi verildi, hərçənd ki, o vaxtlar məhkəmə sədri, rayon prokuroru eyni statuslu sayılırdı və mənə polkovnik rütbəsi də verilə bilərdi. Rusiyada kimsə rütbə alanda həmkarlarının onu təbrik etdiklərini, qonaqlıq verdiklərini bildiyimdən mən də belə bir şey gözləyirdim.

 

Əvəzində Cavanşir adlı bir işçi gəlib dedi ki, “mən 10 ildir prokurorluqda külüng döyürəm, hələ də kapitanam, sən bir aydır gəlmisən dərhal mayor aldın”. Onda həqiqətən matım-mutum qurumuşdu. Sonralar belə hallara artıq öyrənsəm də, başqalarının uğuruna sevinməkdən əl çəkmədim. 1990-cı illərdən ABŞ-a və Avropaya dəvət alan ilk hüquqşünas oldum. Başqa hüquqşünasların da dəvət alınması üçün əlimdən gələni edirdim. Mənimlə görüşən hər xarici diplomatlara, ekspertlərə digər hüquqşünaslarla da görüşməyi məsləhət bilirdim. Sonralar elə həmin xaricilərin müsbət şəkildə xarakterizə etdiklərim tərəfindən haqqımda çox pis fikirlər səsləndirdiklərini demələrinə baxmayaraq yenə öz əməlimdən əl çəkmədim ki, bəlkə baxıb pis əməllərindən əl çəkərlər. Ancaq heç nə alınmadı. Mən ölkə içində və xaricində tanındıqca bunların şər və böhtanları çoxaldı. 1990-cı illərin sonları, 2000-ci illərin əvvəlləri və sonrakı zamanlar ANS TV-ni və həmin dövr digər KİV-ləri izləyənlər bilirlər ki, onlarla hüquqşünas haqqında həmişə müsbət fikir səsləndirib onların yaxşı işlərini qeyd etmişəm. Ancaq bu günə qədər bir nəfər hüquqşünas belə haqqımda müsbət fikir söyləməyib, hansısa yaxşı əməlimi qeyd etməyiblər. Əksinə haqqımda yayılan şər-böhtanlara nəinki susublar, daha da seviniblər. Vəkillikdən dəfələrlə xaric ediləndə də sevindilər, zənn etdilər ki, avtomatik olaraq həmin yeri onlar tutacaq. Bunun da kökündə ancaq paxıllıq durub. Onlar zənn ediblər ki, bu yolla uğur qazanıb məndən artıq tanınacaq və uğurlu olacaqlar. Ancaq heç nəyə nail olmadılar, mən isə öz yolumu yenə davam etdirirəm.

 

Ona görə bu gün Fulya xanımın əməyini aşağılamaq istəyənlərə bir tövsiyyəm var. Bu yolla heç bir uğur qazanmayacaqsınız. Əksinə, bu türk balasını sevin, min kilometrləri qət edib, özünü təhlükəyə atıb ölkəmizin müharibədə uğur qazanması üçün çəkdikləri zəhməti qeyd edin, onun uğuruna sevinin ki, Sizlər də uğur qazanasınız. Bu günə qədər paxıllıqdan heç qazanan görmədim. Mənim isə həm yaşım, həm də həyat təcrübəm az deyil. 

 

Yazını tez-tez təkrarladığım başqa bir fikirlə yekunlaşdırıram. Uğur qazanmağın çox bəsit bir yolu var. Uğurlu olmaq istəyirsənsə, ətrafına uğur arzula!

 

Aslan İsmayılov

 

Hüquqşünas

Tarix: 19 İyun 2021, 17:18   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin