BURADA REKLAMINIZ OLA
BİLƏR

Alim gənclərə çağırış etdi: "Peşə seçiminə 30-50 il əvvəlki məzunların məntiqi ilə yanaşılmır"

Ağlımız kəsəndən eşitdiyimiz suallardan biri də bu olur: böyüyəndə kim olmaq istəyirsən? Yalan-doğru bir cavab tapıb veririk. Lakin böyüyəndən sonra bu suala yalan-doğru deyil, dəqiq cavab vermək tələb olunur. Müasir gənclik bu suala “qrupla” cavab verir, yəni ixtisas qruplarına görə. Buna arzusunu qruplaşdıran gənclik də deyə bilərik. Gənclərin həyatının bundan sonrakı mərhələsi bu qruplaşmadan çox asılıdır. Çünki bu, peşə seçiminə gedən ilk addımdır.

Texniki tərəqqinin sürətli inkişafı yeni peşələrin yaranması ilə yanaşı, ötən əsrdə ənənəvi sayılan bir çox peşələrin aradan çıxmasına və ya hibridləşməsinə səbəb olub. Bu tendensiya psixoloq və sosioloqların da diqqətindən qaçmayıb. Saratov Dövlət Tibb Universitetinin dosenti Yermolov komandası ilə bu aktual mövzu üzrə araşdırma aparıb. Nəticələr ümumilikdə bütün postsovet ölkələri üçün eyni dərəcədə aktualdır.

10-11-ci sinif şagirdləri arasında aparılmış sorğu göstərib ki, müasir gənclik peşə seçiminə 30-50 il əvvəlki məzunların məntiqi ilə yanaşmır.

Əvvəllər peşə seçimində peşənin nə qədər nüfuzlu olması nəzərə alınırdısa, indi bu seçimə “peşəm məni nə qədər varlı edəcək” prizmasından baxılır. Respondentlərin ümumən 75 faizi yuxarıda qeyd etdiyimiz kimi peşənin gəlirliliyini hesaba alaraq, şəxsi bizneslərini qurmağa can atdıqlarını deyiblər. Sorğu göstərib ki, gənclərin peşəkar elmə marağı son illərdə xeyli azalıb. Gənclər bunu elmə qoyulan investisiyanın azlığı ilə əsaslandırıblar. Peşəkar idmançı olmaq, hərbi və hüquq-mühafizə orqanı sıralarında xidmət etmək də tendensiyaya çevrilib. Populyarlığına görə sonrakı yerləri kimya-biologiya (tibb ixtisası) ixtisası, coğrafiya və geologiya (təbii ehtiyatların istismarı) və pedaqogika sahələri tutur. Fizik, riyaziyyatçı, tarixçi kimi ixtisaslar məzunlar arasında ən az maraq göstərilən sahələr sırasındadır. Səbəb – gəlirin az olması.

Qayıdaq bizim gənclərin ixtisas seçiminə. Xaricdə təhsil almaq üçün nəzərdə tutulmuş dil biliklərini təsdiq edən imtahanlara köklənmələri, dövrün tələbinə çevrilən biznesin idarə olunması, beynəlxalq münasibətlər, kompüter-proqramçılığı prioritet olaraq qalır. Bu seçim qənaətbəxş sayılsa da, indi daha çox ehtiyacımız olan coğrafiya, fizika, memarlıq, mexanika və qida mühəndisliyi kimi sahələri seçən gənclərin sayı azalmaqdadır.

Düzdür, ixtisas seçimi zamanı on illər sonranın əmək bazarı nəzərdə tutulmalıdır, amma unutmayaq ki, hər bir ölkənin güclü geoloqa, arxeoloqa, tarixçiyə də ehtiyacı var. Mühüm olan isə seçdiyin peşənin mütəxəssisi olmaqdır. Necə deyərlər, pis ixtisas yoxdur, pis mütəxəssis var.

Bənövşə Məmmədova,

filologiya üzrə fəlsəfə doktoru

Tarix: 19 Avqust 2021, 00:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin