BURADA REKLAMINIZ OLA
BİLƏR

Bizim adam - Adil Əliyevin portret cizgiləri

BİZİM ADAM - ADAM KİMİ ADAM!

(Millət vəkilliyinə namizəd Adil Əliyevin portret cizgiləri)

Parlament seçkilərinə artıq start verilib, 10 gündür təbliğat kompaniyası da başlayıb. 9 fevrala - seçki gününə sayılı günlər qalır. Sönük keçən son iki parlament seçkilərinin fonunda bu seçkilərin seçici fəallığı və alternativlər arasında gərgin mübarizə ilə fərqlənəcəyi indidən görünməkdədir. Bu seçkilərin əvvəlki seçkilərdən müsbət mənada fərqlənəcyinin bir çox obyektiv və subyektiv səbəbləri var, ən başlıcası isə mövcud situasiya bunu diktə edir. Belə ki, hakimiyyət elitası islahat proqramı ortaya qoyduğunu bildirib və islahatlara ilk növbədə kadr dəyişikliyindən başladığının siqnallarını verib. 


Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinin də islahatların tərkib hissəsi olduğu bildirilir. İqtidar komandasının irəli sürdüyü iddialarda nə qədər səmimi olduğunu biz siyasi proseslərin sonrakı mərhələlərində görəcəyik. Amma bu bir fürsətdir və bu fürsətdən istifadə etməyinə dəyər. Ən azından uzun illərdən bəri siyasi proseslərə biganə yanaşan, siyasi fəallıqdan uzaq qalan elektoratın siyasi fəallığının, aktivliyinin artırılması, beləliklə də, gələcəyə ümidlə baxılması üçün bu, həqiqətən də əlverişli fürsətdir. Məhz bu nöqteyi-nəzərdən çıxış edərək, seçki prosesində iştirak edən hər kəsin - heç bir siyasi mənsubiyyəti olmayan fərdi şəxslərdən tutmuş siyasi partiyalara qədər hamının ortaya qoyduğu mövqe təqdirəlayiq və alqışlanası faktordu.

Şəxsən mən də bu seçki prosesindən kənarda qalmaq istəmədim. Seçkilərdə mənim iştirakım bəyəndiyim və seçilməsini istədiyim şəxsin təbliğat kompaniyasında fəal iştirak etməkdən ibarətdir. Elə bu yazı da məhz həmin namizədin - Adil Abış oğlu Əliyevin xarakterik xüsusiyyətlərini açıb ortaya qoymaq, onun millət vəkili adını nə dərəcədə haqq etdiyini göstərməyə xidmət edir.

Heç şübhəsiz, Adil bəy qalib gəlmək üçün böyük potensiala malik namizədlərin başında gəlir. Təbii ki, siyasətlə məşğul olan digərləri kimi onun da siyasi fəaliyyəti dövründə bəzi yanlışları ola bilərdi və təbii ki, olub da. Bunun əksini iddia etmək heç də səmimi olmazdı. Adil bəy özü də bunu inkar etmir, həm şəxsi söhbətlərimizdə, həm də ümumi müzakirələrdə, seçicilərlə görüşlərində, mediya nümayəndələri ilə söhbətlərində indiyə qədər yol verilən səhvlikləri açıqürəkliliklə qeyd edir, bu səhvlərdən nəticə çıxarmağın labüdlüyünü xüsusi olaraq qabardır. Məsələn, onun seçicilərlə son görüşündə şəhid ailələrinə, müharibə qazilərinə lazımi səviyyədə diqqət göstərilməməsini ürək ağrısıyla qeyd etməsi bir siyasətçi üçün təqdirəlayiq haldır. Təkcə bu keyfiyyəti onun siyasi səmimiyyətini ortaya qoyur ki, bu da iddialı bir siyasətçi üçün önəmli kriteriyadır. Amma bütün bunlarla yanaşı, Adil bəy özünün intellektual potensialı, məntiqi, diksiyası, siyasi hadisələri analiz etmə qabiliyyəti, bacarıqlı strateq və taktik təsiri bağışlaması, seçicilərlə, ümumiyyətlə, bütün vətəndaşlarla ünsiyyəti, millət vəkili olduğu dönəmlərdə qaldırdığı ümdə problemlər və bu problemlərin həlli üçün göstərdiyi çıxış yolları sayəsində geniş ictimaiyyət arasında böyük nüfuz qazanıb və həmin nüfuzunu bu günün özündə də qoruyub saxlayan azsaylı siyasi liderlərdəndir. Yəni qısaca olaraq desək, o, nümunəvi millət vəkilinə lazım olan bütün kriteriyalara cavab verir. Ən baçlıcası isə, Adil bəy ortaya qoyduğu mübarizədə sistemli və davamlıdır, məsuliyyət hiss edir. Bunu sübut etmək üçün yaxın keçmişə nəzər salaq. 2005-ci il parlament seçkilərində yenə 20 saylı Nərimanov ikinci seçki dairəsində Adil bəyin əsas rəqibi Müsavat Partiyasının başqanı İsa Qəmbər idi. Etiraf etmək lazımdı ki, həmin vaxt Müsavat indikindən qat-qat güclü idi, İsa Qəmbər siyasi arenada yetərincə tanınmış liderlərdən sayılırdı, nüfuzunun kulminasiya nöqtəsində idi. Adil bəy isə bu gün böyük nüfuz sahibi, kifayət qədər yetkin siyasətçi olsa da, 15 il öncə indiki qədər tanınmırdı. Digər tərəfdən, o, prezident İlham Əliyevin yürütdüyü siyasəti bəyənən və dəstəkləyən millət vəkili olmasına baxmayaraq, indiyə qədər iştirak etdiyi seçkilərdə müstəqil namizəd kimi iştirak edib. Yəni, hakimiyyətin və YAP-ın resursları qətiyyən onun xeyrinə işləməyib. Bununla belə, o, əsas rəqibi üzərində əzici üstünlüklə qalib gəldi. Adil bəyin İsa Qəmbər üzərində qələbəsinin qanuniliyini Müsavatın bütün məntəqələrdəki nümayəndələrinin seçki protokollarına imza atması bariz şəkildə sübut edir. O ki qaldı Müsavat Partiyası elitasının bu seçkilərə barədə açıqlamalarına, bu, yalnız məğlubiyyətə haqq qazandırmaq və siyasi cığallığın təzahürüdü. Lakin mənim toxunmaq istədiyim məqam bu deyil. Mən elə o zaman da müsavatçı dostlarla söhbətlərimdən sonra əmin idim ki, Adil bəyin qələbəsi qanunidi və heç bir şübhəyə yer qalmır. Məni düşündürən sadəcə, bu qələbənin sirri idi. Bir neçə gün öncə görüşdüyümüz zaman Adil bəyin özünə də bu sualı ünvanladım. Cavab belə oldu: "Əvvəla onu deyim ki, indiyə qədər iştirak etdiyim seçkilərdən ən maraqlısı, ən şəffafı, ən demokratik keçən seçki 2005-ci il seçkiləri olub. Etiraf edim ki, o vaxtkı rəqibim də bütün digər rəqiblərimdən güclü idi. Ən azından, arxasında böyük bir müxalifət partiyası dururdu. Bütün bunları nəzərə alıb, qərara gəldim ki, gecə-gündüz işləməliyik. 3 ay ərzində seçicilərimlə 100-dən çox görüş keçirdim, ev-ev gəzdim, seçicilərimə inandıra bildim ki, onlara layiq vəkil olacam. Rəqibim isə arxayın idi, bu müddət ərzində cəmi 2-3 görüş keçirdi. Nəticə göz qabağındadı. Mən haqq etdiyim mandatı aldım".

Görürsünüzmü, iki fərqli düşüncə sahibi siyasətçinin seçki prosesinə baxışını, məsuliyyət hissini, rəqibə münasibətini görürsünüzmü? Biri rəqibə dəyər verir, qiymətləndirir, gücünü hesaba alır və işə əsil bir siyasi texnoloq kimi məsuliyyətlə yanaşır. Nəticədə əməyinin bəhrəsini görür, haqq etdiyi qələbəni əldə edir. Digəri isə, "əşşi, mandat artıq mənim cibimdədir" düşüncəsiylə rəqibini qiymətləndirmir və acı məğlubiyyəti dadmalı olur. Bu seçkilərdə İsa Qəmbərin öz namizədliyini ərazisində yaşadığı 20 saylı Nərimanov 2-ci seçki dairəsindən yox, başqa bir yerdən irəli sürməsi məhz elə o ağır məğlubiyyətdən qaynaqlanır. Bütün bunları xatırlatmaqda əsas məqsəd odur ki, arxasında kifayət qədər böyük bir siyasi güc olan İsa Qəmbər kimi tanınmış siyasətçi Adil Əliyevin qarşısına çıxmağa cəsarət göstərə bilmədisə, bu, çox şeyə dəlalət edir.

Son günlərdə Adil bəylə söhbətlərimdən, onun seçicilərlə görüşündəki çıxışından, ümumiyyətlə, onun siyasi fəaliyyətini təhlil edib, xarakterinin dərin qatlarına enəndə şəxsən özüm üçün bəzi şeyləri müəyyənləşdirdim:


- Adil Əliyev başarılı bir siyasətçi kimi öz müsbət keyfiyyətləri ilə uzun illər siyasət meydanında olmuş bir çox partiya liderlərindən çox-çox qabaqdadır;

- O, seçkilərdə sağlam rəqabət və seçicilərin fəallığının artırılmasında əvəzsiz rol oynayan bir siyasətçidi;

- Həm xarizmatik lider xüsusiyyətləri ilə seçilən, həm də sadə insanlara münasibətdə onlardan biri kimi davranan çox azsaylı siyasətçilərimizdən biridi;

- Adil Əliyev milli düşüncə adamıdı, əsla bir liberal və ya kosmopolit deyil, ancaq istənilən liberaldan daha tolerant, qarşı fikrə daha çox açıq olan bir siyasətçi kişiliyinə sahibdi...


Onun xarakterindəki bu son xüsusiyyət - qarşı fikrə tolerans yanaşma siyasətlə məşğul olanların 90 faizində yoxdu. Ancaq Adil Əliyev tənqidi fikirlərə belə xoşgörüylə yanaşır, üzündən təbəssümü əskik etmir. Onun İdman Akademiyasında seçicilərlə keçirilən görüşündə seçkilərdə alternativi olan bir nəfərə, fikrini bilmədiyi halda, danışmasına şərait yaratması dediklərimə bariz sübutdur. Özümlə bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bu yaxınlarda görüşdüyümüz zaman ona bir vaxtlar haqqında sərt tənqidi fikirlər yazdığımı xatırlatdım. O isə bu tənqidi fikirlərdən xəbərdar olduğu halda, mən həbsdə olarkən barəmdə xoş sözlər bildirmişdi. Bunun səbəbi nə, deyə soruşdum. Adil bəyin cavabı məndə ona qarşı xoş təəssüratları artırdı: “Vətən üçün əlinə silah alıb bir gün də olsa döyüşdə olan hər adam mənim qardaşım, dostum, canımdı! Mən can dediklərimin iradlarından nəinki inciyərəm, nəticə çıxarmağa çalışaram!” Bu sözlərdən sonra mən anladım ki, dağlı qızı Yeganə xanım haqlıdı (bu xanım haqqında ən sonda), bu adam bizim adamdı, xalqın adamıdı, adam kimi adamdı! Mən anladım ki, bu adamın özü boyda da ürəyi var!

Mən belə tolerantlığı əfsuslar olsun ki, siyasətdə olduğum uzun illər ərzində digər siyasətçilərdə görmədim. Nə qədər insanları bədbəxt etdilər... onların səhvlərini açıb deyənləri isə bir qələmdə silib atdılar. Amma Adil Əliyev onlardan fərqli olaraq, “Vətən üçün döyüşənlərə can qurbandır! Onların iradları haqsız belə olsa, dözümlə qarşılamalıyam” deməklə nə qədər dözümlü, tənqidə, hətta yeri gələndə haqsız iradlara belə tolerans yanaşan siyasi lider kimliyini ortaya qoyur. Bəzən belə aşırı humanizm siyasətçiyə uğur gətirmək əvəzinə, böyük maneəyə çevrilir. Lakin  Adil bəy prinsipləri olan, bu prinsiplərə sadiq siyasətçilərdəndir. Və o, lokal uğur naminə prinsiplərinə xilaf çıxmağı qəbul etmir. Yəni, siyasi əxlaq normaları deyilən məfhum Adil Əliyev üçün önəm kəsb edən amillərdəndir.

Adil bəy humanist və tolerans biri olmaqla yanaşı, ümummilli və dövlət məsələlərində isə bir o qədər sərt və inadkardır. Şəhid ailələrinə, müharibə qazilərinə, aztəminatlı ailələrə daima tolerans yanaşdığı halda, dövlətə, millətə xilaf çıxan, şəxsi mənafelərini millətin, dövlətin mənafelərindən üstün tutan siyasət dəllallarına qarşı olduqca amansız, sərt münasibət tərəfdarıdır. 

Adil bəy Azərbaycanın mənafelərini, milli maraqları hər cür şəxsi və partiya maraqlarından üstün tutan bir siyasətçidir. Buna görə də, uzun illər siyasətin içərisində olmasına baxmayaraq, heç bir partiyanın üzvü deyil. Doğrudu, Adil Əliyev Azərbaycanın prezidenti İlham Əliyevin tutduğu yolu, yürütdüyü siyasəti bəyənən, təqdir edən və bu yolda yürüyən bir əsgər olduğunu bildirir. Ancaq o, cənab prezidenti yalnız hakimiyyət partiyasının təmsilçisi kimi yox, xalqın və dövlətin təmsilçisi kimi görür, dəyərləndirir. 

Adil Əliyev yaxın və uzaq xarici dövlətlərlə münasibətdə sülh şəraitində keçinməyin və ikili tərəfdaşlığın tərəfdarı olsa da, Azərbaycanın mənafeyini həmişə ön planda tutan bir siyasətçidi. Bu baxımdan da o, Azərbaycanda şəxsi marağı olan xarici dövlətlərin müxtəlif qurumlarının əlində oyuncağa çevrilən siyasətçiləri və onların yürütdüyü anti-Azərbaycan siyasətini qətiyyən qəbul etmir və buna qarşı qətiyyətlə mübarizə aparmağın tərəfdarıdır.

Adil Əliyev Milli Dövlət modelinin tərəfdarıdı. Onun düşüncə və fikirlərinə görə, belə bir dövlət modelinin ana xətti bu prinsiplərdən ibarətdir:

Hər zaman yalnız və yalnız xalqa və həqiqətə güvənmək;

Doğruların yanında, yanlışların qarşısında olmaq;

Millət dövlətə və siyasətə deyil, dövlət və siyasət millətə xidmət etməlidir;

Milləti güçlü etmək, güçü olan cəmiyyət qurmaq, çünki güclü milləti və cəmiyyəti olmayan dövlət də güçlü ola bilməz;

Ayrı-ayrı fərdlərin deyil, bütövlükdə cəmiyyətin və dövlətin güçlü olmasını saxlamaq və s. 

Mən bu tezisləri onunla söhbətlərim zamanı və seçicilərlə görüşündəki çıxışından nəticə çıxarıb dəyərləndirmişəm. Onun düşüncəsinə görə, Azərbaycanın mövcud problemlərdən xilası bu tezislərin gerçəkləşdirilməsindən keçir. Yəni, Milli Demokratiya modeli təklif olunur. Mən də bu modelin tərəfdarıyam. Və inanıram ki, bu model bizi xilasa apara bilər.

Adil Əliyev bu modeli gerçəkləşdirəcək şəxsin İlham Əliyev olduğunu düşünür və onun islahatlara məhz bu məqsədlə başladığını vurğulayır. O əmindir ki, islahatlar davam edəcək və son nəticədə böyük uğur qazanacaq. Özünü də bu yolda yürüyən bir əsgər sayır. Bununçün o xalqdan dəstək və mandat istəyir. "İslahatlar ilk növbədə qanunlara əməl etmək, şəffaflığı təmin etməkdən keçir" deyən Adil Əliyev qanuni, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün böyük əmək sərf edir. O, əsil güc, arxa olaraq xalqı görür. Gördüyüm qədərilə xalq da onu seçməyə, ona mandat verməyə hazırdı. Mən buna əminəm. Əminliyim seçicilərin ona münasibətindən qaynaqlanır. İdman Akademiyasının zalında mindən çox adamın iştirak etdiyi görüşdə bir çox seçiciyə ünvanladığım "nədən Adil Əliyevlə görüşə gəlmisiniz, ondan nə qarşılıq gözləyirsiniz" sualıma istisnasız olaraq hamıdan bu cavabı aldım: "Biz ondan şəxsi heç nə gözləmirik. O bizdən biridi. Biz özümüzə həmdərd seçirik!"

Bəli, insanlar Adil Əliyevi özlərindən biri bilir, onunla dərdləşirlər, onu özlərinə dost, həmdərd bilirlər... 

Yaşadığım məhəllədə, Adil Əliyevin seçiciləri arasında Dağlı qızı Yeganə xanım var. Bu yaxın  günlərdən birində onunla aramızda bir dialoq keçdi. Söhbəti olduğu kimi yazıram:

- Kimə səs verəcəksən, Yeganə xanım?

- Əlbəttə ki, Adilə!

- Niyə, səbəb nədi? 

- Bilirsən, bəzi səbəblərə görə, naxçıvanlıları o qədər də sevmirəm, iki nəfər xaric, Adil və sən. Mən hələ onu naxçıvanlıların bərk gedən vaxtından çox istəyirəm.

- Özümü anladım, biz dostuq, bəs, Adil Əliyevə müsbət münasibətinin səbəbi nədi?

- Sadə adamdı, bizim adamdı, yəni, xalqın adamıdı. O, adam kimi adamdı! Adilin özü boyda da ürəyi var!

Vəssəlam, bu da son! Dağlı qızı Yeganə Ağayevanın xalqın Adil Əliyevə münasibətini ifadə edən fikirlərindən sonra nə isə başqa bir şey yazmaq, əlavə etmək, məncə, artıqdı...

Elçin İlqaroğlu (Fərəməz Novruzoğlu)

Tarix: 28 Yanvar 2020, 23:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin