BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat Fülya Öztürkün müdafiəsinə qalxdı: "Tank partlatmalı, yoxsa ermənidən əsir götürməliydi?"

Bizim Ful(L)ya..

Əslində uzun-uzadı yazmaq, saatlarla mübahisə də etmək olar. Amma bəzi dostların, bəzi dediklərinə cavab verməsən olmur. Ona görə də qısa olacam. Və bəzi əsas tezislərə cavab verməyə çalışacam.

1-ci: "Fulya qəhrəmanlıq etməyib, ondan film çəkməyinə dəyməz."

Cavab: Bir müharibə jurnalisti hansı qəhrəmanlıq etməliydi ki? Tank partlatmalı, yoxsa ermənidən əsir götürməliydi? Bir müharibə müxbiri(+xanım) öz vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirib, bir çox hallarda hamıdan qabaq operativlik nümayiş etdirərək səsimizi dünyaya çatdırıbsa, ondan hansı qəhrəmanlıq umursunuz ki? Yox, əgər sizin anlamınızda qəhrəmanlıq mütləq ölmək və ya ən azından yaralanmaqdırsa, bu sizin düşüncənizdir. Özünüz bilərsiz.

2-ci: " Fulya üçün yaradılan şərait bizimkilərə yaradılsaydı.."

Cavab: Müharibə dövründə nə şərait istəyirsiz ki? Fulya Gəncə hadisəsi zamanı önə çıxdı. O vaxt Gəncəyə giriş-çıxış sərbəst idi. Texniki baxımdan da türkiyəli jurnalistlər bizimkilərdən heç nə ilə fərqlənməyib. Müharibə dövründə çəkiliş etmək və yaymaq üçün bu gün bircə telefon bəs edir. "Pis rəqqas"lar kimi bəhanə axtarmayın. Bəyəm rəhmətlik Çingiz çəkdiklərini "toy kamerası"yla lentə almırdımı?

3-cü: "Bizimkiləri Fulya gedən yerlərə buraxmırdılar"

Cavab: Bu məsələdə də " rəqqas bəhanəsi" görünür. Fulya bizimkilərə qadağan olunmuş heç bir əraziyə getməyib və gedə də bilməzdi. Ümumiyyətlə bu bəhanəni eşidəndə gözlərim önünə bilirsinizmi kimlər gəlir? O ki, icazəsiz toplantılar zamanı əlində telefon o tərəf bu tərəfə qaçıraraq "qızoğlan" səsiylə polisə "mənə toxunma, mən jurnalistəm. Mane olma" deyən o sarı jiletlilər.. İndi bir anlığa təsəvvür edin ki, o "qızoğlanlar"ı buraxıblar cəbhə bölgəsinə və eyni qışqırıqları bu dəfə orada, "çəkiliş etmək olmaz. Buranı tərk edin" deyən hərbçilərə deyirlər. Gülməlidir, deyilmi?..bəlkə də ağlamalı.

4-cü: "Fulya bunu qazandığı yaxşı pulun müqabilində edir. Bizimkilərə də o qədər pul verilsəydi" tipli sərsəmləmələr.

Cavab: Dünyada insan həyatı qədər qiymətli, şirin bir şey yoxdu. Heç bir normal insan həyatını, sağlamlığını, heç bir pula dəyişməz. Bu bir. Digər tərəfdənsə Fulya dünyaca məşhur bir kanalın rəsmi əməkdaşıdır. Hansısa frilanser və ya stringer deyil. Ki, çəkdiklərini yaxşı pul müqabilində harasa satıb qazanc əldə edə. Digər tərəfdən isə Fulyanın reportajlarında peşəkarlıqdan savayı həm də bir doğmalıq, sevgi, narahatlıq da hiss olunurdu. Onu bizlərə sevdirən də elə bu idi.

5-ci: "Film əvvəl bizimkilər, sonrasa Fulya haqda çəkilməliydi."

Cavab: Əvvəla bütün jurnalistlər TV əməkdaşlarıdır. Öz həmkarınız, əməkdaşımız haqda film, lap elə serial çəkin də. Kimdi sizə mane olan. Bu ki, istənilən TV üçün çox asan məsələdir. Bu qədər vətənpərvər, həmkarpərvərsinizsə edin də..kimdi sizi saxlayan? O ki, qaldı ardıcıllıq məsələsinə, şəxsən mənim qarşıma siyahı qoyulsa Fülyanı birinci edərdim. Bilirsiz niyə? Çünki biz-Bizik. Biz Azərbaycanlıyıq. Nə ediriksə öz doğma Vətənimiz üçün edirik. Fulya isə, bizə nə qədər yaxın olsa da əcnəbidir. Bura onun doğma deyil, ikinci Vətəni sayılır. Və əgər o da fədakarlığı bizim qədər, hətta bizdən də yaxşı edibsə deməli yerinin də yuxarı başda olmasını haqq edib. Bir mənzərəni gözləriniz önündə canlandırın: tutaq ki, içərisində ailəniz olan evinizdə yanğındı. Və bu çətin anda köməyinizə bir doğma qardaşınız, bir də yoldan ötən hansısa yad bir insan gəlir. Həmin o yad insan da yanğının söndürülməsinə sizin qədər(sizdən də çox) zəhmət çəkir, həyatını riskə atır. İndi səmimi deyin, kimə daha çox minnətdar olarsız: doğma qardaşınıza yoxsa həmin "yad"a?
Və sonda: Ermənilərin bir əcnəbi Peqovu var. Əclafın, dələduzun da biridi. Müharibə dövründə də işi-peşəsi erməni cəmiyyətinə saxta, yalan informasiya ötürmək oldu. Həm də yaxşıca pulun müqabilində təbii ki. Amma buna baxmayaraq bu gün də ermənilər ona Milli qəhrəman kimi yanaşır. Bunu isə elə-belə demədim. Düşünə bilənlər üçün söylədim..

 

Etibar Hüseynov 

Sabiq deputat

Tarix: 20 İyun 2021, 22:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin