BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şuşalılar isə təbiətin bu şıltaqlığına məhəl qoymadan uşaqdan-böyüyə Cıdır düzünə axışırdı”

“İyirmi doqquz ildən sonra Vaqif Poeziya Günləri şairin doğma şəhərində yenidən təşkil olundu. Tədbirin açılışında Prezident İlham Əliyevin iştirakı və geniş məzmunlu nitqi bütövlükdə Azərbaycan ədəbiyyatına verilən çox dəyərli qiymət idi. Ölkə rəhbərinin 40 il əvvəl şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışında iştirakını xatırlatması məni də yenidən o günlərə qaytardı. Uzun illər keçməsinə baxmayaraq Ulu Öndərin iştirakı ilə keçirilmiş o tədbiri bu gün də olduğu kimi xatırlayıram”.

 

Pravda.az xəbər verir ki, bu fikirləri şair-publisist Əli Mahmud deyib: “Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışına hazırlıq görüldüyü bir vaxtda Mamayı məscidində “Poeziya evi” yaratmaq tapşırığı verilmişdi. Şuşa Abidələri Bərpa İdarəsinin rəisi İlham Fətəliyevin köməyilə qısa müddətdə məscid bərpa edildi, onun içərisi üçün avadanlıq, xalı-xalça alındı. Şərq Musiqi Alətləri fabrikində düzəldilmiş və milli naxışlarla bəzədilmiş əşyalar Poeziya evinə xüsusi gözəllik verir, tarixilik baxımından muzeyi xatırladırdı.

Nəhayət, şuşalıların böyük arzu və istəklə gözlədikləri gün gəldi. Dağlar qoynunda qərar tutmuş Şuşaya xalqımızın ümummilli lideri Heydər Əliyevin gəlişi şəhər əhalisi və qonaqlar tərəfindən böyük sevgi ilə qarşılandı. Axşamdan yağan gücü qar yolu bağlamışdı. Küçələrdən qar təmizlənsə də, əsən külək yenidən yolları ağ örpəyə bürümüşdü. Ulu öndər Heydər Əliyevin əyləşdiyi maşın “Bazar başı” meydanına qalxan yolda qarın çoxluğundan hərəkət edə bilmədi. Lakin yerli sakinlər onun əyləşdiyi maşını bir anın içində qarlı yoldan çıxararaq Mədəniyyət evinin qarşısına gətirdilər. Eyni vəziyyət Cıdır düzünə qalxan yolda da təkrar olundu.

 

Çovğun güclənir, qar kəsmək bilmirdi. Şuşalılar isə təbiətin bu şıltaqlığına məhəl qoymadan uşaqdan-böyüyə Cıdır düzünə axışırdı. Dahi şəxsiyyətlə birlikdə respublikanın tanınmış ziyalıları - şair və yazıçıları, ədəbiyyat və incəsənət xadimləri də şəhərə təşrif gətirmişdi.

 

Cıdır düzündə Molla Pənah Vaqifin uyuduğu məzarın üstündə 25 metr hündürlükdə, ağ mərmərdən ucaldılmış məqbərə öz əzəməti ilə hamını heyran qoymuşdu. Ulu öndərin ailə üzvləri ilə Şuşaya gəlişi şuşalıların qəlbində böyük sevinc və sevgi hissi oyatmışdı. Havanın sərtliyinə baxmayaraq, ağsaqqallar, ağbirçəklər, ziyalılar, məktəblilər, hətta azyaşlılar da məqbərənin önünə toplanmışdı. Tədbirdə iştirak etmək üçün Ağdam, Laçın, Kəlbəcər, Ağcabədi, Tərtər, Bərdə, Füzuli və Qubadlıdan da çoxlu qonaqlar gəlmişdi.

 

Abidənin təntənəli açılış mərasimində Heydər Əliyevin və Azərbaycan ədəbiyyatının görkəmli simaları olan İsmayıl Şıxlı, Mirzə İbrahimov, Süleyman Rüstəm, Xəlil Rza, Söhrab Tahir, Nəbi Xəzri, Məmməd Araz, Anar, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı kimi tanınmış şair və yazıçıları ilə eyni tribunadan çıxış edəcəyimi əvvəlcədən bildiyimə görə həyəcanımı gizlədə bilmirdim. Lakin tədbir iştirakçıları qarşısındakı çıxışım, oxuduğum şeir hər zaman hörmət və qayğı gördüyüm Şuşa camaatı və toplaşanlar tərəfindən rəğbətlə qarşılandığına görə çox məmnun oldum.

 

Həmin gün dahi şəxsiyyətin Poeziya evinin açılışında iştirakı Şuşa, ümumən Qarabağ ədəbi mühitinə böyük diqqət və qayğının təzahürü idi. Yazıçı və şairlərin bir qrupu Heydər Əliyevlə birlikdə Poeziya evinə daxil oldular. Onlara qədim Şuşanın ədəbi mühiti, rəhbərlik etdiyim “Vaqif çeşməsi”, “Qönçələr” ədəbi birlikləri və qədim Mamayı məscidində yeni fəaliyyətə başlayan Poeziya evi ilə əlaqədar arzu və istəklərimiz, planlarımız barədə məlumat verdim. Şuşada Vaqif Poeziya Günləri keçirilməsi barədə təklifim Ulu Öndərin xoşuna gəldi və üzünü yazıçılara tutub dedi: “İsmayıl, Mirzə, Bəxtiyar, Anar, eşitdinizmi bu cavan oğlanın təklifini? Yayda Cıdır düzündə, açıq havada “Vaqif poeziya bayramı” keçirərik, söz verirəm, mən özüm də həmin bayramda iştirak edəcəyəm”.

 

Onu deyim ki, Cıdır düzündə Vaqif Poeziya Günləri keçirilməsi barədə təklifi Heydər Əliyevin razılıqla qarşılaması və elə oradaca Yazıçılar Birliyinin rəhbərliyinə bu barədə tapşırıq verməsi 1982-ci ilin yayından başlayaraq, hər il Şuşada həmin tədbirin keçirilməsi ənənə halını aldı. Lakin mənfur qonşularımızın Şuşanı işğal etməsi bu işi yarımçıq qoydu”.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müqəddəs Qarabağ torpağının işğalçılardan azad edilərək bu torpağın əbədi və əzəli sahiblərinə qaytarılması Şuşa ilə bağlı arzuların yenidən çiçəklənməsinə səbəb olub. Şair-publisist deyib:

 

“Ötən il 44 gün davam edən Vətən müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm Zəfər dünya hərb tarixində yeni səhifə açan misilsiz qələbə olmaqla yanaşı, həm də ata vəsiyyətinə əməl olunması, ata arzusunun həyata keçirilməsi nümunəsidir. Bu, eyni zamanda, vədə sədaqətin, sözü bütövlüyün, qətiyyətin, mətinliyin, xalqına, dövlətinə, millətinə sonsuz sevginin ifadəsidir”.

 

Yenidən Vaqif Poeziya Günlərinin açılışında iştirakını ömrünə düşən ən böyük xoşbəxtlik payı hesab edən Əli Mahmud bu qələbəni xalqımıza bəxş edən Ali Baş Komandana və Azərbaycan əsgərinə minnətdarlığını bildirib.

 

Azərtac

Tarix: 31 Avqust 2021, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin