BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Kimlərsə Novella Cəfəroğlunun ölkədən çıxarılmasını tələb edirsə...”

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun bir erməni qadınla fotosu yayılıb. Bu, sosial şəbəkələrdə geniş müzakirələr doğurub. Hüquq müdafiəçisi tənqid və iradlara məruz qalıb. Hətta sosial şəbəkələrdə məlum foto paylaşılır və onun ölkədən çıxarılması tələbləri səslənir.

 

Pravda.az-ın xəbərinə görə,  Milli Məclisin deputatı Çingiz Qənizadə N.Cəfəroğlunun müdafiəsinə qalxıb: “Burada heç bir haqlı irad ola bilməz. Kimlərsə onun ölkədən çıxarılmasını tələb edirsə, o insanlara söz tapa bilmirəm. O adamlar bir görsünlər ki, Novella xanımın bu xalq, dövlət, Qarabağ üçün etdiklərinin mində birini ediblərmi? Novella xanım fədaidir. Canını, malını hər bir şeyini xalqımız, dövlətimiz, Qarabağın azadlığı üçün ortaya qoymuş bir insandır. O, hər zaman insan haqlarını qoruyub. Hər şeydən öncə bütün hüquq müdafiəçilərinin ağsaqqalıdır. Biz hər kəsdə bir eyib axtarıb, onu düşmən elan etməklə məşğuluq. Bununla biz görəsən, hara gedirik? İstər iqtidarda, istər parlamentdə, istərsə də, hər hansı bir ictimai-siyasi təşkilatda təmsil olunan olsun, hər kəsdə eyib axtarmaqla məşğuluq. Bu kəslərə üzümü tutub deyirəm ki, sizlər Novella xanımın etdiklərinin yüzdə deyil, mində birini xalq, dövlət, millət üçün etmisinizmi? Novella xanımın erməni qadınla foto çəkdirməsini təbii hesab edirəm. Mən də demişəm, yenə də deyirəm, əgər hansısa bir erməni Dağlıq Qarabağın Azərbaycanın olduğunu etiraf edirsə, Dağlıq Qarabağı ərazi bütövlüyümüz kimi tanıyırsa, o erməni ilə şəkil çəkdirmək də, qucaqlaşmaq da olar. Erməni haqqı deyirsə, niyə də olmasın ki? Biz erməni xalqı ilə düşmənçilik etmirik. Orada siyasi hakimiyyətdə olanlarla düşmənçilik edirik ki, onlar hakimiyyətdə qalmaq üçün Qarabağ kartı ilə işğalçılıq siyasətlərini həyata keçirirlər. Əgər erməni deyirsə ki, Dağlıq Qarabağ Azərbaycanındır, bizə indiki hakimiyyət lazım deyil, dostluq, qardaşlıq lazımdır. Bu adamla şəkil çəkdirmək niyə də olmasın? Mən də beynəlxalq təşkilatların üzvüyəm. Orada ermənilərlə görüşüb, onlara haqqın, ədalətin olduğunu başa salırıqsa, burada eyib nə var ki? Çox təəssüf edirəm. Əgər bizlər, ipək kimi bir insanda eyib axtarmağa çalışırıqsa, vay bizim günümüzə, halımıza. Sosial şəbəkələrdə bu cür paylaşımlar edən gənclərə, dostlara üzümü tutub deyirəm ki, qardaşlar nə etmək istəyirsiz? Bu şəkildə hara getmək olar? Novella xanım bütün hüquq müdafiəçilərinin başının tacıdır. O, eyni zamanda, Azərbaycanda Milli Azadlıq hərəkatında iştirak edənlərin başının tacıdır. Onu hakimiyyət də, müxalifət də, sadə insanlar da qəbul edir. O, bir şəxsiyyətdir”.

Tarix: 18 Noyabr 2019, 23:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin