BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya və İranla münasibətlərin soyumasına gətirib çıxaran fikirlər səsləndirmək düzgün deyil” - Deputat

“Son dövrlər sərhəddə baş verənlər, ermənilərin atəşkəsi pozması mövcud vəziyyəti daha dərindən araşdırmaq, reallıqlarla bağlı fikirləri söyləməyə məcbur edir. Bildiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinə ermənilərin ərazilərimizdə postlar qurması ilə bağlı xəbərdarlıq etdi. Həmçinin Azərbaycan ərazisinə İran dövlət nişanlı maşınların daxil olması ilə bağlı İran tərəfini məlumatlandırdı. Göründüyü kimi, Ermənistan növbəti təxribatları həyata keçirməkdədir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

N.Həmzəyev qeyd edib ki, Ermənilər Azərbaycan ərazisi olan Xankəndiyə mülkü geyimli silahlıları yerləşdirməklə Rusiya Azərbaycan münasibətlərinə müəyyən dərəcədə xələl gətirirlər və 2020-ci ilin 10 noyabrında imzalanmış bəyanatın müəddalarına əməl etmədiklərini bəyan edirlər: “Ermənilər İran şirkətlərinin maşınlarını kirayələyərək əraziyə yük daşıyırlar. Burada da məqsəd İran Azərbaycan münasibətlərinə kölgə salmaq, prosesi gərginləşdirməkdir. Ermənilər yaxşı anlayırlar ki, Azərbaycanın həm Rusiya, həm də İranla münasibətləri normal səviyyədədir. İran prezidentinin Azərbaycan Prezidentinə təbrik məktubu göndərməsi, münaqişənin başa çatması ilə bağlı fikirləri Ermənistan tərəfində xoş qarşılanmadı. Prezident İlham Əliyevin Rusiyaya sonuncu işgüzar səfəri, görüş zamanı səsləndirilən fikirlər, bədən dili, jestlər onu deməyə əsas verir ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Təbii ki, bu da Ermənistan tərəfini narahat edir. Zəifləyən Ermənistan tək çıxış yolunu aranı qatmaqda, sülh prosesini yubatmaqda görür. Bu da nəticə verə bilməz, çünki ortada sənəd, Ermənistanın götürdüyü öhdəliklər var. İki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır. Belə olan halda, Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq, kommunikasiyalar bərpa olunacaq. Ərazilərimizdə yaşayan ermənilər də Azərbaycanın qayda-qanunlarını qəbul edəcəklər. Ermənistan gec-tez bu reallığı qəbul edəcək. Onlar nə qədər atılıb-düşsə də, atəşkəsi pozasa da, bəllidir ki, gücləri yoxdur, əvvəlki kimi havadarları tərəfindən dəstəklənmirlər. Bu prosesdə Türkiyə faktorunu unutmaq olmaz, regionda söz sahibidir və Azərbaycanı dəstəkləyir. Ən əsası, biz ermənilərin təxribatlarının qarşısını ağılla almalıyıq. Qətiyyən imkan verməməliyik ki, ermənipərəst qüvvələrin, müxalifətin bəzi fikirləri gündəmə çevrilsin. Çünki bu fikirlər birbaşa ermənilərin maraqlarına xidmət edir. Rusiya və İranla münasibətlərin soyumasına gətirib çıxaran fikirlər səsləndirmək düzgün deyil. Səbrlə gözləməliyik. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bilir, nəyi nə vaxt, necə etmək lazımdır. Ordumuz güclüdür, Ali Baş Komandanın əmrini gözləyir. Təbii ki, ermənilər “dəmir yumruğu” öz başlarında yenidən görmək istəmirlər. Ümid edirəm ki, ermənilərin təxribatlarının qarşısı qısa zamanda alınacaq. Ermənilər səmimi olaraq danışıqlara hazırdırlarsa, biz yaxın vaxtlarda sərhədlərin tanınmasının şahidi ola bilərik. Bir daha qeyd edirəm, prosesləri səbrlə izləməliyik, çalışmalıyıq ki, ermənilərin təxribatları nəticə verməsin. “Müxalifət” anlamalıdır ki, ümummilli məsələlərdə susmalı, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasəti dəstəkləməlidirlər”.

 

Kənan

Tarix: 12 Avqust 2021, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin