Azərbaycanın telekanallarında məşhur Şuşa həbsxanasının görüntüləri yayılıb. Qeyd edək ki, Şuşa türməsi çar Rusiyası dövündən fəaliyyət göstərir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə sosial şəbəkədə qeyd edib ki, mədəniyyət paytaxtımızda həbsxana olmamalıdır: “Düzdür, həyat varsa təəssüf ki, cinayətlər və onun cəzasını çəkənlər də olacaq. Ancaq həbsxananın yeni Şuşadan köçürülməsi düzgün olardı. Bu məsələ üçün başqa bir regionda müasir tələblərə uyğun müəssisə inşa etmək olar. Şuşa isə özünün tarixi, mədəniyyət inciləri və müasir bu günü ilə tanınmalıdır”.
Şuşada həbsxananın olmaması ideyasını hüquq müdafiəçisi Novella Cəfəroğlu da dəstəkləyib. Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, deputat Aydın Mirzəzadə lazımlı bir məsələni ictimailəşdirib. Həqiqətən də mədəniyyət paytaxtımızda həbsxananın olmasına ehtiyac yoxdur: “Şuşa bir simvoldur, mədəniyyət, incəsənət mərkəzidir və bundan sonra daha çox məhz bu istiqamətdə inkişaf edəcək. Ona görə də yaxşı olar ki, Şuşadakı məlum həbsxana cəzaçəkmə müəssisəsi kimi istifadə edilməsin. Çar hökumətini zamanında inşa edilmiş həbsxana binası sökülməsin, tarixi abidə kimi saxlansın. Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra Şuşa həbsxanası yüzlərlə, minlərlə azərbaycanlı əsirlərin saxlandığı, işgəncə verildiyi, öldürüldüyü dəhşətli bir yer olub. O həbsxana ermənilərin əlində olan dövrdə Qafqazın ”Quantanamosu" idi.
Həmin binanın sökülmədən saxlanması, gələcək nəsillərə, Şuşaya təşrif buyuracaq turistlərə nümayiş etdirilməsi lazımdır. Yəni Şuşa türməsinin cəzaçəkmə müəssisəsi funksiyası dəyişdirilərək turistlər üçün açıq olan tarixi anlam daşıyan abidə funksiyası ilə əvəz edilməlidir. O həbsxanada həm Çar dövründə, həm SSRİ zamanında cəzaya məhkum edilmiş məşhur insanların adları, həm Qarabağ müharibəsi dövründə ermənilərin əsirlikdə saxladıqları insanlar haqda məlumatlar da yerləşdirmək lazımdır".
Hüquq müdafiəçisi onu da qeyd etdi ki, cəmiyyət varsa, onun içində cinayət edənlər, həbsə düşənlər də olur və bu təbiidir. Şuşa həbsxanasının əvəzinə işğaldan azad olunmuş rayonlarımızın başqa birində və ya məsələn, Bərdə rayonu ərazisində bir müasir tipli həbsxana tikilsə, məqsədəuyğundur: “İşğaldan azad edilmiş rayonlarımıza, inşallah, bir milyona yaxın insan qayıdacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, həmin rayonlarımıza yaxın əhalisi çox olan rayonlarımız da var. Bu qədər əhalinin yaşayacağı bir böyük ərazidə bir ədəd müasir tipli cəzaçəkmə müəssisəsi olmalıdır ki, orada yaşayan insanlarımız həbsxanaya düşən doğmaları ilə görüş kimi məsələlərdə əziyyət çəkməsinlər”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da hesab edir ki, həbsxana mədəniyyət paytaxtına yaraşmır. Onu Şuşa ətrafına və ya başqa bir yerə köçürmək olar. Şəhərdə həbsxananın olması vacib deyil: “Şəhərin kənarında nisbətən uzaq bir yerdə tikmək olar. İstənilən halda təklif xoş niyyətlidir, Şuşanın mənəvi dəyərlərinə önəm verilməsi vacibdir. Çalışmalıyıq ki, Şuşa adı heç bir mənfi emosiya ilə assosiasiya olmasın”.