BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda qadınlar azaddır, istədiklərini geyinir, ürəklərindən keçənləri edirlər” - Deputatdan feministlərin aksiyasına REAKSİYA

"Avropaya inteqrasiya o qədər maraq yaradıb ki, gənc ailələrdə həm qadınlar, həm də kişilər arasında hörmətsizliklər çox olur. Bu da, zorakılıqların artmasına gətirib çıxarır".

 

Bunu Pravda.az-a açıqlamasında Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev deyib.

 

E.Quliyev bildirib ki, Azərbaycanda xanımlara qarşı heç bir məhdudiyyət tətbiq edilmir: "Biz həmişə qadınlara hörmət edirik. Onlara anamız, bacımız, qızımız kimi baxırıq. Hələ ən yaxın Rusiyanı misal gətirək, onlar qadınlara bu qədər qiymət verir, dəyərləndirirlər?! İstənilən halda, ailələrdə məişət zorakılıqları baş verə bilər. Təbii ki, anlaşmazlıq ölüm həddinə çatmamalıdır. Ola bilər ki, rəhmətliklə (qətlə yetirilən Sevinc Məhərrəmovanı nəzərdə tutur - red) əri arasında müəyyən dava-dalaş olub. Amma bu hadisə onu deməyə əsas vermir ki, Azərbaycanda qadın azad deyil. Bizim qadınların hüquqlarını müdafiə edən təşkilatlarımız, Milli Məclisdə neçə nəfər qadın həmkarlarımız var. Azərbaycan qadınını, əlbəttə ki, sərbəst hesab etmək olar. Ölkəmizdə gender bərabərliyi qorunur. Xanımlar istədiklərini geyinir, ürəyindən keçənləri edirlər. Məktəblisindən tutmuş, tələbəsinə, iş qadınına qədər hər kəs... Qadınların bircə fərqi odur ki, onlar dünyaya uşaq gətirir, sonra övladının 2-3 yaşına qədər işləmir və ona qulluq edir, tərbiyəsi ilə məşğul olur. Gərək ailələrdə hər iki tərəf anlayışlı olsun və bir-birinə hörmət etsin. Qan-qaraçılıqlar bütün ailələr kimi, mənim də ailəmdə ola bilər”.

 

Deputat avqustun 4-də bir neçə qadının Xəzər Rayon Polis İdarəsinin qarşısında aksiya keçirməyə cəhd etməsinə, onların idarənin binasına qırmızı boya tökməsinə də münasibət bildirib: “Bir qrup xanımın polis idarəsinin qarşısında aksiya keçirmələrini, qırmızı boya tökmələrini doğru saymıram. Cəmiyyətdə narkotik istifadəçilərinin sayı hər gün artır. Narkotika ilə mübarizə aparıb, gəncləri bu bəladan xilas etmək lazımdır. Bəlkə də, Sevinc Məhərrəmovanın yoldaşı da elə narkotik istifadəçisi olub".

 

Qeyd: Bir qrup fəal qadının Xəzər Rayon Polis İdarəsinin qarşısında aksiya keçirməyə cəhd etməsinə səbəb bir neçə ay əvvəl əri tərəfindən zorakılığa məruz qalması ilə bağlı fotosu yayılan Sevinc Məhərrəmovanın avqustun 2-də əri tərəfindən öldürülməsidir. Aksiya iştirakçıları polisləri məsələni bildikləri halda heç bir tədbir görməməkdə qınayıblar.

 

Nəzrin Cavid

Tarix: 5 Avqust 2021, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin