BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda təcili tibbi yardım briqadasının işçiləri təhqir edildi

Mingəçevirdə Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası təhqir edilib

Pravda.az-ın xəbərinə görə, hadisə Günəşli yaşayış massivindəki 15-ci küçədə baş verib. 

Həkim Şərafət Mirzəyevanın rəhbərliyi ilə həmin küçədəki fərdi təsərrüfatlardan birinə çağırışa gələn briqada səbəbsiz yerə təhqir olunub. Onların qarşısına çıxan kişi  briqada üzvlərinə təhqiramiz və təhdid dolu ifadələrlə yanaşı,  heyət üzvü Ramiz Məmmədova fiziki güc tətbiq edib.

Stansiyanın növbətçi cavabdeh həkimi Rəhim Quliyev həmin şəxsin guya briqadanın çağırış yerinə gec gəlməsini əsas tutaraq bu addımı atdığını deyib. 

Onun sözlərinə görə, təcili yardım xidməti  hər zaman olduğu kimi, bu dəfə də ən qısa zaman çərçivəsində çağırış yerinə yetişib: “Hətta bir neçə dəqiqə məsafə səbəbindən ləngimə olsa belə, həkimlərə qarşı növbəti aqressivlik başadüşülən və qəbul edilən deyil. Bu barədə aidiyyati qurumlar dərhal məlumatlandırılıb”.

Baş vermiş hadisəyə münasibət bildirən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov bunun  Təcili Tibbi Yardım Xidməti əməkdaşlarının  rastlaşdığı heç də ilk hadisə olmadığını deyib: “Etiraf edim ki, son aylar ərzində briqadalarımız gücləndirilmiş iş rejimində çalışır. Onun da əsas səbəbi bəzi vətəndaşların  tibbi sığorta xidmətinin yaratdığı imkanlardan  məqsədyönsüz şəkildə yararlanmaq istəyi ilə bağlıdır. Əslində bu xidmət ən ağır durumda olan vətəndaşlara yardım edilməsi üçün nəzərdə tutulub. Amma gələn çağırışlar adi baş ağrısı, hər kəsin öyrəncəli olduğu təzyiq oynaması və digər bu kimi lüzumsuz hallarla bağlı olur. Bu minvalla gündəlik çağırışlar əvvəlki dönəmlərlə müqayisədə  4 dəfə artmış durumdadır. Səbəbsiz çağırışlar olsa belə, həkim briqadası çağırış yerinə gedir, amma bu əlavə vaxt itkisinə səbəb olur ki, bundan da ilk növbədə yardıma daha çox ehtiyacı olanlar zərər çəkir”. 

Eldar Kərimovun məlumatına görə, çağırışlar üzrə aparılan təhlilə əsasən, bir qrup vətəndaş daimi olaraq səbəbsiz zənglərlə tibb işçilərinin xidmətindən yararlanmağa  səy göstərir: “Eyni ünvan, eyni şəxslər. Hansılar ki, təcili yardıma deyil, adi vaxtlarda normal müayinələr üçün aidiyyəti şöbələrə müraciət etməlidirlər. Bu səbəbdən də  həmin ünvanlara  ailə həkimlərinin təhkim olunması qərara alınıb. Onlar həm də vətəndaşların aqressiv davranışlarının psixoloji problemlərlə bağlı olub-olmadığını öyrənməyə çalışacaq. Belə hallar müəyyən olunarsa, həmin ünvanlardan gələn çağırışlara xidmət göstərilməyəcək. Çünki onların məsuliyyətsizliyi daha ağır durumda olan xəstələrin haqlı narazılığına yol açır”.APA

Tarix: 4 Fevral 2020, 00:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin