BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"İnsanları tanımaq üçün onu vəzifədə, ya da pullu olan dövrünü görməlisən"

Həqiqətən müdrik insanlarla ünsiyyətdə olmaq insana çox şey öyrədir. Rəhmətliklər Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Tofiq Bağırov, Azad Mirzəcanzadə, Yamən Yusifzadə, İdris Əliyev, Habil Əliyev və digər müdrik insanlarla xatirələrimin bir hissəsini paylaşmışam.

 

Bu gün isə rəhmətlik Sirus Təbrizli ilə bağlı, indi mənim üçün də çox əlamətdar olan bir xatirəmi paylaşıram. Təxminən 2005-2006-cı illər idi. Növbəti dəfə “Hyatt Regency” idman zalında görüşərkən mənə bir hadisəni nəql etdi. Söhbəti olduğu kimi Sizə çatdırıram. Qeyd edim ki, rəhmətlik S.Təbrizli bəlkə də yeganə insan olub ki, rəhmətlik Heydər Əliyevlə çox açıq və səmimi söhbətləri olub. Bir dəfə axşam vaxtı S.Təbrizliyə zəng edirlər ki, H.Əliyev sizi görüşə dəvət edir. Görüş çox xoş əhval ruhiyyədə başlayır və H.Əliyev növbəti, Azərbaycanın gələcəyi üçün uğurlu bir iqtisadi layihəni həyata keçirdiyindən danışır. Söhbətin sonunda Sirus bəydən Azərbaycandakı vəziyyətlə bağlı fikirlərini soruşur. Sirus bəy, bəzi fikirlərini deyir və sonda əlavə edir ki, “Heydər Əliyeviç, Siz haradan bu rüşvətxorları tapıb nazir təyin edirsiniz?!”. Bütün görüş boyu deyib gülən H.Əliyev bir anın üçində dəyişir və ciddi şəkildə S.Təbrizliyə, “sənə 3 gün vaxt verirəm, mənə hansı nazirin yerinə istəyirsən təmiz saydığın adam tap, mən təyin edim, ancaq onun bütün hərəkətlərinə görə məsuliyyəti birbaşa səndən soruşacam” deyir və görüşü yekunlaşdırır. S.Təbrizli məsələnin çox qəliz olduğunu anlayır və gecə-gündüz namizəd axtarır. Artıq 3-cü gün olur, onlarla namizəd şəxsi fikrindən keçirsə də onların yerinə cavabdeh olmaqdan çəkinir, çünki H.Əliyevin tələbinin və məsuliyyətin çox ciddi olduğunu bilir. 3-cü gün axşama doğru qərar gəlir ki, o zəng etməyəcək və yəqin ki, H.Əliyev də söhbəti unudacaq. Axşam saat 21 radələrində Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubov zəng edib bildirir ki, saat 21:00 H.Əliyev onu qəbulda gözləyir. Otağa daxil olan kimi H.Əliyev Sirus bəydən namizədinin və nazirliyin adını soruşur. S.Təbrizli "H.Əliyev, mən Sizin tələblərinizi bilirəm və o məsuliyyətin altına girmək istəmirəm. Tam arxalandığım namizəd yoxdur" deyir. H.Əliyev qəzəblə “Sirus bəy, onda mən nə edim, sənə Almaniyadan nazirmi gətirim, gələcəkdə irad bildirəndə əsaslandırmağı düşün” deyir. Rəhmətlik Sirus bəy vəzifəyə gedən şəxslər haqqında fikir soruşanda heç vaxt əminliklə danışmamağı məsləhət bilib, "vəzifəyə gedənlərin özlərini necə aparacağını bilmək olmaz" dedi.

 

Bəziləri üçün bu səhnə qeyri-ciddi səslənə bilər. Ancaq mənim üçün bu söhbət çox ciddidir ona görə ki, Azərbaycanda yaşadığın 32 il ərzində nəfsinə, ədalətinə güvəndiyim onlarla insanın vəzifəyə gedən kimi necə dəyişdiyinin şahidi şəxsən özüm olmuşam. Vaxtilə hamıya kommunist, partokrat damğası vuranların vəzifəyə gələn kimi onlara rəhmət oxutdurduqlarını çoxları bilir. Gördüyüm odur ki, həqiqətən insanları tanımaq üçün onu vəzifədə, ya pullu olan dövrünü görməlisən. Hər kadr dəyişikliyində insanlarda xoş tərəflərini görüb qeyd etdiyimə görə demək olar ki, hər dəfə peşman olmuşam.

 

Aslan İsmayılov

 

Hüquqşünas

Tarix: 20 İyul 2021, 11:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin