BURADA REKLAMINIZ OLA
BİLƏR

“Araqdan imtina etməliyik, gürcülər kimi öz içki mədəniyyətimizi formalaşdırmalıyıq” – Aslan İsmayılov

“Vaxtilə bütün növ spirtli içkilərdən istifadə etmişəm və son dövrlər şəraba üstünlük verirəm. 15 il Rusiyada yaşadığım dövr mənə ən çox problem yaradan da içki məsələsi olub, çünki ətrafımdakılar qədər içə bilməmişəm və buna görə də daim qınaq obyekti olmuşam. Bu yazı əsla spirtli içkilərin təbliği məqsədi daşımır. Azərbaycanın müsəlman ölkəsi olduğunu, spirtli içkidən hələ ki, kiminsə xeyir götürmədiyini bilsəm də reallığı, Azərbaycanın dünyəvi dövlət olduğunu, istəklərdən asılı olmayaraq spirtli içkilərdən istifadə edildiyini və ediləcəyini bildiyimdən bəzi fikirlərimi sizinlə bölüşürəm. Bakıya gələnə qədər burada bu qədər spirtli, xüsusilə araq içkilərindən istifadə edildiyini bilmirdim. Məni ən çox təəccübləndirən isə araq içkilərindən geniş istifadə edilməsi olub, çünki həmişə Azərbaycanda, ümumiyyətlə Qafqazda şərab və konyak içkilərinin qəbul edildiyini təxmin edirdim. Reallıqda isə gördüyüm o oldu ki, Azərbaycanda spirtli içkilərdən, xüsusilə araqdan bəzi bölgələrimizdə heç də Rusiyadan az istifadə edilmir. Fərqi isə ondadır ki, Azərbaycanın iqlimi ilə Rusiyanın iqlimi çox fərqlidir və arağın istifadəsi çox ziyanlıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov bildirib ki, yay mövsümündə araqdan istifadə edilməsi yolverilməzdir: “Ona görə də araqdan istifadənin aradan qaldırılmasının tərəfdarıyam. Bu, həm də bizə hərtərəfli yad olan Rusiya içki mədəniyyətindən uzaqlaşmaq, gürcülər kimi öz içki mədəniyyətimizin formalaşması olar. Əvvəlləri deyə bilmərəm, bu gün isə qətiyyətlə demək olar ki, Azərbaycan şərabları keyfiyyətcə dünya şərablarından nəinki geri qalmır, hətta onlardan da üstündür. 2 il bundan əvvəl oğlumun italiyalı dostu bizim yerli şərabın dadını görəndə həqiqətən keyfiyyətindən təəccübləndi və italyan içkisindən də üstün olduğunu dedi. Bu yazımda dedi-qodu yaratmamaq üçün ayrı - ayrı şərab məhsullarının adlarını çəkmirəm. Ancaq deyə bilərəm ki, bu gün Şamaxıda, Ağsuda, İsmayıllıda, Gəncə zonasında yetişmiş üzüm növlərindən çox keyfiyyətli şərablar hazırlanır. «Hamı yerli mal alsın, xeyir Vətənə qalsın» şüarını səsləndirmək istəmirəm. Ancaq bir şeyi qeyd edim ki, ABŞ, Avropa ölkələrində çox məclislərdə iştirak etmişəm. Mənimlə oturan şəxslərin demək olar ki, hamısının öz ölkəsinin spirtli içkilərini sifariş verdiklərinə xüsusi fikir vermişəm. Bizim də bu yolu seçməyimiz çox yaxşı olardı”.

Tarix: 25 İyul 2021, 22:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin