BURADA REKLAMINIZ OLA
BİLƏR

"Frənk Pəllonun və Konqresin erməni qrupunun konqresmenlərinin erməni sevdasının əsl mahiyyəti ifşa edilməlidir” - RƏY

“Cənubi Qafqazda ciddi maraqları olan rəsmi Vaşinqton, xarici siyasətində tam mənada müstəqil, o cümlədən ABŞ-la ən davamlı və çox şaxəli əməkdaşlıq tarixinə malik Azərbaycanı, digər bir ölkənin forpostu olan Ermənistanla eyni tərəziyə qoya bilməz. Əks halda bölgədə itirən ABŞ maraqları olacaq”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu, deputat Bəhruz Məhərrəmov deyib.

 

 

B.Məhərrəmov bildirib ki, Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını nəzərdə tutan Pallone düzəlişinin ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilməsi təəssüf doğurur, lakin Azərbaycan üçün faciə deyil: “Birincisi, proses hələ ilkin qanunverici mərhələdədir, qüvvəyə minməsi üçün Senatda baxılaraq səsə qoyulmalıdır. Cənubi Qafqazda ciddi maraqları olan rəsmi Vaşinqton, xarici siyasətində tam mənada müstəqil, o cümlədən ABŞ-la ən davamlı və çox şaxəli əməkdaşlıq tarixinə malik Azərbaycanı, digər bir ölkənin forpostu olan Ermənistanla eyni tərəziyə qoya bilməz. Əks halda bölgədə itirən ABŞ maraqları olacaq. İkincisi, bu günə qədər Azərbaycan silahlı qüvvələri ABŞ hərbçiləri ilə çiyin-çiyinə sülh və qlobal təhlükəsizlik naminə, Kosova, İraq, Əfqanıstanda, Afrika qitəsində ən mürəkkəb şəraitdə faydalı tərəfdaşlıq təcrübəsinə malikdir. Ermənistan isə öncəki məğlubiyyətə qədər silahlı qüvvələrindən 30 il ərzində işğal və terror niyyəti ilə istifadə edib, bu gün də ordunun qalıqlarından beynəlxalq hüquqa zidd formada istifadə edib müharibə cinayətləri törətməkdədir. Belə tarixi siyasi şəraitdə Pallone düzəlişi Senatda qəbul edilərsə, bu, hər şeydən öncə ABŞ-ın terror və işğal amilinə dəstəyi hesab edilə bilər ki, Vaşinqtonda bunu yaxşı anlayırlar. Həmçinin, 30 il işğal faktoruna göz yuman senatorun və onun eyni qənaətdə olan tərəfdaşlarının bu gün hansısa ideallardan bəhs etməsi təbii ki, səmimi ola bilməz və şəxsi maraqlara xidmət etdiyi aydındır”.

 

B.Məhərrəmov qeyd edib ki, Azərbaycan ordu quruculuğunu, ən müasir müdafiə sənayesini, o cümlədən VI nəsil müharibədəki qələbəni ABŞ-ın təlim və maliyyə yardımları hesabına reallaşdırmayıb ki, bu gün yardımların kəsilməsi ehtimalından narahat olsun: “Bizi əməkdaşlığımıza kölgə salınması və ədalətsiz yanaşma narahat edir. Aydındır ki, Azərbaycan, xüsusən də silahlı qüvvələrimiz xarici yardımdan birmənalı olaraq asılı deyil. Xarici yardımın hərbi büdcəmizdəki payı heç təkrəqəmli faizlə də ifadə olunmur. Prezident İlham Əliyevin də vurğuladığı kimi xarici borc asılılığımız yoxdur, hətta Azərbaycan istənilən an iqtisadiyyatına yük salmadan xarici borcları sıfırlayacaq güc və ehtiyatlara malikdir. Belə olan halda, Pallone düzəlişinin zədələyə, yaxud, zərər verə biləcəyi yeganə amil ABŞ-ın Azərbaycanda və Cənubi Qafqazdakı nüfuzu ola bilər. Hesab edirəm ki, 250 ilə yaxın xarici siyasət kursu tarixi olan ABŞ Frenk Pallone və onun Konqresdəki erməni kokusu üzrə həmkarlarının şəxsi və biznes maraqlarını yox dövlət maraqlarını üstün tutacaq. Amerikadakı Azərbaycan və Türk icması, o cümlədən hər iki dövlətin vətəndaşları bu prosesin gedişatında aktiv olmalı, Frenk Pallone və Konqresin erməni qrupunun konqresmenlərinin erməni sevdasının əsl mahiyyətini ifşa etməli, onların maraqlarının əslində ABŞ-ın yox, şəxsi mənafelərinə yönəlməsini yerli cəmiyyətə çatdırmalı, həm real cəmiyyətdə, həm sosial şəbəkələrdə bu konqresmenlərə qarşı sivil təzyiq bloku formalaşdırılmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 30 İyul 2021, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin