BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibə Qafarovanın Seyid İbrahim Rəisi ilə görüşündə Azərbaycan bayrağının olmamasının səbəbi açıqlandı

"Protokolu ev sahibi müəyyən edir və kimlərəsə protokoldan çıxmağı da yenə qonaq qəbul edən imkan yarada bilər. Əlbəttə, ölkənin birinci şəxsinin, dövlət başçısının səfəri olsaydı, biz bu məsələni gündəmə gətirə bilərdik, lakin indiki halda ölkə başçısı olmayan digər qonaqların da görüş fotolarına baxanda yalnız bir bayraq müşahidə edirik. Yəni, ortada Azərbaycanın aşağılanması kimi bir hal yoxdur, heç ola da bilməz".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin sədri Sahibə Qafarovanın İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşündə Azərbaycan bayrağının olmaması məsələsinə aydınlıq gətirərkən deyib.

 

 

Deputat bildirib ki, Vətən müharibəsindən sonra yaranan yeni reallıq yeni yanaşmalar tələb edir: "Vacib olan hansısa dövlətin bizə münasibəti yox, bizim hədəfimizdir. Məqsədlərimiz genişdir, bu hədəflərə çatmaq üçün isə bütün qonşularla, o cümlədən İranla maksimum stabil münasibətlərimizi qoruyub saxlamaq zəruridir. İranın Azərbaycan siyasətinə dair şəxsən mənim fikirlərim də, mövqeyim də bəllidir. Lakin siyasət şəraitə görə hərəkət tələb edir. Baxın, İranın Ermənistana münasibəti həmişə birmənalı olub, indi ortada yeni bir vəziyyət yoxdur. Əlbəttə, biz prosesləri izləyib özümüz üçün təhlil edirik, bizim üçün vacib olan İran-Azərbaycan münasibətləridir. Biz əgər son 30 ildə xalqımıza qarşı törətmədiyi vəhşilik və vandallıq qalmayan terrorçu Ermənistanla öz mənafelərimiz naminə nəqliyyat-kommunikasiya xətlərinin və əlaqələrin bərpasına çalışırıqsa, cənub qonşumuzla münasibətləri süni surətdə korlamağın heç kimə, ilk növbədə də Azərbaycana faydası yoxdur. Xüsusən də, İranın tarix boyu demədiyini onlara dedirtdiyimiz bir zamanda.  Bu mənada Milli Məclisin Sədrinin İran səfəri ətrafında süni ajiotaj yaratmaq hər şeydən öncə regional maraqlarımıza cavab vermir. Xüsusən, Parlament Sədri Sahibə Qafarovanın baş örtüyündə olması kimi məsələlərin siyasi müstəvidə tənqidi sadəcə rüsvayçılıqdır. Başqalarının inancına, düşüncəsinə hörmətlə yanaşmağın tənqid ediləcək tərəfi yoxdur. Üstəlik, nəzərə alsaq ki, baş örpəyi bir Azərbaycan xanımı üçün yad element deyil. Konkret bayraq məsələsinə gəlincə, protokolu ev sahibi müəyyən edir və kimlərəsə protokoldan çıxmağı da yenə qonaq qəbul edən imkan yarada bilər. Əlbəttə, ölkənin birinci şəxsinin, dövlət başçısının səfəri olsaydı, biz bu məsələni gündəmə gətirə bilərdik, lakin indiki halda ölkə başçısı olmayan digər qonaqların da görüş fotolarına baxanda yalnız bir bayraq müşahidə edirik. Yəni, ortada Azərbaycanın aşağılanması kimi bir hal yoxdur heç ola da bilməz. Azərbaycan qadınına bu mənada dil uzadıb gözdən salmaqla daha vətənpərvər görünmək cəhdləri, sadəcə, utancvericidir. Azərbaycanın maraqlarını düşünən bir siyasətçi Sahibə Qafarovanın İran Parlamentindən Xocalı soyqırımının tanınması təşəbbüsünü diqqətdə saxlayıb  bu istiqamətdə gündəm yaratmalıdır, örpək-geyim məsələsi ilə yox".

Tarix: 7 Avqust 2021, 19:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin