BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qızların qaşları sap kimi olan vaxtlardır, dostum dedi ki...”

Qızların qaşları sap kimi olan vaxtlardır, tələbəlikdir. Dostum dedi ki, gedək bağımızda bir gün qalaq, maşın səndən, bağ məndən, hərə öz tanış saplısını götürsün, dedim, davay.

 

Danışdıq ki, adama 10 rubldan da atışaq ki, yoldan kabab-zad alarıq, ac qarnına nə məhəbbət?

 

O vaxtlar bir “Jiquli”m var idi, “nol” üç, ağ rəngdə, maqnitafonu-filanı, sadəcə, akkumlyatoru “yatmışdı”, fikirləşirdim ki, ayın axırına qədər bir təhər keçinim, sonra təqaüdümü alaram, biraz da evdə mamadan dilənərəm, təzəsini alıb qoyaram üstünə.

 

Ona görə gecə maşını “spusk”da saxlayırdım ki, səhər tormozdan çıxarıb xodlayım onu. Sonra akkumlyator özünə gəlirdi və bütün günü yola verirdi məni.

 

Xülasə, mindik maşına, baqajda saplıları mərhəmətli etmək üçün şampan, kefimiz kök, başgicəlləndirici gözləntilər, qoymuşam üstünə.

 

Elə təzəcə şəhərdən kəndlər tərəfə çıxırdıq ki, birdən başım qarışdı güzgüdən gördüyüm qaşlara və svetoforu qırmızı işıqda keçdim.

 

Gizlətmədən deyim ki, “QAİ” elə o zamanlar da yerdən qəflətən peyda olmağı yaxşı bacarırdı, gördük arxadan viu-viu səs gəldi ki, sağa ver, saxla.

 

Xatırladım ki, qabağlar “QAİ”lərin həm də 3 təkərli motoskletləri var idi, kolyaskalı... Adamı olmayan inspektorlara onlardan veridilər, 60-dan yuxarı sürəndə bağrı çatlayırdı motosiklın, sola qəfil “pavarot” verəndə isə düşürdü yerə təpəsi üstə.

 

Yəni Jiquli ilə yarışmada onun udmaq şansları peyvəndin məlum xəstəliyə üstün gəlmək kimi sıfıra bərabər idi, bəlkə də minusa gedərdi.

 

Dostum dedi ki, artıq magistral başlayır, gəl çıxaq aradan, bas qaza.

 

Fikirləşdim ki, başqa vaxt 5 rublla qurtara bilərdimsə, indi inspektor saplıların bretelkalarını görsə, 10 rubldan aşağı almayacaq.

 

Biz isə ona 10 rubl versək gərək kababsız qalaq, belə də dərd olar?

 

Xülasə, iki ayağımı dirədim pedala və güllə kimi aralandıq “QAİ”dən.

 

Bəh, hamı sevinir, ura-ura, kak mı yivo nakaloli filan, olmuşam gecənin qəhramanı, motosikletdən fərqli olaraq şanslarım artıb və birdən “xalastoy”a verib benzini ekonomiya etmək istəyəndə, motor söndü.

 

Qardaş, söndü e, söhbətin şirin yerində!

 

Eh, rəngimiz ağardı, maşında düşdük panika. Gender bərabərliyinin başına bir daş, qızlar qoşulublar bizə, itələyib xodlamaq istəyirik, amma akkumlyator deyir ki, yox e, variant yoxdur, kişinin sözü bir olar, mən vse.

 

Elə təzəcə günahkar axtarıb daxili qırğınlara start verirdik ki, “QAİ” yaxınlaşdı, motosikl “pırt-pırt” edib dayandı və inspektor üzünü mənə tutub çox mehribancasına soruşdu - Qaqaş, kömək lazım deyil?

 

Xülasə, nə başınızı ağradım, o axşam kababın da üzünə həsrət qaldıq, həm özünüz bilirsiniz nəyin, amma sözüm onda yox.

 

Nəyi soruşacağdım, o düz söhbətdir ki, məktəblərin bağlanmasına çağıranların mətktəbdə oxuyanları yoxdur?

 

Azər Qərib

Tarix: 2 Sentyabr 2021, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin