BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatla baş redaktor arasında qalmaqal: “Guya Əli Həsənova yaxınlığım nəticəsində...”

Milli Məclisin deputatı Etibar Əliyevlə “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev arasında qalmaqal yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, A.Quliyev deyib ki, Etibar Əliyev atdığı böhtanı geri götürməlidir: “Yazıb ki, guya mən Əli Həsənova yaxınlığım nəticəsində jurnalistlərin binasında qızıma da mənzil almışam. Həqiqi alimliyin həm də  vicdan, ədalət və dürüstlük demək olduğunu söyləmiş müdrikləri yada salmağı məhz bu yerdə vacib bildim. Əvvala, əlləri məmur ciblərində olanlar deputat mandatı, fəxri adlar alır, dövlətdə vəzifələrə çəkilir və sair. Bunların heç biri məndə yoxdur. Ancaq Etibar bəydə var. İkinci, bu gün hər üç jurnalistdən az qala ikisi fəxri adlar və ordenlər daşıdığı halda, Əli Həsənov düz 26 il prezidentlərin bir addımlığında nə əcəb məni heç nəyə  təqdim etmədi? Qürur duyduğun alim təfəkkürünü bir az işlətsən, dünya dağılmaz ki?! Əksinə, Əli həsənov mənimlə bağlı bir neçə məqamda maneə rolunu oynayıb ki, bunları bu gün və ictimai şəkildə müzakirə etmək istəmirəm. Bunun "Etibarlara "və ya "Etibarsızlara "heç bir dəxli yoxdur.Əli bilər, mən bilərəm... Yəqin, dostlara da təəccüblü gələcək ki, Etibar bəy mənə böhtanı bilə-bilə, şüurlu şəkildə, düşünərək və guya öz aləmində məndən qisas almaq məqsədilə atdığını etiraf edib. Şəxsən özümə yazıb ki, sən elə etdin, mən də belə etdim. İndi isə  kimin nə etdiyini də dostlar üçün açıqlayım. Beləliklə, bəyin " jurnalist-qazi mənzilləri" barədə o məşhur açıqlamasından dərhal sonra aramızdakı salam-kəlam münasibəti çərçivəsində Bakı-xəbər tv-nin canlı yayımına dəvət etmək üçün ona telefon açdım. Bilirdim ki, ona qarşı böyük təpkilər olacaq. Tam səmimi deyirəm ki, sırf təəssübkeşlik motivi ilə onu tv-yə dəvət etmək və vəziyyəti az da olsa, yumşaltmaq istəyirdim. Çünki hər hansı bir ideyanı cəmiyyətə  "köntöy"  formada təqdim etmək olmaz, təklif arqumentləşdirilməli, bütün neqativlər-pozitivlər göstərilməklə ən mötədil formada müzakirəyə təqdim olunmalıdır. Mənim bu dostum isə birdən-birə ildırım kimi guruldadı ki, "bəs mətbuat, jurnalistlər tam yararsız, dağıdıcı, müftəxor, özünü doğrultmayan instituta çevrildiyi, guya cəmi bir-iki normal sayt qaldığı üçün jurnalistlər cəzalandırılmalı, onların binasındakı mənzillər isə başqa adamlara verilməlidir”. Onun bütün məntiqi bu kobud tezislərin üstündə qurulmuşdu. İlk andan bəlli idi ki, onun belə təqdimatı amansız bir süngüyə tuş gələcək. Halbuki,  bu ideyanı elə təmkinli və normal bir formada ictimai müzakirəyə təqdim etmək olardı ki, jurnalistlər də, qazilər və şəhid ailələri də məmnun  qalardı. Etibar müəllim özünün kobud, vulqar, onu tv və saytlara buraxmayan kimlərdənsə incik tonda etdiyi açıqlama ilə aləmi bir-birinə vurdu, nəticədə jurnalistləri də, qaziləri də incitdi, hər iki həssas qrupun adı ətrafında lüzumsuz müzakirələrə rəvac verdi. Mən bunları öncədən gördüyüm üçün onun özünü tv-yə dəvət etsəm də, telefonu mənim üçün bu gün də anlaşılmaz bir şəkildə qapatdı. Bakı-xəbər tv-nin aparıcı müxbiri İltifat müəllimdən də xahiş etdim ki, o da əlaqə saxlasın. Nəticəsiz oldu. Məcbur qalaraq başqa iki nəfər tanınmış ictimai xadimin iştirakı ilə müzakirəni keçirdik. Sonra onun özü ilə yenə əlaqə saxladım. Lakin iki gün sonra bu mümkün oldu. Mənə belə dedi "Məni belə tənqid etdirmək , təhqir etdirmək (halbuki təhqirlik bir şey yox idi) xoşuna gəldi?... Dedim axı heç nə sənin üçün mənə böhtan atmağa əsas ola bilməzdi. Bilirsinizmi, cavab olaraq mənə nə yazdı? -Bilmirdin ki, sən elə edəndə mən də belə edəcəm?!... Dostum açıq etiraf etdi ki, qızıma guya ev almağımla bağlı mənə  böhtanı bilərəkdən, qisas məqsədilə atıb... Qisasçı böhtan geri götürülməlidir.Bunu tələb kimi qoymuram. Normal insanlıq məntiqinə söykənərək nəticəni deyirəm. Nə edəcəyimi isə bilirəm...”

 

Deputat isə A.Quliyevin onu təhdid etdiyini bildirib: ““Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Vüqar Səfərli ilə birgə etdiyi maxinasiyaları kənara qoyub, mənim söylədiyim “qızına ev alıb” fikrimlə bağlı təhdidlərə başlayıb. Mən bu adama başa sala bilmirəm ki, “Jurnalistlərin binası”ndan öz adına aldığı evi qızına verib, bu o deməkdir ki, bunu məqsədli şəkildə edib. İndi başa sala bildim səni; aldığın evi qızına veribsən. İkincisi, bir evi bacısı oğlu Tahir Tağıyevə alıb. Üçüncüsü, dəhşətdir. Sürücüsü, qardaşı oğlu Namiq Quliyevə 4 otaqlı mənzil alıb. Namiqə qəzetdə başqa bir vəzifə də veribmiş. Gecə qəzeti çapa aparmaq vəzifəsini. Sonra bu evi onun əlindən alıb. Diqqət edin: şəhərdə bir neçə evi olan Aydın Quliyev Vüqar Səfərovla  birləşib hansı işləri görürmüş. Bu adam qəzetin payına düşən 5 evdən 3 evi qamarlayıb. KİVDF son 3-4 ildə bu divar qəzetinə hər il 240.000 manat pul ayırıb. Bu pulların haraya xərclənməsinin təftişi aparılıbmı? İndi məni təhdid edən Aydın Quliyev jurnalistikaya heç bir aidiyyatı olmayan kürəkəninin (Nahid Salayev) adına yazılar yazır ki, onun da adını siyahıya saldırıb, ev alsın”.

Tarix: 25 İyul 2021, 22:22   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin