BURADA REKLAMINIZ OLA
BİLƏR

Manatın məzənnəsi ilə bağlı açıqlama

"Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Dünənki birjalarda dollar Avropa pulu daxil olmaqla əksər səbət valyutalarına nisbətən son bir ayın ən yüksək artımı ilə tamamlayıb”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

 

Deputat qeyd edib ki, ABŞ dollarındakı artımlar Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlarla bağlı olmaqla yanaşı, texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak mallar indeksi göstəriciləri ilə əlaqələndirilir: “Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. 335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib.

 

Dolların möhkəmlənməsi bir sıra strateji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son 1 ayda dünya bazarında qızılın qiyməti 2.8 faiz ucuzlaşıb”.

 

Vüqar Bayramovun müşahidələrinə əsasən, dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da, qonşu Rusiyada rubl son 1 ayda 3 faizə yaxın dəyər itirib: “Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçirilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barrel Brent markalı neft dünya bazarında 76 dollardan baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barrel üçün 40 dollar nəzərdə tutulsa da, qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal bazarlardakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayışlar risklərini nəzərə aldıqda uzun müddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur”.

Tarix: 14 İyul 2021, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin