BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şeyx həzrətləri, Allahdan danışırsınızsa, İranla niyə əlaqələndirirsiniz?”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Qurban bayramı münasibətilə açıqlama verərkən “Xameneinin fətvası Vətən müharibəsindəki qələbəmizin müjdəsi oldu” deməsi cəmiyyətdə haqlı olaraq ciddi narazılığa səbəb oldu.

 

Hətta müzakirənin arealı o qədər genişləndi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmazın da cavabı gecikmədi: “Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”.

 

Tutarlı cavabdır. İranın “əməyini” yüksək qiymətləndirənlər anlamalıdırlar ki, Türkiyəni incidə bilərlər. Axı qardaş Türkiyə müharibənin ilk günündən ta sonunadək bizi dəstəkləyib. Əvvəlki illərdə də, hazırda da Türkiyə Azərbaycanın yanında olub, mənəvi, siyasi dəstək verib. Elə Şuşa Bəyannaməsini misal çəkmək kifayətdir. Bunu Allahşükür Paşazadə də bilir. Qardaşı, deputat Cavanşir Paşazadə deyir ki, Şeyxin fikirləri təhrif edilib. Ortada video var, təhrif edilən nədir? Niyə bu cür açıqlama verib, izahat verməlidir. Daha doğrusu, izahat verib, İranın Ermənistana silah yardımı ilə bağlı sübut tələb edir. Mətbuat, sosial şəbəkə yazır, amma hörmətli Şeyx inanmır. İnanmaq istəmir... İran həmişə Ermənstanla sıx əlaqədə olub, müharibə dövründə Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahatlığnı bildirib, İran ərazisindən Ermənistana silah daşınıb və yalnız bu ölkədə soydaşlarımızın kəskin etirazından sonra buna son qoyulub.

 

QMİ sədri son müsahibəsində deyir: “Mən heç vaxt kiminsə qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam, nə İranın, nə də Türkiyənin adamı deyiləm”.

 

Bəli, hörmətli Allahşükür Paşazadə, Azərbaycan dövlətinin yanında olmaq lazımdır!!!

 

Ərdoğanın müşavirinin dediklərinə də münasibət bildirib: “O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır. Mən raketdən danışmamışam, Allahdan, duadan danışmışam”.

 

Şeyxin İranın hansısa nümayəndəsinə qarşı bu cür sərt çıxış etdiyini gördünüzmü? Əlbəttə, xeyr! Allahdan danışırsınızsa, İranla niyə əlaqələndirirsiniz? Haqqın yanında olmaqdan söhbət gedirsə, elə Türkiyəyə dəstək ifadə edin.

 

Xatırlayırsınızsa, 2021-ci il fevralın 26-da Prezident İlham Əliyevin xarici jurnalistlərlə mətbuat konfransında yeganə təxribatçı sualı iranlı jurnalist verdi və 44 günlük müharibədə Azərbaycan tərəfindən suriyalı muzdluların iştirak etməsi barədə ermənilərin iddialarını təkrarladı. Budur İranın dəstəyi?

 

Vətən müharibəsi sentyabrın 27-də başlasa da, İranın ali dini lideri Ayətullah Xomenei noyabrın 4 də açıqlama verdi və bundan sonra da rəsmi Tehranın fəallığı görünmədi. Bəlkə olub, biz görməmişik, xahiş edirik, Allahşükür Paşazadə faktları sadalasın.

 

ABŞ-la münasibətlərin kəskinləşdiyi dövrdə İranın Ermənistandan Amerikadakı erməni lobbisinin köməyi ilə vəziyyəti yumşaltmağa köməklik göstərməsi xahişlərinin olduğuna dair məlumatlar var. Bu isə İranın Ermənistan qarşısında öhdəliklərinin yaranmasına səbəb olur. Ermənistan həmişə alət olub, indi də elədir. İran isə bu alətdən istifadə etməklə Azərbaycana zərbə vurmamalıdır, axı qonşu dövlətdir, üstəlik də müsəlman...

 

Başqa bir fakta diqqət yetirək, Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına İrandan heç bir reaksiya olmamasına, Şuşadakı məscidin iranlı iş adamları tərəfindən bərpa edilməsinə niyə Şeyx münasibət bildirmirdi? İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Seyyid Əli Əkbər Ocaqnejat bir dəfə də olsun bu məsələlərə münasibət bildirməyib. Amma Azərbaycandan səslənən haqlı iradlara həmişə Ayətullah Seyid Həsən Amilinin ittihamları ilə cavab verilib və buna da Allahşükür Paşazadə münasibət bildirməyə lüzum görməyib.

 

Azərbaycanda dinin dövlətdən ayrı olması unudulmamalı, 44 günlük müharibənin nəticəsi cənubdan gələn fətvada deyil, Prezident İlham Əliyevin qətiyyəti, cəsarəti, düşünülmüş siyasətində, xalqımızın ona olan böyük etimadında, əsgər və zabitlərimizin yaratdığı igidlik və qəhrəmanlıq salnamələrində əks olunub. Buna görə də hər şeyi düz danışmalı, ictimaiyyəti, dindarları çaşdıran manipulyativ iddialara yol verilməməlidir. Dövlət maraqlarından çıxış etmək lazımdır!

 

Kənan Mirzəyev

Tarix: 25 İyul 2021, 14:30   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin