BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Putin-Bayden görüşündə Qarabağdan danışılmaması əslində Azərbaycana pozitiv siqnaldır...”

“Putin-Bayden görüşündə Rusiya lideri bir addım irəlidə oldu. Putin bu görüşü uğurla keçirdi. Əlbəttə, bir sıra razılaşmalar əldə olunmadı. Əslində qarşıya belə vəzifə də qoyulmamışdı. Başlıcası o idi ki, bu görüş prinsipial məsələlər üzrə baş tutdu”. 

Pravda.az xəbər verir ki, bu fikirləri Rusiya və ABŞ prezidentlərinin son Cenevrə görüşünün nəticələrindən danışan Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov söyləyib.

“Bütün hallarda hesab edirəm ki, dünya siyasətində əməkdaşlığa üstünlük verilməsi istiqamətində bir dönüş başlanıb. Ona görə ki, bunun alternativi yoxdur. Dünya dəyişib. Özü də yetərincə hiss ediləcək formada. Odur ki, bununla hamı, o cümlədən son illər planetdəki proseslərin idarə olunmasında özü də çətinlik çəkən ABŞ da hesablaşmalıdır. Bütövlükdə bəhs edilən görüşün nəticələrini Putinin dünya ictimaiyyəti və konkret olaraq regional aparıcı dövlətlər istiqamətindəki xarici siyasətinin qələbəsi hesab edirəm” - deyə A.Mütəllibov bildirib. 

Sabiq dövlət başçısı “Putin-Bayden görüşündə Qarabağ haqqında rəsmi olaraq bir kəlmə də danışılmamasına necə qiymət verirsiniz” sualını da cavablandırıb:

“Əslində Putin-Bayden görüşünün mediaya açıq rəsmi hissəsində  Qarabağdan bir kəlmə də danışılmaması Azərbaycanda narahatlıq doğurmamalıdır.  Məlumdur ki, görüşdən bir gün qabaq Rusiya Prezidentinin köməkçisi bildirmişdi ki, görüş zamanı Putin və Bayden Qarabağ, Ukraynadaxili böhran və Belarusdakı vəziyyətə xüsusi diqqət ayıracaq. Lakin sonda bəlli olduğu kimi, istər Putin, istərsə də Bayden Rusiya-ABŞ sammitinin yekunlarına dair keçirdikləri mətbuat konfransında Qarabağa dair bir kəlmə də işlətmədilər. Amma zənnimcə, bu, o demək deyil ki, Rusiya və ABŞ liderləri Qarabağ məsələsini diqqətdən kənar saxlayıblar. Əksinə, hesab edirəm ki, Putin və Bayden belə nəticəyə gəliblər ki, on illərlə diqqətdə qalan bu məsələ  artıq Azərbaycanın 44 günlük savaşdakı qələbəsindən və 10 Noyabr üçtərəfli razılaşmasından sonra əsasən öz həllini tapıb. Yəni bu, o deməkdir ki, iki super dövlət başçısı və ümumiyyətlə, əsas dünya gücləri Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı,  son müharibə nəticəsində yaranmış geo-siyasi reallığı da qəbul edir. Və məhz bu səbəbdən Qarabağ məsələsi artıq həll olunmuş hesab edildiyindən ciddi gündəm mövzusu hesab oluna bilməz. Əslində bu, Azərbaycana pozitiv bir siqnaldır...”. 

Eks-prezident II Qarabağ savaşındakı qələbədən sonra Azərbaycan üçün problemli qalan bir məsələdən də bəhs edib.

“Amma bununla belə,  zənnimcə, Qarabağdakı qələbəmizdən sonra Azərbaycan üçün problemli qalan bir məsələ var: hərdən Ermənistan siyasi dairələri ilə yanaşı, bəzi xarici dövlətlərin də “”Qarabağın statusu” məsələsini yenidən gündəmə gətirmək cəhdləri. Odur ki, beynəlxalq siyasi meydanda gedişlər edən Azərbaycan siyasətçilərindən daha ağıl və təmkinlə davranmaq, səyləri artırmaq və daim Azərbaycanın suverenliyini təhdid edən məsələlərin dünya gündəmindən tamamilə silməyə çalışmaq tələb olunur. Son 30 ildən çox dövrdə Qarabağ məsələsinə müdaxilə etməyə çalışan bütün tərəflərin nəzərinə qəti şəkildə çatdırmaq lazımdır ki, öncədən beynəlxalq hüquq müstəvisində ölkəmizin ərazi bütövlüyü çərçivəsindən savayı heç bir alternativi olmayan bu qondarma problem artıq son 44 günlük savaşda Azərbaycan ordusunun  həm Ermənistan, həm də Qarabağdakı separatçı rejim üzərindəki qələbəsindən sonra artıq hərbi müstəvidə də öz həllini tapıb. Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, Qarabağ –Azərbaycandır və nöqtə!.. Eyni zamanda dövlət başçısı Qarabağdakı ermənilərə hansısa status verilməsindən söhbət gedə bilməyəcəyini də təkrar-təkrar vurğulayıb. Odur ki, bütün digər məsələlər bu deyilənlərin mahiyyətinə istinad edilərək ortalığa atılmalıdır.  Mən də Prezidentin bu qənaəti ilə tam həmrəyəm. Həm də ona görə ki, mövcud gerçəklik və son hadisələrin məntiqi də bunu deyir. Əlbəttə, bu istiqamətdə  provokativ çıxışlar, davranışlar hələ də gözlənilir. Ancaq biz bunlara diqqət yetirməməli,  məlum razılaşmalara, dost, müttəfiq ölkələrə, beynəlxalq təşkilatlara və xalqımıza güvənərək öz işimizi görməli, tutduğumuz haqq yoluna daha inam və əzmlə davam etməliyik”- deyə sabiq dövlət başçısı vurğulayıb.


Moderator.az

Tarix: 19 İyun 2021, 19:32   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin